Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:00

Əli Kərimlinin mühafizəçisini bunda günahlandırırlar


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Baş Prokurorluğu bugün, mayın 19-da AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi barədə açıqlama yayıb.

Açıqlamada yazılıb ki, Azərbaycan Baş Prokurorluğu ilə Dövlət Təhlükəsizliyi Xidməti ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirirlər.

Açıqlamada hazırda Almaniyada siğınacaq alıb yaşayan Qabil Əmrah oğlu Məmmədovdan da bəhs edilir. İddiaya görə, o, Azərbaycanda 2015-2017-ci illərdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmədə şübhəli sayılır. Əlavə edilir ki, onun Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr var.

"… 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında… həmfikirlərinə müraciət edərək silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksəkvəzifəli şəxslərini,… qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib", - açıqlamada yazılıb.

İddiaya görə, onun bəzi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla pul göndərdiyinə də şübhə var. Rəsmi açıqlamaya görə, N.Əhmədovun da həmin pulu alıb və uydurma ünvanlar adı altında toplamaqla terrorçuluğu maliyyələşdirməsinə əsaslı şübhələr müəyyən edilib: "Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb".

Baş Prokurorluq
Baş Prokurorluq

Açıqlamaya görə, göstərilənlərlə əlaqədar hazırda barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışda olan Q.Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, onun Azərbaycana ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir: "Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Bu açıqlamaya, hələlik, Q.Məmmədovdan münasibət almaq mümkün olmayıb.

Amma N.Əhmədovun ittihami qəbul etmədiyi bildirilir. Bu barədə "Amerikanın səsi" radiosuna vəkil Əhməd Fərhadov məlumat verib. O, dövlət hesabına N.Əhmədovun müdafiəçisidir.

AXCP: "Terror məsələsini gündəmə gətirməklə..."

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qabil Məmmədov adlı şəxslə rəsmi və qeyri-rəsmi formada hər hansı əlaqəsi yoxdur".

Bunu isə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Baş Prokurorluğun yaydığı açıqlamaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təmsil etdiyi partiya öz fəaliyyətində daim dinc mübarizə yollarından istifadə edib: "Terror məsələsini gündəmə gətirməklə hakimiyyət Azərbaycanda siyasi partiyaların fəaliyyətinə qadağa qoymaq istəyir".

S.Həzi daha sonra da deyib: "Niyaməddin Əhmədov Qabil Məmmədovun həmyerlisi ola bilərlər, amma əlaqələri yoxdur".

Vəkil Niyaməddin Əhmədovla görüşmək istəyir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədov aprelin 16-da karantin qaydalarını pozma ittihamı ilə 1 aylıq inzibati həbs cəzası almışdı. Amma mayın 15-də inzibati həbs müddəti başa çatsa da, o, azadlığa qovuşmadı. AXCP-dən verilən məlumata görə, N Əhmədov indi də Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıb. Partiyadan bildirildiyinə görə, mayın 16-da Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin təqdimatına baxıb və N.Əhmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

"Siyasi qisasçılıqdır"-sədr müavini

AXCP sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, N.Əhmədovun həbsi və ona qarşı irəli sürülən ittiham ilk növbədə siyasi qisasçılıqdır: "Özü də birbaşa 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi aksiyada sona qədər AXCP sədri Əli Kərimli ilə bir yerdə olmasına görə hökumət tərəfindən cəzalandırılır. (Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamışdı. Aksiyada yüzlərcə şəxs saxlandı, onlardan bəzilərinə inzibati həbslər verildi-red). Onun uzun sürən siyasi fəaliyyəti yoxdur, çox sərt siyasi ritorikası da olmayıb, hərbi xidmətdən yeni qayıdıb. Adıçəkilən mitinqdə Ə.Kərimlini sonuna qədər qoruduğuna görə cəza alır". (Həmin aksiyada saxlanıb, buraxılan Əli Kərimli ona polisin işgəncə verdiyini açıqlamışdı. Rəsmi qurumlar isə bunu təkzib elədi-red).

S.Həzi
S.Həzi

"Hansı islahatdan söhbət gedir?"

S.Həzinin fikrincə, N.Əhmədovun öncə karantin rejimini pozma və polisin qanuni əmrinə tabe olmama ittihamı ilə 1 ay inzibati cəza alması, daha sonra da terroru maliyyələşdirməkdə günahlandırılması belə şübhəyə əsas verir ki, həmin ayda işgəncə nəticəsində bu məsələni onun boynuna qoymaq istəyiblər: "Hökumətin məqsədi inzibati cəza müddətində N.Əhmədovun boynuna bu ittihamı qoymaq, sonra məsələni üzə çıxarmaq olub. Bunun da bir aşkar oyun, qisasçılıq olması üzə çıxır. Pandemiya ilə mübarizə getdiyi, heç bir siyasi aktivliyin olmadığı bir vaxtda vətəndaş belə şərlənib həbs edilirsə, hansı islahatdan söhbət gedə bilər?".

S.Həzinin Əli Kərimlinin mühafizəçisinə (AXCP-dən bildirildiyinə görə, ictimai əsaslarla mühafizəçisi) işgəncə verilməsi ilə bağlı şübhəsinə, hələlik, hüquq-mühafizə orqanlarından və hakim Yeni Azərbaycan Partiyasından münasibət almaq mümkün olmayıb.

Amma AXCP bundan bir qədər əvvəl də N.Əhmədovun işgəncəyə məruz qalması ilə bağlı məlumatlar alındığını açıqlamışdı, onda Daxili İşlər Nazirliyindən bu, təkzib edilmişdi.

Azərbaycanda rəsmilər isə, bir qayda olaraq, insanların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs olunması haqqında deyilənləri qəbul etmirlər.

Z.Sadıqova
Z.Sadıqova

Apellyasiya şikayəti verilir- vəkil

N.Əhmədovun vəkili Zübeydə Sadıqova isə bildirib ki, hələ müdafiə etdiyi şəxs ilə görüşə bilməyib: "Amma həm onun həbsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 2020-ci il mayın 16-da qəbul edilmiş qərarından, həm də irəli sürülən ittihamla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət hazırlanır. Artıq N.Əhmədovla görüşmək üçün lazım olan sənədləri hazır etmişəm, belə görüş mayın 20-də ola bilər".

Z.Sadıqovanın deməsinə görə, N.Əhmədovla mayın 12-də Binəqədidəki Müvəqqəti Saxlanma Təcridxanasında görüşüb: "Mayın 14-ü ad günü olduğunu, mayın 15-i azadlığa çıxacağını deyirdi, özünü heç nədə təqsirli bilmirdi".

"Əgər faktlar varsa..."

Deputat Razi Nurullayev isə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, əgər işgəncə şikayəti və bunu sübut üçün faktlar varsa, mütləq şəkildə Ombudsmana müraciət etmək lazımdır.

R.Nurullayev əlavə edib ki, bu məsələ ilə bağlı parlamentin İnsan hüquqları komitəsinə də müraciət etmək mümkündür.

Xatırlatma

Aprelin 16-da AXCP üzvü N.Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.

AXCP onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirirdi. Partiyadan onun həbsdə işgəncələrə məruz qalması ilə bağlı məlumatlar aldıqlarını açıqlayıblar. Amma rəsmi qurumlar onun işgəncəyə məruz qalması ilə bağlı iddiaları təsdiqləməyiblər. Rəsmilərin vurğulamasına görə, ölkədə məhkəmələr müstəqildir və heç kim dinc siyasi fəaliyyətinə görə basqılara məruz qalmır.

N.Əhmədovun bir aylıq inzibati həbs müddəti mayın 15-də başa çatsa da, o, sərbəst buraxılmamışdı.

Martın 24-dən koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG