Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:10

Şagirdləri 'Z' şəklində düzənlər


Rusiyada məktəb, arxiv fotosu
Rusiyada məktəb, arxiv fotosu

Prezident Vladimir Putin fevralın 24-də Ukraynaya hücum əmri verəndən Rusiya rəhbərliyi müharibəyə ictimai dəstəyi səfərbər edib.

Mayın 5-də Moskvadan 70 km cənubda yerləşən Tula şəhərindəki 40 saylı məktəbin şagirdləri Z şəklində düzülərək Rusiya ordusuna dəstək nümayiş etdiriblər. Latın əlifbasının Z və V hərfləri Rusiya hökumətinin Ukraynada apardığı müharibənin simvoluna çevrilib.

Bu “fleşmob”un videosu yerli mediada və məktəbin sosial media hesablarında yayılıb.

Bir neçə gündən sonra məktəbin direktoru Svetlana Qnidinanın adı, iş kontaktı və fotosu bir Telegram kanalına yerləşdirilib.

“Oni Za Voynu!”

Bir fəal uşaqları “müharibə propaqandası”ndan cəlb edən məktəblər haqda informasiyanı yığaraq dərc etdiyini deyir.

“Oni Za Voynu!” (Onlar müharibə tərəfdarıdırlar) adlı Telegram kanalını həbsdə olan siyasətçi Aleksey Navalnının Saratov regionundakı keçmiş koordinatoru, 36 yaşlı Dmitri Tsibiryov yaradıb.

Tsibiryov 2021-ci ildə, Navalnıya bağlı qurumlar “ekstremist” elan ediləndə və hüquq mühafizə orqanları müxalifətçi üçün işləmiş şəxslərə qarşı cinayət işləri açmağa başlayanda Rusiyadan gedib.

Tsibiryov AzadlıqRadiosunun “Idel.Realities” portalına müsahibəsində uşaqların Ukraynada müharibəyə dəstək nümayişlərinə cəlbini “biabırçı mənəvi cinayət” adlandırıb. Onun sözlərinə görə, bu, adamların nümayişlərə məcbur edilməsinə qarşı qanunun, eləcə də məktəblərdən siyasi məqsədlər üçün istifadəni yasaqlayan Təhsil haqqında qanunun pozulması deməkdir.

İnzibati cəza

“Layihənin təsisçisi kimi mən, azından bu direktorlara qarşı inzibati cəza tətbiqi istəyirəm, məsələn, onların vəzifəsindən çıxarılmasını, uşaqlarla işləməsinin yasaqlanmasını. Bu indi real görünmür, ancaq bu ölkədə dəyişiklik, hətta gözlənilməz dəyişiklik baş verə bilər. Bu databaza o zaman faydalı olacaq”, – Tsibiryov vurğulayıb.

Prezident Vladimir Putin fevralın 24-də Ukraynaya hücum əmri verəndən Rusiya rəhbərliyi müharibəyə ictimai dəstəyi səfərbər edib. Hakim Vahid Rusiya partiyasının yerli qanadları müxtəlif fleş-moblar, məktubyazma kampaniyaları, digər vətənpərvərlik göstərilərinə start verib.

Tsibiryov deyir ki, belə aksiyalara cəlb olunan uşaqların valideynlərinə nadir hallarda öncədən bu haqda məlumat verirlər. Ancaq hətta bundan xəbər tutan valideynlər belə şikayətlənməyə meylli olmurlar, “çünki övladlarına problem yaratmaq istəmirlər”.

Propaqanda yuvası

Fəal vaxtilə zəif görmə qabiliyyətli və inkişaf problemləri olan uşaqlar üçün xüsusi məktəbdə bir il dərs deyib. O danışır ki, həmin məktəb propaqandaçıların yuvasına çevrilib, hətta bu uşaqları istismar edirlər.

“Mənim övladım yoxdur, amma bilirəm ki, uşaqlar ölkəmizin gələcəyidir”, – deyən fəal hazırda Ukraynada vuruşan əsgərlərin vaxtilə “Putinin hakimiyyəti dövründə məktəbə gedən uşaqlar” olduqlarını sözlərinə əlavə edib. Putin 1999-cu ildən Rusiyanın prezidenti, ya da baş naziri olub.

“Onlar illərlə hərbi propaqanda ilə böyüdürlər, indi isə Ukraynada savaşaraq ölürlər. Bu günün beşincilərini, digər sinif şagirdlərinin... bir neçə ildən sonra növbəti müharibəyə yollanmasını görmək istəmirəm”, – Tsibiryov deyir və Rusiyanın təhsil sistemində “hərtərəfli islahatlar”ın gərəkdiyini vurğulayır.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG