Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:55

İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı


İlham Əliyev, Nazirlər Kabinetinin iclasında. 10yan2017
İlham Əliyev, Nazirlər Kabinetinin iclasında. 10yan2017

“Azərbaycanda çox qəribə tendensiya yaranıb, açılmış iş yerlərinin statistikası aparılır, amma nədənsə, bağlanmış iş yerlərinin statistikası aparılmır”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantısında uğurlardan, ölkənin “böhranlı vəziyyətdən şərəflə çıxmasından”, maaşların, pensiyaların artmasından danışıb.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosu-na müsahibəsində bu məsələləri şərh edib.

Buna da bax:​ İlham Əliyev: 'İki uzunqulağın arpasını bölə bilməyənlər...'

Natiq Cəfərli
Natiq Cəfərli

– Natiq bəy, İlham Əliyev deyir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyib, 37-ci pilləyə qalxıb. Və bunu “rekord göstərici” adlandırıb. Sizcə, bu “rekord göstərici” üçün Azərbaycan nəyə borcludur?

– Belə bir hesabat var və orda müxtəlif indikatorlar hesablanır. Əsas indikatorlardan biri ölkənin valyuta ehtiyatlarının xarici borca olan nisbətidir. Bu nisbətdə Azərbaycanda vəziyyət, hələlik, kritik həddə çatmayıb. Düzdür, borclanma getdikcə yüksəlir. Bu il də borclanma səviyyəsi artsa, gələn il Davos Forumunun reytinqində Azərbaycanın aşağı pilləyə düşmə ehtimalı da var. Orda əsas məsələlərdən biri də “Doing biznes” indikatorudur, yəni biznesə başlamaq üçün ilkin tələb olunan şərtlərdir. Burda da Azərbaycanın yaxşı göstəriciləri var, maksimum 3 gün ərzində hüquqi şəxsin şirkəti qeydiyyatdan keçir. Amma digər indikatorlar var ki, onlara görə Azərbaycan, hələlik, yaxşı yerlərdə deyil. Bu, tikintiyə başlamaq indikatorudur, ÜDM-nin həcmidir ki, burda dollar ekvivalentində yetərincə azalma müşahidə olunur. Yəni bu hesabatda Azərbaycanın irəlidə olmasının səbəbi valyuta ehtiyatlarımızın həcminin xaricə borca olan nisbətdə, hələlik, yaxşı yerdə qərar tutmasıdır. Ancaq başqa hesabatlar da var, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesabatlarında Azərbaycandakı struktur problemləri daha aşkar göstərilib. Hər iki qurumun hesabatında bank sisteminin ilişkiləri, ölkə iqtisadiyyatında xaricdən asılılıq, getdikcə kreditləşmənin risk yaratması haqda da məlumatlar var.

Natiq Cəfərli: 'Azərbaycanda çox qəribə tendensiya yaranıb...'
Gözlə

No media source currently available

0:00 0:00:11 0:00
Direct-ə keçid

Buna da bax: Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

– Siz Davos İqtisadi Forumunun hesabatından danışanda dediniz ki, Azərbaycanın valyuta ehtiyatlarının həcmi də göstəricilərə təsir edib. Amma yanvarın 10-da Azərbaycan Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard dollar köçürülmə edilməsi haqda qərar verildi. Bu qərarı necə izah edərdiniz?

– Həmin hesabat hazırlanarkən bu qərar yox idi. Bu qərar gələcək hesabatda öz əksini tapacaq. Bu qərarın da verilməsi məcburiyyətdən irəli gəlmişdi. Başqa çarə yox idi. Valyuta bazarına müdaxilə etməkdən, orda tənzimlənmə və stabillik yaratmaqdan ötrü hökumətin əlində məhdud sayda alətlər var. Yeganə mənbə, təəssüf ki, Dövlət Neft Fondunun valyuta ehtiyatlarıdır. Məcburiyyətdən bu addım atıldı. Bu addım atılmasaydı, il ərzində hərraclarda cəmi 4,1 milyard dollar satılacaqdı. Ancaq son qərardan sonra 4,1 milyard dollar yox, hərraclara təxminən iki dəfə çox, 8,2 milyard dollar çıxarılacaq. Bu da vəziyyəti nisbətən sabitləşdirəcək. Başqa yol yox idi. Bu “çox pis seçim”lə “pis seçim” arasında seçmək məcburiyyətindən irəli gəldi. Çox pis ssenari bu olardı ki, manat daha sürətlə dəyərdən düşəcəkdi və hökumət buna müdaxilə etməyəcəkdi. Pis ssenari budur ki, artıq Dövlət Neft Fondunun ehtiyatlarına müdaxilə etməklə manatın məzənnəsi saxlanılacaq. Hökumət də məcburiyyətdən bu yolu seçdi.

Buna da bax:​ 'Çıxış yolu İlham Əliyevin hakimiyyətdən getməsidir'

– İlham Əliyev böhranlı durumdan “şərəflə çıxdıq” dedi, 100 mindən artıq iş yerinin açıldığını qeyd etdi. Prezident nə demək istəyirdi bununla? Ötən il Azərbaycan böhrandan çıxa bildi, yoxsa, hələlik, davam edir?

– Əslində, 2016-cı ilin makroiqtisadi göstəriciləri böhranlı vəziyyətin dərinləşdiyini sübut edir. ÜDM-nin 4 faizə qədər azalması, valyutamızın il ərzində rəsmi məzənnəsinin təqribən 16 faiz düşməsi, rəsmi iş yerlərinin, gəlirlərimizin, ticarət dövriyyəsinin, idxalın, qeyri-neft sektorunda ixracatın azalması onu sübut edir ki, böhranlı vəziyyət, hələ də, davam edir. Azərbaycanda çox qəribə tendensiya yaranıb, açılmış iş yerlərinin statistikası aparılır, amma nədənsə, bağlanmış iş yerlərinin statistikası aparılmır. Çox güman, prezident 2016-cı ildə böhranla bağlı bəzi qərarların verilməsini nəzərdə tutur, Strateji Yol Xəritəsinin qəbulunu və s. Bu pozitivdir, o anlamda ki, nəhayət Azərbaycan hökuməti ciddi böhran olduğunu qəbul etdi. Bununla da, yol xəritələrinin hazırlanmasına, bəzi addımların atılmasına ehtiyac yarandı. Yəqin prezident də bunu nəzərdə tutub ki, ötən il qərarlar verildi, bu ilsə onların yerinə yetirilməsi vəziyyəti düzəldəcək. Mənə elə gəlir ki, bizdə problem qərarların icrasındadır. Kağız üzərində çox gözəl qərarlar qəbul edilib, məsələn, regionların inkişafıyla bağlı 3 proqram qəbul edilmişdi vaxtilə. Ancaq onun real nəticəsini görmədik, regionların nə büdcənin formalaşmasında çəkisi artdı, nə də xarici ticarətdə. İşsizliklə bağlı problemlər də həllini tapmadı. İndi prezident ümidlidir ki, 2016-cı ildə verilən qərarlar, yol xəritələri 2017-ci ildə öz effektini verəcək.

– Amma siz ümidli deyilsiniz, deyəsən?

– Bunun effektli olması üçün idarəetmədə də dəyişikliklərə ehtiyac var. Burda islahatlar aparılmalıdır ki, qərarlar effekt versin.

Buna da bax:​ 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

– Nəhayət, gələk maaşlara və pensiyalara. Prezident ötən il maaşların 7, pensiyaların 8 faiz artdığını və hələ artıracağını deyir. Ancaq qiymətlər də durmadan artır. Artan maaş, pensiya qiymətlərə adekvatdırmı?

– Azərbaycanda real gəlirlər azalıb. Nominal olaraq maaş 7 faiz artırsa, əksinə inflyasiya ikirəqəmlidirsə, 12 faiz civarındadırsa, ərzaq inflyasiyası isə, hələ rəsmi rəqəmlərə görə, 15 faizdirsə, deməli, real gəlirlər azalıb. Bu il maaş və pensiyaların artması gözlənilir, düzdür. Bu da qanunda nəzərdə tutulmuş rəsmi inflyasiyaya qədər indeksləşmədən asılı olacaq. Qanuna görə, rəsmi inflyasiya səviyyəsində maaşların və təqaüdlərin indeksləşməsi olmalıdır. Çox güman, bu günlərdə bununla bağlı fərman da veriləcək. Artım, hələlik, bu yöndə olacaq. Büdcədə maaş və pensiyaların artımı üçün xüsusi vəsait nəzərdə tutulmayıb.

– Yəni bu artım, istənilən halda, bazardakı qiymətə adekvat olmayacaq?

– Təbii ki. Rəsmi olaraq inflyasiya 12 faiz, ərzaq inflyasiyası 15 faiz qəbul edilib. Azərbaycan reallığında isə real rəqəmlərlə rəsmi rəqəmlər arasında, azı, iki dəfə fərq olur. Deməli, ərzaq inflyasiyasında 30 faizlik artım var, hətta bəzi ərzaq növləri daha çox bahalanıb. Bu da təbiidir, manatın devalvasiyasından sonra qiymətlərin kəskin artması gözlənilən idi. Bu il də qiymətlərin kəskin artacaq, belə bir təhlükə də var. Ötən ilin sonunda kommunal xərclərin artması qiymətlərə də təsir göstərəcək, istehsal və xidmət sahəsində qiymətlər artacaq.

Buna da bax: Azərbaycanda bu il iqtisadi artım 1.2% olacaq – DB

– Dövlət başçısı müstəqil iqtisadçıları, qeyri-hökumət təşkilatlarını da tənqid edib. Onların hədəfinin hökumətə “ləkə vurmaq, qaralamaq” olduğunu söyləyib. Bir iqtisadçı kimi bunu necə qarşıladınız?

– Tənqid normaldır. Bir tərəf tənqid edirsə, qarşı tərəfin reaksiya verməsi də normaldır. Ancaq istənilən halda, bizim tənqidlərin əsas hədəfi Azərbaycanda iqtisadiyyatda ciddi dəyişikliklərin və islahatların olması yönündədir. Əslində, hökumət bizə “çox sağ ol” deməlidir, ən azı ona görə ki, onların görmədiyi məsələləri araşdıraraq gün üzünə çıxarırıq, bir növ yardımçı oluruq. Belə münasibətdənsə, təşəkkür gözləmək haqqımız da var idi.

XS
SM
MD
LG