Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:00

Dağlıq Qarabağ haqqında film Moskva Kinofestivalından çıxarılıb


Filmin afişası
Filmin afişası

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, oktyabrın 1-də başlanan Moskva Beynəlxalq Kinofestivalının təşkilatıçıları Ermənistan kinorejissoru Civan Avetisyanın “Cənnət qapıları” filminin nümayişini festivalın müsabiqədənkənar proqramından çıxarıb.

Bu barədə məlumatı “Exo Moskvı” radiosuna festivalın proqram direktoru Kirill Rzaloqov verib.

O qeyd edib ki, bu qərar Dağlıq Qarabağ regionunda vəziyyətin kəskinləşməsi ilə bağlı verilib.

Rzaloqovun sözlərinə görə bundan əvvəl filmin festivaldan çıxarılmasını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tələb etmişdi.

Avetisyan özünün Facebook səhifəsində filmin festivala qaytarılmasını tələb edən şərhə cavab olaraq yazıb:

“Biz çətin zamanda yaşayırıq. Cəbhədə qəddar mübarizə gedir və mən təşəkkür edirəm ki, siyasəti incəsənətdən ayıra bilən insanlar var. Onlar üçün kinematoqrafda və dünyada sülh çox mühümdür”.

Bu da qeyd olunur ki, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçının qızı” filmi festivalda saxlanıb.

Film bir neçə ölkənin birgə istehsalıdır

Avetisyana gəlincə, onun Qarabağ münaqişəsi zamanı üç yeniyetmənin həyatından bəhs edən “Tevanik” filmi də daxil bir neçə filmləri beynəlxalq festivallarda mükafatlar alıb.

“Cənnət qapıları” filmində də Dağlıq Qarabağda baş verən hadisələrdən bəhs olunur.

2016-cı ilin döyüşlərini əks etdirən filmin əsas qəhrəmanı, alman jurnalist Robert Stendal çox illərdən sonra müharibədən bəhs etmək üçün regiona qayıdır.

O bundan əvvəl Qarabağda 22 il il əvvəl, 1994-cü ilin atəşkəs razılaşmasından əvvəl olmuşdu.

O təhqiqat aparır və bu zaman tanış olduğu opera müğənnisi Sofiya ilə tanış olur.

Onlar bir-birlərinə vurulurlar. Lakin jurnalist tezliklə xəbər tutur ki, onun sevgilisi 1992-ci ildə əsir alındıqdan sonra itkin düşmüş fotomüxbir Edqar Martirosyanın qızıdır.

Stendal o vaxt Martirosyanın fotolarını öz şəkilləri kimi təqdim etsə də, Edqarın əsirlikdən çıxarılmasına çalışmamışdı.

Film bir neçə ölkənin birgə istehsalıdır. Onun çəkilişində Ermənistandan başqa Almaniya, Çexiya, Avstriya, İtaliya və başqa ölkələr iştirak ediblər.

Baş rollarda skripkaçı və dirijor Vladimir Spivakovun qızı Tatyana Spivakova və Amerika aktrisası Naira Zakaryan çıxış edirlər.

Rusiya kino tənqidçilərindən Yeqor Belikov “Exo Moskvı” radiosuna deyib ki, “Cənnət qapıları” filmini bu festivalda göstərmək olardı, çünki film antimüharibə mövzusunda çəkilib.

Moskva Kinofestivalı oktyabrın 8-dək davam edəcək.

XS
SM
MD
LG