Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

'Bizim kənd bu dəqiqə ölü kənddir'


İllüstrasiya
İllüstrasiya

“Keçməddindən keçmə”

"İnsanlar sosial problemlərdən boğaza yığılıb. Bir qarın çörək üçün hərə bir tərəfə qaçır. Kənd boşalır. Dağlıq yerdir deyə, əkinçiliklə məşğul ola bilmirik. Bircə heyvandarlıqdır, son daşqınlardan sonra o da əldən çıxdı".

Şamaxının Keçməddin kəndinin sakinləri AzadlıqRadiosu-na yaşayışlarından giley-güzar edirlər.

“ÇOX AİLƏLƏRİN NƏSLİ KƏSİLƏCƏK”

Keçməddin Şamaxı rayonunun Qalaybuğrut inzibati ərazi vahidliyində yerləşir. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir.

Sakin Mübariz İsmayılov deyir, kənddə işsizlik, kasıbçılıq tüğyan edir. Kəndlilərin durumu o qədər ağırdır ki, həm kəndin, həm də qonşu kəndlərin ərzaq mağazalarından götürdükləri ərzaqların pulunu ödəyə bilmirlər. Bu ilin mayında gələn sel isə kəndlilərin olan-qalan son ümidini də yuyub aparıb:

"Mayın 16-da kəndi sel basdı, mal-qara, bostanlar, meyvəliklər – hamısı məhv oldu. Bizim kənd bu dəqiqə ölü kənddir. Sakitlikdi, hərə bir tərəfdə acından qarnını tutub, sabaha salamat çıxıb-çıxmayacağını düşünür. Gənclər, necə deyərlər, dabanlarına tüpürüb, kənddən uzaqlaşıb. Onları da qınamalı deyil, yaşları ötür, həyatları gedir, heç nə edə bilmirlər. Ailə qurmağa da qorxurlar ki, yükünü çəkə bilməzlər. Bir sözlə, gənclərin evlənməməsi üzündən bir azdan bu kənddə çox ailələrin nəsli kəsiləcək".

Buna da bax: Əkin sahələri külə dönüb

“YAVAN ÇÖRƏYİ ZORLA TAPIRIQ”

Reyhan Səmədovanın iki qız övladı, iki nəvəsi var. İki inəyi, xeyli toyuğu varmış, qatıq, süd, yumurta satıb dolanırmış. 3 ay əvvəl gecəyarı gələn sel suları inəkləri, həyətdəki toyuq-cücələri, hinduşkaları, ot tayalarını, bostanı yuyub aparıb:

"Evdə bir dişləm qənd, bir ovuc çay yoxdur. Yavan çörəyi zorla tapırıq. Qızlarımın ikisi də Bakıda tibb texnikumunu, kürəkənlərimdən biri memarlığı, biri aqronomluğu oxuyub. Ortada illərini itiriblər. Bakıda iş tapa bilmədilər. O diplomlara görə eləcə, illərini itirdilər. Qayıdıb gəldilər kəndə ki, bir az heyvanların sayını artırıb dolansınlar. Olan-qalanı da sel apardı".

Kənddə hələ də seldən qəzalı vəziyyətə düşən və təmir-bərpa olunmayan evlər var.

Kəndin yolu və ictimai nəqliyyatı da yoxdur. İmkanı olanlar rayon mərkəzindəki bazara heyvan, ot daşımaq üçün UAZ alıb. Kənddə səhhəti pisləşən olanda həmin UAZ-larla mərkəzə aparılır. Lakin normal yol olmadığından bu, vaxt aparır və sakinlərinə deməsinə görə, əksər hallarda xəstə elə maşındaca keçinir.

Buna da bax: Yol kənarında təndir çörəyi satan Qarabağ veteranı

“KƏNDDƏN QAÇAN YOXDUR”

Şamaxının icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Keçməddindəki son daşqınla bağlı rayonun Fövqəladə Komissiyasının üzvləri zərərləri hesablayıb, qəzalı evləri siyahıya alıb. Lakin hazırda bu zərərləri aradan qaldırmağa vəsait yoxdur:

"Kənddən qaçan yoxdur, hamı yerindədir, problemlər də aradan qaldırılır. Təbii fəlakətdir, nə etmək olar? Hökumətə düşən fəsadları aradan qaldırmaqdır, əlimizdən gələni edirik".

Elə qurumdan kəndlilərə göndərilən məktubda da belə qeyd olunur: "... Problemləri həll etməyə vəsait yoxdur".

Kənddəki sosial durum daha bir neçə ailənin köçünü tutmasına səbəb olub. Problemlər həllini tapmasa, həmin ailələr qapıya qıfıl vurub Bakıya üz tutacağını bildirir.

Buna da bax: Zabrat gölü daşıb, evləri su basıb

Zabrat gölü daşıb, evləri su basıb
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00

XS
SM
MD
LG