Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:29

Deputat: 'Əgər hakimiyyətlə danışıq, dialoq olsaydı...'


Prezident Administrasiyası
Prezident Administrasiyası

Azərbaycanda son aylar yenidən siyasi məhbus sayılan şəxslərin sayının artdığı bildirilir. Bu barədə danışan hüquq müdafiəçiləri Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin mühafizəçilərinin müxtəlif ittihamlarla həbsinin üzərində dayanırlar.

Siyasi Məhbus Ailələrinin Hüquqlarını Müdafiə Komitəsinin Koordinatoru Namizəd Səfərovun AzadlıqRadiosuna deməsinə görə, siyasi məhbus məsələsi artıq 25 ildən çoxdur ki, Azərbaycan siyasi səhnəsində özünə yer edib. Onun sözlərinə görə, bu məsələ Qərbin daim diqqətindədir, amma Azərbaycanda siyasi məhbus məsələsi qalmaqda və getdikcə də genişlənməkdə davam edir: "Bəzən iqtidar cəzasının bitməsinə bir neçə ay qalmış 3-5 nəfər siyasi məhbusu azad edir, sonra buraxdığı 5 nəfərin əvəzinə 15 nəfəri siyasi motivlərlə həbsə alır".

N.Səfərov
N.Səfərov

"Avropada ən yüksək "nəticə"lərdən biri"

O deyib ki, hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, ölkədə siyasi məhbus sayı 150 civarındadır, amma bu rəqəm reallığı qətiyyən əks etdirmir: "Hətta bu siyahı belə, adambaşına düşən siyasi məhbus sayına görə Avropada ən yüksək "nəticə"lərdən biridir".

N.Səfərov vurğulayıb ki, hətta koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin (martın 24-dən elan edilib) dövründə də Milli Şura və AXCP fəallarının siyasi motivli həbsləri, inzibati cəza almaları davam edib. Onun fikrincə, belə davranış Avropanın aidiyyəti qurumları ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir edir.

Çıxış yoluna gəlincə, hüquqşünas hesab edir ki, məsələnin həlli siyasi iradədən keçir: "Odur ki, hakimiyyət ölkənin milli maraqları naminə siyasi motivlə həbs olunanları azad etməlidir".

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da deyib ki, siyasi məhbus məsələsi ilə məşğul olan qurumlar vaxtaşırı siyahı və hesabatları yeniləyirlər: "Bizim təşkilat da iki ilə yaxındır ki, fərdi qaydada sənədləri hazırlayır. Həmin sənədləri Azərbaycanın üzv olduğu, qarşısında öhdəliklər götürdüyü beynəlxalq təşkilatlara da göndəririk".

R.Cəfərov
R.Cəfərov

R.Cəfərov əlavə edib ki, Kamran Əliyev bu il Azərbaycanda baş prokuror təyin edildikdən sonra ona müraciət ünvanlayaraq siyasi məhbus məsələsini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Klub rəhbəri deyib ki, eyni zamanda, bu məsələ ilə bağlı məlumatlar Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərinə və insan haqları üzrə komissara da göndərilir.

"Uzun müddət siyasi motivli həbslər yox idi"

Hüquq müdafiəçisi təəssüflə qeyd edib ki, bununla belə, siyasi məhbus problemi həll edilmək əvəzinə bir az da dərinləşir: "Uzun müddət idi ki, siyasi motivli həbslər yox idi. Təəssüf ki, 2020-ci ilin mart ayında Tofiq Yaqublunun həbsi ilə bağlı buna son qoyuldu, T.Yaqubluya qarşı (xuliqanlıq ittihamı ilə) cinayət işi başlandı. Daha sonra bəzi şəxslər inzibati cəzalar aldılar, yəni siyasi motivli həbslər həyata keçirildi".

Saya gəlincə, R.Cəfərov deyib ki, uzun müddətdir siyasi məhbus sayı ölkədə 100-dən aşağı düşmür, hətta 2019-cu ildə əfv sərəncamı ilə 55 nəfərin azadlığa buraxılmasından sonra da 100-dən aşağıya düşmədi. Onun fikrincə də, problemin həlli siyasi iradədən keçir: "Birinci, siyasi motivli həbs nəticəsində azadlığını itirmiş şəxslər buraxılmalıdırlar. İkinci, belə həbslər həyata keçirilməməlidir".

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Rəsmilər isə ölkədə siyasi məhbusun olması fikrini bir elə də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına daxil edilən şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Amma vaxtilə həbsdə olan və siyasi məhbus sayılan Rəsul Cəfərov ilə ReAL Partiyasının sədri İlqar Məmmədova bu yaxınlarda kompensasiya ödənilməsi ilə bağlı Ali Məhkəmə qərar verib.

R.Nurullayev
R.Nurullayev

"Mübahisə mövzusu olub"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev də deyib ki, Azərbaycanda siyasi məhbus və onların siyahısı ilə bağlı məsələ həmişə mübahisə mövzusu olub, bu mübahisə indi də davam edir. R.Nurullayevə görə, Azərbaycanda siyasi motivlərlə tutulan şəxslərin olması hazırda şübhə doğurmur. Amma o, problemin həllin dialoqda görür: "Azərbaycanda dialoq mühiti yaradıldı. Bütün siyasi qüvvələri dialoqa dəvət edirdilər. Əsas da siyasi məhbus Milli Şuradan və Əli Kərimlinin rəhbərlik etdiyi siyasi təşkilatdan olur. Bunun üçün də əgər o danışıqlara, dialoqa getsəydi, siyasi məhbuslar məsələsini hakimiyyətlə müzakirə etsəydi, bu məsələlər həllini daha asan tapardı".

Onun fikrincə, məsələnin həlli yolu hakimiyyətlə danışıqların aparılmasından asılıdır.

Xatırlatma

Bu ilin əvvəlində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki partiya rəhbərləri ilə görüşü olub. Belə bir görüş iki partiya-Müsavat və AXCP ilə gerçəkləşməyib.

Müsavat rəhbərliyi açıqlamalarına görə, müraciət olanda görüş üçün onu öz qərargahlarını dəvət edib. AXCP-dən isə bildirildiyinə görə, deyiblər ki, dialoqun mövzusu olmalıdır. Onlar siyasi məhbus və bir sıra başqa məsələlərlə bağlı görüşüb müzakirə etməyə hazır olduqlarını vurğulayırlar. Sonradan onlarla görüş baş tutmayıb.

İndi rəsmilər AXCP-nin dialoq istəmədiyini deyir, qarşı tərəf isə vurğulayır ki, dialoqa hazırdırlar, imitasiya istəmirlər.

XS
SM
MD
LG