Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

İlqar Məmmədov həbsdə qaldı [video]


İlqar Məmmədov həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

İlqar Məmmədov həbsdə qaldı

Şəki Apelyasiya Məhkəməsi aprelin 29-da REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxış üzrə qərarını elan edib. Məhkəmə İlqar Məmmədovu azadlığa buraxmayıb.

Məhkəmə təkrar baxışı aprelin 22-də yekunlaşdıraraq müşavirəyə getmişdi. Ancaq qərarin elan edilməsini təxirə salmışdı. İlqar Məmmədovla Tofiq Yaqublunun vəkilləri onlara bəraət verilməsini tələb edirdilər. Məhkəmə aprelin 29-da verdiyi qərarla bu tələbləri əsaslı hesab etməyib.

İ. Məmmədovla T. Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ. Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

«Mən belə hal ilə heç vaxt rastlaşmamışam».

Vəkil Fuad Ağayev AzadlıqRadiosuna müsahibə verərkən
Vəkil Fuad Ağayev AzadlıqRadiosuna müsahibə verərkən

«Bu Avropa İnsan Haqları Məhkəməsinin qərarının əyalət məhkəməsi tərəfindən təftiş olunmasıdır».

Vəkil Fuad Ağayev bunu REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarını AzadlıqRadiosu-na dəyərləndirərkən deyib.

O qeyd edib ki, bu qərarı çox mənfi qəbul edir:

«Mən bu qərarı çox mənfi qəbul edirəm. Bu bir daha Azərbaycanda ədalət mühakiməsi anlayışının olmaması göstəricisidir. Bundan o yana yoxdur. Bu Avropa İnsan Haqları Məhkəməsinin qərarının əyalət məhkəməsi tərəfindən təftiş olunmasıdır. Mən belə hal ilə heç vaxt rastlaşmamışam».

REAL etiraz aksiyalarına başlaya bilər

«Bu qərar bir daha göstərdi ki, Azərbaycanın siyasi hakimiyyəti İlqar Məmmədovdan qorxur»

Azər Qasımlı, REAL hərəkatı
Azər Qasımlı, REAL hərəkatı

Bunu REAL hərəkatının sədr müavin Azər Qasımlı İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarını AzadlıqRadiosu-na dəyərləndirərkən deyib.

Onun deməsinə görə, yaxın günlərdə, hərəkat buna etiraz olaraq kütləvi aksiyalara başlaya bilər.

Tofiq Yaqublu isə qərara çox üzüldüyünü ifadə edib:

Tofiq Yaqublu, Şəki məhkəməsinin qarşısında, 29.04.2016
Tofiq Yaqublu, Şəki məhkəməsinin qarşısında, 29.04.2016

«Bu qədər yalan olmaz. Bu boyda təmtəraqlı məhkəmə binası tikiblər. Onun içində zərrə qədər ədalət yoxdursa, bu boyda bina nəyimizə lazımdır? Bizi olmayan bir şey üzrə məhkum ediblər. Avropa Məhkəməsi, Nazirlər Komitəsinin qərarları olub. Yenə də azadlıqğa buraxmadılar» - deyən T. Yaqublu bu işdə ölkə başçısının şəxsi qəzəbinin hakim rolunda çıxış etdiyini vurğulayıb.

Jagland İlqar Məmmədova görə bəyanat verdi

Thorbjorn Jagland
Thorbjorn Jagland

İlqar Məmmədovun həbsdə qalmasıyla bağlı məhkəmə qərarı «dərin narahatlıq» yaradır. Bu bəyanatla aprelin 29-da Avropa Şurasının Baş katibi Thorborn Jagland çıxış edib.

Bəyanatda deyilir:

«Azərbaycan məhkəmələri bir daha Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrası öhdəliyinə sayğısızlıq göstərdi. Strasburq məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədov 3 ildir həbsdədir. Məhkəmə ona qarşı cinayət təqibinin siyasi motivli olması və hökuməti tənqid etdiyinə görə cəzalandırılması barədə qərar çıxarmışdı. Qüsurlu hökmlə insanı azadlığından məhrum etmək Avropada qurduğumuz insan haqları sisteminə hücumdur».

«Konstitusiyanın təminatçısı olan Prezident İlham Əliyevi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərinin icrasını təmin etməyə çağırıram».

Bir müddət əvvəl Thorborn Jagland Azərbaycanın Avropa Konvensiyasını necə icra etməsi üzrə araşdırma başlatmışdı. Səbəb də elə Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra etməməsi göstərilirdi.

- - - - - - - - - - - -

Ötən ilin noyabrında AİHM T. Yaqublunun şikayətini təmin edib.

İ. Məmmədov və T. Yaqublu ittiham olunmalarını uydurma və siyasi motivli sayıblar.

«Amnesty International» onların hər ikisini vicdan məhbusu elan etmişdi.

Tofiq Yaqublu prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb.

O, da bəraət istəyirdi.

Həmçinin AzadlıqRadiosu Youtube Kanalında bizi izləyin:

XS
SM
MD
LG