Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:07

General MTN-də saxlanılanlara xüsusi cihaz qoşulduğunu etiraf etdi


MTN işi
MTN işi

Həbsdə olan general, MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyevin mühakiməsi sentyabrın 22-də davam etdirilib. Adları çəkilən MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Məhkəmədən bildirilib ki, media nümayəndələrinin iştirakına qadağa qoyulub. Amma konkret səbəb göstərilməyib.

E.Quliyev özü də məhkəməsində yaşanan olayların, verilən ifadələrin yayılmasını istəmir. O, ötən məhkəmədə belə deyib: «Burada jurnalistlər yoxdursa, sözümü deyim».

«YALAN DANIŞDIĞINI BİLMƏK ÜÇÜN ONA APARAT QOŞDUQ»

AzadlıqRadiosuna verilən məlumata görə, məhkəmədə MTN ləğv olunana qədər orada çalışmış general-mayor Məzahir Yaqubov ifadə verib. O, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan, evinə silah atılmaqla qanunsuz həbs olunduğunu deyən Mətləb Mustafayevin MTN-də dindirilməsi haqda danışıb. Deyib ki, dindirmə zamanı Mustafayevin yalan danışıb-danışmadığını müəyyənləşdirmək üçün ona «poliqraf» adlanan cihaz qoşulub. Həmin cihaz ürək döyüntülərindən şəxsin söylədiklərinin yalan olub-olmadığını müəyyənləşdirir.

***Buna da bax-Məhkəmədə MTN generalının üzünə su atdılar

M.Yaqubov deyib ki, o zaman Mustafayevə bu cihaz nazirliyin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin (2015-ci ilin dekabrında təcridxanada intihar edib-red.) göstərişi ilə qoşulub:

«Bu əməliyyatda İlqar Əliyev də iştirak edirdi. Ürək döyüntülərindən hiss etdik ki, düz danışır».

Prokuror təqsirləndirilən generaldan soruşub ki, sözügedən cihazın istifadəsindən ötrü icazə tələb olunurdumu? E.Quliyev deyib ki, o aparatdan bütün dünyada istifadə olunur, təhlükəsi yoxdur. Amma gərək şəxsin özünün də razılığı olsun.

M.Yaqubov o zaman Mətləb Mustafayevin özünün də razılıq verdiyini desə də, zərərçəkmiş təkzib edib. Deyib ki, yalandır, onun razılığı olmadan cihazı qoşmuşdular:

«Mənim nə şifahi, nə də yazılı razılığım olub. Həmin vaxt mənə 80-ə qədər sual verildi, heç birinin silaha aidiyyəti yox idi. Tamam başqa şeyləri soruşurdular».

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

«GİZLİ DİNLƏMƏ ÜÇÜN MƏHKƏMƏ QƏRARLARI OLMURDU»

MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Təranə Həsənova da məhkəmədə dindirilib. O, müxtəlif adamların telefon danışıqlarının gizli dinlənilməsindən danışıb. Deyib ki, telefon danışıqlarının dinlənilməsi keçmiş nazir Eldar Mahmudovun göstərişi əsasında olurdu. Onun sözlərinə görə, nazir göstəriş verir, Əməliyyat-Texniki İdarənin rəisi Natəvan Mürvətova (hazırda ev dustağıdır və məhkəməsi gedir-red.) dərkənar qoyur və beləliklə də lazım olan adamların danışıqları dinlənilirdi. Şahid etiraf edib ki, gizli dinləmə üçün məhkəmə qərarları olmurdu.

Məhkəmə sentyabrın 25-də davam edəcək.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq telefon danışıqlarının dinlənilməsi və başqa əməllərdə suçlanır.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG