Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:59

230 min dollarlıq 'Ferrari işi'. 'AST Telman'ın adı hallanır


Ferrari
Ferrari

Azərbaycan əsilli işadamı, «AST Telman» kimi tanınan Telman İsmayılovun qohumu olduğunu deyən şəxs 230 min dollarlıq dələduzluqda və oğurluqda suçlanır. Təqsirləndirilən 33-yaşlı Vüqar Babayev özü dekabrın 13-də məhkəmədə işadamının qohumu olduğunu açıqlayıb.

33-yaşlı V.Babayev özünü qismən təqsirli bilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılan «Alten Group»un icraçı direktoru Elmar Geybatovu «Ferrari» markalı avtomobil almaq adıyla aldadıb. E.Geybatov maşından ötrü 230 min dollar pul versə də, nə «Ferrari» gəlib çıxıb, nə də pul qayıdıb.

«Yeni model çıxanda əvvəlkini satıb, yenisini alırdım»

V.Babayev bu məsələdə özünü qismən təqsirli bilir. Deyir ki, zərərçəkmişlə eyni binada yaşayıblar, onun bahalı maşınların həvəskarı olduğunu bilib və «Ferrari» almaq istədiyini söyləyib: «Mənim onu aldatmaq niyyətim olmayıb. Sadəcə, maşının sənədləşdirilməsində problem yarandı, bu iş alınmadı».

O, özünün bahalı maşın həvəskarı olmasından, sürdüyü avtomobillərdən danışıb. Deyib ki, maşınlarının qiyməti 200-500 min arası olub. «Maseratti», «Ferrari» kimi avtomobil markalarını sadalayıb.

Hakimlər ondan soruşub ki, bəs bu qiymətə avtomobilləri necə alırdı? O, heç yerdə işləmədiyini, babasının işadamı T.İsmayılovun qardaşı olduğunu söyləyib: «Mənim anam Telman İsmayılovun qardaşı Çingizin qızıdır. Mən hansısa maşını alırdım, bir müddət sürürdüm. Yeni model çıxanda əvvəlkini satıb, yenisini alırdım».

Dindirmədə məlum olub ki, V.Babayev Bakıda yaşadıqları mənzili də satıb, kirayə yaşamağa başlayıb. Elə kirayə yaşadığı evdəki məişət əşyalarını oğurlayıb satmaqda suçlanır. Amma o, oğurluq ittihamıyla razılaşmır. Deyir ki, sözügedən əşyaları (mikrodalğalı soba, qabyuyan maşın, televizor) istifadəyə yararlı olmadığına görə zibil qutusuna tullayıb.

V.Babayev CM-in 177 (oğurluq) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur. Bu ittihamlarla 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG