Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:38

'60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'


Mənzil
Mənzil

«280 min manat ödəmişəm, 4 ildir mənzilin açarını mənə vermirlər. Bina çoxdan hazırdır. Ancaq hər dəfə bir bəhanə ilə açarları verməkdən imtina edirlər. İndi də öyrənmişik ki, bir-biriylə yola getməyən iki şərik şirkət aldığımız mənzilləri dədə malı kimi başqalarına da satıblar. Yəni, şirkətin biri başqa müştəriyə, o biri üstündən bir başqa müştəriyə satıb».

10 gündür ki, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazisinə adamlar toplaşır. Natiq Ələsgərovun AzadlıqRadiosuna deməsinə görə, buradakı hündürmərtəbəli binadan mənzil alsalar da, 10 ildən çoxdur ki, mənzillərinə köçə bilmirlər.

«ELƏ HƏMİN ŞİRKƏTİN TÖRƏMƏSİDİR»

N.Ələsgərov 8 il öncə həyat yoldaşının adına mənzil alıb. Ancaq şirkət açarları ev sahibinə təhvil-təslim etmir:

***Buna da bax-200 minlik evdə də pandus problemi olanda...

«İş orasındadır ki, ortada bir neçə şirkətin adı çəkilir. Mənimlə müqaviləni «İdeal-İ»MTK bağlayıb. Gedirik həmin şirkətə, deyirlər, «indi sizin evlərə «İdeal-İ» yox, «İdeal-V» şirkəti cavabdehdir, bizlik bir iş yoxdur». Bu «İdeal-V» nə şirkətdir, harada yerləşir, bilmirik. Deyilənə görə, elə «İdeal İ» şirkətinin törəməsidir. Sonra da ortaya bir «Alyans Z» MTK çıxdı, dedilər, iki şirkətin şəriki bir-birinə «atıb», qurduqları oyunlar da bizim başımızda sınıb».

İsmayıl Aslanlı isə 235 min manata aldığı evin açarlarını, çətinliklə də olsa, əldə edə bildiyini deyir. Ancaq deyir, bir ətək pul töküb aldığı mənzilə yaxın düşə bilmir:

«Deyirəm, evi təmir edib yığışmaq istəyirəm, deyirlər, «sabah orda bir yanğın çıxsa, sənlikdir». Yəni, bunlar məni bu başdan təxribata çəkirlər. Ailə üzvlərim də deyir, sabah biz orda təmir işlərinə başlasaq, başqalarına görk olsun deyə, özləri süni bir yanğın çıxarıb bizim üzərimizə atarlar, qalarıq şər-xatalarında... İndi başa düşmüşük ki, əslində, adamları belə qorxutmaqla evlərinə yaxın getməməklərinə nail olurlar. Səbəb də odur ki, eyni mənzillərin bir neçə sahibi var, heç biri də qorxudan yaxın gələ bilmir. Bu da şirkətlərin təzə oyunlarındandır».

ƏVVƏL DİNLƏYƏN VARMIŞ...

Demələrinə görə, dəfələrlə «İdeal-İ» MTK-nın elə ərazidəki ofisinə «hücum ediblər». Ancaq ofis işçiləri onlara «gedin, «İdeal-V»nin ofisini tapın, onlarla aydınlaşdırın» deyiblər.

***Buna da bax-4 ildir MTK-dan aldığı evin açarını əldə edə bilmir

Başqa payçı Paşa Nəcəflinin AzadlıqRadiosuna təqdim etdiyi sənəddə qeyd olunur ki, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə bina tikintisinə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamıyla icazə verilib. 2005-ci ilin martında «Alyans Z» MTK ilə «İdeal V» tikinti şirkəti arasında müştərək fəaliyyət müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə, «İdeal V» podratçı qismində «Alyans Z» MTK-nın sifarişi ilə öz vəsaiti hesabına binanın tikintisini aparıb. Lakin bu iki şirkət arasında mübahisənin yaranması məhkəməyə qədər uzanıb. «Alyans Z» MTK məhkəməyə təqdim etdiyi ərizədə «İdeal V» MTK-nın müqavilə şərtlərini pozduğunu iddia edib. Beləcə, məhkəmədə qarşı-qarşıya gələn iki şirkət bundan sonra hələ tikintisi başa çatmayan binadakı mənzilləri satmağa başlayıb. Mənzillərə görə iri pullar ödəmiş insanlar bundan xəbər tutanda şirkətlər günahı bir-birinin üzərinə yıxmağa başlayıb. Onların deməsinə görə, əvvəllər, heç olmasa, onları dinləyən varmış, iki aydan çoxdur ki, hara müraciət edəcəklərini bilmirlər.

«KİMLİKDİR?»

P.Nəcəfli:

«5 ildir ki, bina tikilib, mənzillərin açarları kimin cibindədir, bilmirik. Hara gedirik, o deyir, «mənlik deyil», bu deyir, «mənlik deyil». Bəs kimlikdir? Söhbət adamların 200-300 manat yox, 200-300 min manat pulundan gedir. İki aydan çoxdur ki, ortadan ümumiyyətlə, itiblər. Mən bu məsələnin ucbatından iki dəfə infarkt keçirmişəm. Zarafat gəlməsin, iki evimi satıb 250 min manat ödəmişəm ki, övladlarımın rahat gələcəyini təmin edim. Müvəqqəti kirayədə məskunlaşdıq ki, birtəhər dözək, bina hazır olsun, köçərik. Ancaq neçə ildir ki, zülm içində yaşamaqda davam edirik. 8 il əvvəl ödədiyim 250 min manat devalvasiyalardan sonra həmin vaxtın məzənnəsinin yanında qəpik-quruşa dönüb. Hesab edin ki, indi söhbət 250 min manatdan yox, 250 min dollardan gedir».

***Buna da bax-'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'

Binadakı 60 mənzilin 90 nəfərə satılması faktı üzə çıxandan sonra aldadılmış mənzil sahibləri «İdeal V» şirkətini məhkəməyə verib. Məhkəmə vətəndaşların iddiasını təmin edib. Bundan sonra açarlar onlara təqdim olunub. Bu ilin yanvarında açarları alan sakinlər evlərinə daxil olmaq istəyəndə binaya əsas giriş qapılarının bağlı olduğunu görüblər. P.Nəcəfli deyir, bu dəfə onlara binadakı işıq, su, qaz sisteminin hələ qurulmadığı bildirilib. Sakinlər bu işləri öz hesablarına görmək istədiklərini bildirdikdə isə şirkət razılaşmayıb. 6 aya yaxındır ki, sakinlər binanın qarşısına toplaşaraq içəri daxil olmağa cəhd edirlər. Binaya girişin əngəllənməsi onlarda müxtəlif şübhələr yaradıb.

EYNİ MƏNZİLLƏRİ MÜXTƏLİF ADAMLARA SATIB

«İdeal-İ» MMC-dən «Qaynar xətt»ə bildirilib ki, bu məsələlərə yalnız rəhbərlik münasibət bildirə bilər, o da ofisdə yoxdur:

«Ümumiyyətlə, bura «İdeal-İ» şirkətidir, siz «İdeal-V» ilə əlaqə saxlayın».

Qeyd edək ki, «İdeal – V» elə «İdeal-İ» MMC-nin törəməsidir.

Baş Prokurorluğun rəsmi saytında MMC rəhbəri barədə maraqlı məlumat yer alıb. Sayta yerləşdirilmiş məlumatda bildirilir ki, «İdeal-İ İnşaat» MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir. Məlumatda bildirilir ki, MMC rəhbəri Çingiz Məmmədov Xətai rayonu, Xocalı prospekti 29 saylı ünvanda MMC tərəfindən yeni tikilmiş binalardakı eyni mənzilləri müxtəlif adamlara satıb. Ona ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda 28 May küçəsindəki binanın qarşısına toplaşanlar da Baş Prokurorluğa müraciət etmək fikrinə düşüblər.

XS
SM
MD
LG