Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:55

İmpiçment araşdırması şahidlərinin ifadələrinin açqılanmasına başlanıb


Marie Yovanovitch
Marie Yovanovitch

ABŞ Konqresinin Nümayəndələr Palatasının prezident Donald Trump-a qarşı impiçment araşdırması aparan komitələri noyabrın 4-də bu təhqiqata verilən şahid ifadələrinin mətnlərinin açıqlanmasına başlayıb.

Dinləmələr bağlı qapılar arxasında aparılır. Lakin ötən həftə Nümayəndələr Palatası impiçment araşdırmasının aparılması qaydalarına dair səsvermə keçiriblər. Bu qətnamədə şahid ifadələrinin stenoqramlarının çapı nəzərdə tutulub.

İlk olaraq ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in və dövlət katibi Mike Pompeonun keçmiş baş müşaviri Michael McKinley-nin ifadələri dərc edilib.

Bundan əvvəl keçmiş səfir Marie Yovanovitch-in Konqres ifadəsindən əvvəl giriş çıxışında dedikləri məlum idi.

O bu giriş sözündə demişdi ki, bu ilin yazında səfir postundan geri çağırılmasının səbəbini Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin onu prezidentin gözündən salmasında görür.

İfadəsinin yenicə dərc olunmuş hissəsində isə Marie Yovanovitch Giuliani-nin Ukrayna siyasətçiləri ilə əlaqələrinə dair suallara cavab verir.

Keçmiş səfir iddia edir ki, Trump-ın şəxsi vəkili artıq ən geci 2018-ci ildən başlayaraq keçmiş vise-prezident Joe Biden-in oğluna qarşı cinayət işinin açılmasına nail olmağa çalışıb. Biden potensial olaraq 2020-ci ilin prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

Marie Yovanovitch ehtimal etdiyini bildirib ki, keçmiş baş prokuror Yury Lutsenko da daxil bəzi Ukrayna rəsmiləri Trump-ın keçmiş prezident Petro Poroshenko-ya xoş münasibətinə nail olmaq məqsədilə Giuliani-nin ricasını yerinə yetirməyə hazır idilər.

Arsen Avakov xəbərdarlıq edibmiş

Xanım Yovanovitch bunu da bildirib ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov 2019-cu ilin fevralında onu Giuliani-nin adamlarının fəaliyyətindən xəbərdar edib.

Nazir bildirib ki, Parnas və Fruman soyadlı iki nəfər Giuliani ilə Lutsenko arasında görüşün vasitəçiliyini ediblər, habelə səfirin işdən azad edilməsinə nail olmaq üçün lobbiçilik işi aparıblar.

Ötən ay sözü gedən Igor Fruman və Lev Parnas Donald Trump-ın seçki kampaniyasının maliyyələşdirilməsi zamanı qanunu pozmaqda ittiham edilərək həbs olunublar.

Prezident Volodymyr Zelenskiy (sağda) və daxili işlər naziri Arsen Avakov
Prezident Volodymyr Zelenskiy (sağda) və daxili işlər naziri Arsen Avakov

Marie Yovanovitch bunu da iddia edib ki, Giuliani ABŞ-ın Kiyevdəki səfirliyinin Ukraynanın keçmiş baş prokuroru Viktor Shokin-ə viza verməkdən imtina etməsini bildikdən sonra Ağ Ev vasitəsilə səfirliyin bu qərarının ləğvinə çalışıb.

Bundan əvvəl baş prokuror Shokin-in istefa verməsinə Biden çalışmışdı.

Shokin-in iddiasına görə Biden bunu öz oğlunu cinayət məsuliyyətindən qurtarmaq üçün edirdi.

Marie Yovanovitch deyib ki, Shokin korrupsiyaya bulaşmış şəxs idi.

Keçmiş səfir özünün vəzifəsindən çıxarılması şəraiti barədə də danışıb.

O bildirib ki, heç bir qaydanı pozmadığına baxmayaraq Dövlət Departamenti onu lazımınca müdafiə etməyib.

Trump-ı tərifləmək məsləhəti

Marie Yovanovitch iddia edib ki, impiçment araşdırmasının şahidlərindən biri olan və hazırda ABŞ-ın Avropa İttifaqındakı səfiri funksiyasını yerinə yetirən Gordon Sondland Giuliani ilə birlikdə Ukrayna rəhbərliyini Biden-ə qarşı təhqiqata başlamağa təhrik edirdilər.

Səfir bildirib ki, Sondland ona vəzifədə qalmaq üçün “prezident Trump-ı tərifləməyi” məsləhət görüb.

Marie Yovanovitch-in sözlərinə görə, o Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətinin məzmunundan dəhşətə gəlib. Bu telefon söhbəti iyulun 25-də yer alıb.

Keçmiş səfir deyib ki, ABŞ səfirliyində Zelenskiy-nin siyasi ambisiyalarının ciddiliyini artıq 2018-ci ilin yayında başa düşmüşdülər. O elə həmin vaxtlarda Zelenskiy ilə ilk dəfə görüşdüyünü deyib.

2019-cu ilin fevralında ABŞ səfirliyində Zelenskiy-nin Ukrayna prezidenti olacağına artıq demək olar əmin idilər.

Marie Yovanovitch deyib ki, Poroshenko “mürəkkəb adam” olsa da, onun vaxtında bütün əvvəlki prezidentlərin dövründə olduğundan daha çox islahatlar həyata keçirilib.

Keçmiş səfir əlavə edib ki, son illərdə islahatların sürəti azalmışdı.

Misli görünməmiş hadisə

Pompeonun bu dinləmədən az əvvəl istefa vermiş keçmiş baş müşaviri Michael McKinleyifadəsində deyib ki, Marie Yovanovitch-in vəzifəsindən azad edilməsi misli görünməmiş hadisə idi.

O bidlriib ki, Dövlət Departamenti keçmiş səfiri müdafiə etməliydi. McKinley bunu da deyib ki, dövlət katibi onun keçmiş səfirin müdafiəsinə yazdığı məktubu təsdiq etməyib.

Nümayəndələr Palatası hazırda Trump-ın impiçment araşdrıması ilə bağlı onun iyulda ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə etdiyi telefon söhbətini təhqiq edir.

Trump həmin söhbətdə keçmiş vise-prezident Joe Biden barədə təhqiqat aparılmasını istəyirdi. Biden 2020-ci il seçkisində demokratlardan namizəd olmağa iddialıdır.

XS
SM
MD
LG