Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:29

'MTN işi'ndə 300 minlik təzminat tələbi


MTN bölündü...
Gözlə
Embed

No media source currently available

0:00 0:02:45 0:00

MTN bölündü...

Keçmiş MTN-çilərlə bağlı cinayət işindəki zərərçəkmişlər təkcə onların cəzalanması ilə razılaşmırlar, həm də vaxtilə onlardan alınmış pulların geri qaytarılmasını, həm də mənəvi ziyana görə təzminat ödənilməsini tələb edirlər. Məsələn, «Elite Travel» MMC-nin təsisçisi və direktoru Xalıq Sadıqov MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevdən 300 min istəyir. Zərərçəkmişin vəkili Adəm Məmmədov noyabrın 24-də generalın məhkəməsində bu tələblə çıxış edib.

«GENERAL TƏQSİRSİZDİR»

E.Quliyev və onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror E.Quliyevə 15, A.Mehdiyevə isə 13 il həbs cəzası verilməsini istəyib. Həmçinin, onların rütbələrdən məhrum edilməsini, üzərində həbs olan əmlaklarının müsadirə olunmasını, təqsirləndirilən şəxslərə qarşı istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də zərərçəkmişlərin qaldırdığı mülki iddiaların təmin olunmasını istəyib. DTX 7 milyonluq mülki iddia qaldırıb. İttihama görə, agentura şəbəkəsi, əməliyyatlar və s. məqsədlə büdcədən götürülmüş bu qədər vəsait mənimsənilib.

***Buna da bax-'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

Keçmiş MTN-çilərin noyabrın 24-də keçirilən məhkəməsinə media nümayəndələri buraxılmadığından AzadlıqRadiosu orada baş verənlərdən proses iştirakçısı olan zərərçəkmiş və vəkillər vasitəsilə xəbər tutub.

Vəkil A.Məmmədovun bildirdiyinə görə, hüquqlarını müdafiə etdiyi şəxs və digər zərərçəkmişlər prokurorun çıxışı ilə razılaşdıqlarını deyiblər, vaxtilə onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər.

Ardınca təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Generalın vəkili onun təqsirsiz olduğunu, ittihamların məhkəmədə sübuta yetirilmədiyini deyib. E.Quliyevə bəraət verilməsini, onun özünə və yaxınlarına məxsus əmlakların üzərində olan həbsin götürülməsini istəyib.

ELDAR MAHMUDOVUN GÖRÜŞ İSTƏYİ

Digər təqsirləndirilən A.Mehdiyevin vəkilinin çıxışı da eyni məzmunlu olub.

Məhkəmədə iştirak edən zərərçəkmişlərdən Mətləb Mustafayevin deməsinə görə, prosesdə E.Quliyev əsəbiləşib. Deyib ki, təqsiri olmadığı halda, iki ilə yaxındır həbsdədir. Vaxtilə qanunsuz silah saxlama ittihamı ilə həbs edilib iki il həbs cəzası almış, bu yaxınlarda isə haqqında bəraət hökmü çıxarılmış zərərçəkmiş M.Mustafayevlə bağlı məsələnin ona aidiyyəti olmadığını söyləyib. MTN generalının sözlərinə görə, bu həbs keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla Baş prokuror Zakir Qaralov arasında razılaşmadan sonra həyata keçirilib.

***Buna da bax-MTN generalının zərərçəkmişi üç ildən sonra bəraət aldı

«Eldar Mahmudov Zakir Qaralovla razılaşdı. Razılıq alınandan sonra onun mənzilinə tapança qoyuldu. Onun həbsinin sifarişini Eldar Mahmudov verib. Mətləb Mustafayevin istintaqını mən aparmamışam. Onun həbsini prokurorluq həyata keçirib, İstintaq Baş İdarəsi də istintaq hərəkətləri aparıb. İstintaqa mən yox, prokurorluq nəzarət edir», – zərərçəkmişin sözlərinə görə, MTN generalı belə deyib.

Zərərçəkmiş deyir ki, ötən məhkəmədə E.Quliyev çıxışında E.Mahmudovun onunla görüşmək istədiyini söyləyib:

«Çıxışında açıq şəkildə dedi ki, Eldar Mahmudov vəzifədən azad olunandan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin o razılaşmayıb. Elçin Quliyev həbsxanada intihar etmiş keçmiş müavini İlqar Əliyevdən də danışdı. Dedi ki, İlqar ona zəng edərək vəkil istəyib».

MTN generalı və işçisinin məhkəməsi noyabrın 27-də onların son sözü ilə davam edəcək.

XATIRLATMA

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Amma general ittihamları qəbul etmir və kimsədən hədə-qorxu ilə pul almadığını deyir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri E.Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG