Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:25

'Rabitəçilər işi': Həbsdəki məmurlar arasında qalmaqal


Rabitə və Yüksək Texnologiyalar nazirliyi/
Rabitə və Yüksək Texnologiyalar nazirliyi/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin müxtəlif strukturlarında rəhbər vəzifələrdə işləmiş, 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunan məmurların məhkəməsində qalmaqal düşüb.

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis”in rəhbəri olmuş Bayram Vəliyev onunla birlikdə mühakimə olunanları yeyintidə suçlayıb, özünün isə günahsız olduğunu deyib.

Buna da bax:​ 'Rabitəçilər işi': Bayram Vəliyev məhkəməyə xərəkdə gətirildi

“Adam əzab çəkir”

Bayram Vəliyev ötən dəfə olduğu kimi, yenə də məhkəməyə xərəkdə gətirilib və prosesi stolun üstünə uzanıqlı vəziyyətdə işləyib. Vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Deyib ki, B. Vəliyev təcili əməliyyat olunmalıdır, çünki hərəkət qabiliyyətini itirib. Amma ona lazımi tibbi yardım göstərmirlər:

“Ona əvvəl ağrıkəsici iynələr vurulurdu. Ancaq indi həmin iynələr də təsir etmir. Adam əzab çəkir. Təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirik ki, onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin, adam da işgəncələrdən qurtulsun”.

Amma hakimlər vəsatəti təmin etməyib. Belə olan halda, vəkil Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının bu işə baxmasına yazılı etiraz verib. Deyib ki, təqsirləndirilən şəxs faktiki hüquq və vəzifələrini yerinə yetirə bilmir, hakim isə bu vəziyyətdə onun barəsində məhkəməni davam etdirir: “Hakimin bu addımını qərəzli hesab edirik”.

Buna da bax:​ Həbsdəki məmur ziyanı ödəməyə hazırdır, bir şərtlə ki...

Digər təqsirləndirilən şəxslər və onların vəkili vəsatətə münasibət bildirərkən rəy bildirməyiblər, məsələni məhkəmənin öz öhdəsinə buraxıblar. Bu da Bayram Vəliyevi qəzəbləndirib və onların ünvanına təhqiramiz ifadələr səsləndirib: "Bilirsiniz, onlar bu etirazı niyə qəbul etmir? Çünki günahkar onlardır, mən deyiləm…”

Məhkəmə etirazı da qəbul etməyib.

Həbsdəki məmurun 67 adda daşınmaz əmlakı…

Məhkəmədə daha bir maraqlı məsələ isə uzun illər nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov və yaxınlarının əmlakları ilə bağlı olub. Zeynalovun vəkili Bəylər Məmişov məlumat verib ki, 67 daşınmaz əmlakın, o cümlədən, evlərin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin üzərinə həbs qoyulub. Müdafiəçi deyir ki, bunların hamısı Vidadi Zeynalovun əmlakları kimi təqdim olunsa da, əslində, onların yalnız ikisi onun mülkiyyətindədir. Vəkilin sözlərinə görə, V. Zeynalova verilən ittihamlar 2009-2015-ci illərdə baş verən hadisələri əhatə edir. V. Zeynalovun mülkiyyətində olan ev isə o dövrdən xeyli əvvəl alınıb:

Buna da bax: 'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi

“Bundan əlavə, oğlunun adına olan qeyri-yaşayış binası var, o da 2004-cü ildə alınıb, həyat yoldaşının adına olub, sonradan ana öz oğluna bağışlayıb. O əmlak da hazırda “Rabitəbank”da girovluqdadır. Lənkəranda, Qaradağda torpaq sahələrinin üzərinə həbs qoyulub, halbuki, o torpaqların bu ailəyə aidiyyəti yoxdur, dövlətin mülkiyyətindədir. Vidadi Zeynalovun bacılarının da əmlaklarına həbs qoyulub. Hətta bacılarından birinin ad-soyadına bənzər, bunlarla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Kəmalə Zeynalova adlı bir nəfərin də evinə də səhvən həbs qoyublar. Bəlkə də heç adamın xəbəri yoxdur ki, evinin üzərində həbs var. Xahiş edirik, bu əmlakların üzərindən həbs götürülsün. Vidadi Zeynalovun mülkiyyətində olan iki əmlakın həbsdən azad edilməsində məqsədimiz onları satıb, ziyanı ödəməkdir. Bundan dövlət qazanacaq”, - vəkil Bəylər Məmişov belə deyir.

Təqsirləndirilən şəxslərdən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin rəhbəri olmuş Namazalı Məmmədovun vəkili də əmlaklarla bağlı narazılıq edib. Deyib ki, Namazalı Məmmədovun olduğu iddia edilən 10 əmlakın üzərinə həbs qoyulub. O əmlakların bir qisminin ona heç bir aidiyyəti yoxdur, üstəlik, bəziləri də banklarda girovdur. Onların arasında 1994-cü ildə dövlətin rabitəçi kimi ona verdiyi ev də var.

Buna da bax:​ Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'

Bundan əlavə, vəkillər ittiham aktlarında mənimsəmə, dövlətə vurulmuş ziyanla bağlı hesablanan rəqəmlərdə ziddiyyətlər olduğunu bildiriblər. Onlar rəy vermiş ekspertlərin, o cümlədən Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istəyiblər.

Amma bu vəsatət də təmin olunmayıb.

Məhkəmə martın 29-da davam edəcək.

Buna da bax:​ 'Rabitəçilər işi': Qəfəsdə məmurlar arasında qarşıdurma oldu

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG