Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Gəncədə raket düşən evlərlə bağlı dələduzluq


Gəncədə dağılmış ev, 22 oktyabr, 2020-ci il
Gəncədə dağılmış ev, 22 oktyabr, 2020-ci il

2020-ci ilin oktyabrında Gəncəyə raket hücumu nəticəsində dağılan evlərin bərpası adıyla dələduzluq edildiyi iddia olunur. Bu ittihamla cinayət məsuliyyətinə cəlb olunan da elə həmin hadisə zamanı evi ziyan görənlərdən biridir.

63-yaşlı İrza Hüseynov Gəncə şəhəri, Aida İmanquliyeva (əvvəlki Muxtar Hacıyev) küçəsində yaşayan qonşusunu evini bərpa etdirmək adıyla pul alıb aldatmaqda təqsirləndirilir.

Cinayət işinin materiallarına əsasən, raket hücumu nəticəsində ziyan görən evlərin bərpası, təmirini dövlət qurumları növbəlilik prinsipi əsasında həyata keçirib. Həqiqət Məmmədova uzun müddət gözləsə də, onun evinin bərpasına başlanmayıb.

“Maddi durumum pis idi”

Təqsirləndirilən qonşusu məhkəmədə deyib ki, bu fürsətdən istifadə etmək qərarına gəlib. Qadına deyib ki, səlahiyyət sahiblərinə müəyyən ödəniş etmək lazımdır, bu halda, onun evinin bərpasını irəli salacaqlar:

“Heç yerdə işləmirdim, maddi durumum pis idi. Fikirləşirdim ki, onsuz da əvvəl-axır Həqiqətin də evini ya yenidən tikəcəklər, ya təmir eləyəcəklər. Ona görə ondan özüm üçün pul almaq qərarına gəldim”.

Hüseynov 2021-ci ilin iyulundan noyabrına qədər hissə-hissə olmaqla, ümumilikdə 11 min 550 manat pul alıb. Deyir ki, həmin vəsaitlərdən bir manat da kimsəyə verməyib, hamısını öz ehtiyaclarına xərcləyib.

Onun sözlərinə görə, qonşunun Rusiyada yaşayan Tərlan adlı qızı Azərbaycana qayıdandan sonra bir neçə dəfə onunla danışıb və anasını aldatmasından şübhələnib. O, verilən pulları geri tələb edib. Ardınca da anasıyla birlikdə polisə şikayət ediblər.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, vurduğu ziyanı tam ödədiyini – aldığı pulu qaytardığını söyləyib.

Zərərçəkmiş tərəf də verdikləri pulun qaytarıldığını təsdiqləyib və şikayətçi olmadıqlarını deyib.

1 il azadlığın məhdudlaşdırılması cəzası

Müharibədə raket hücumundan dağılan evləri bərpa etdirmək adıyla dələduzluqda ittiham olunan şəxsin işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan İrza Hüseynova məhkəmə mayın 12-də 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsib. Bu cəza altında olanlar üzərində elektron qolbaq gəzdirməli, yaşadığı şəhər və ya rayonu icazəsiz tərk etməməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evdən çıxmamalıdır.

2020-ci ilin 44 günlük 2-ci Qarabağ müharibəsi vaxtı Gəncəyə raket hücumlarında 26 dinc sakin həyatını itirib, azı 140 nəfər yaralanıb. Hücumlar nəticəsində 3 mindən çox obyektə ziyan dəydiyi bildirilir.

Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG