Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:42

Ukraynanın müdafiəsini kim maliyyələşdirəcək?


Ukrayna tankı Donetsk vilayətində şiddətli döyüşlərin getdiyi Çasov Yardakı Rusiya mövqelərini atəşə tutur.
Ukrayna tankı Donetsk vilayətində şiddətli döyüşlərin getdiyi Çasov Yardakı Rusiya mövqelərini atəşə tutur.

ABŞ Konqresi, axır ki, Ukraynaya hərbi yardım paketini Nümayəndələr Palatasının səsverməsinə çıxarmaq planını açıqlayıb.

"The Guardian" yazır ki, Konqresin alt palatasının respublikaçı spikeri Mayk Conson Senatın fevralda səs verdiyi 95 milyard dollarlıq yardımı dörd fərqli yardım paketinə bölməyi təklif edib. Sözügedən yardımın 60 milyardı Ukraynaya, 14 milyardı İsrailə, 5 milyard dolları Tayvan da daxil, Sakit okean hövzəsindəki müttəfiqlərə veriləcəkdi. Spikerin təklifi bunların hər birinin ayrı-ayrılıqda səsverməyə çıxarılması ilə bağlıdır.

İndi qanun layihələrindən biri Ukrayna, digəri İsrail, üçüncüsü Tayvan və Hind və Sakit okean hövzələrindəki müttəfiqləri, dördüncüsü isə TikTok-un ABŞ-da yasaqlanması, İrana sanksiya tətbiqi və Ukraynaya yardımın kreditə çevrilməsi kimi bir-birindən fərqli xarici siyasət öncəlikləri üçün nəzərdə tutulacaq. Ukraynaya təklif olunan yardımın çoxu Amerika şirkətlərinin istehsal etdiyi silahların maliyyələşdirilməsinə yönəldiləcək.

Dörd qanun layihəsinin ayrıntıları, hələlik, rəsmən açıqlanmayıb

Mahiyyəti baxımından, Conson Ukraynaya yardımı İsrailə nəzərdə tutulan yardımdan ayırmağı təklif edir. Respublikaçıların çoxunun Ukraynaya yardıma qarşı olduğu və bu təklifi alt palatada aylarla süründürdüyü halda, İsrailə yardım təklifi əksər millət vəkili arasında populyardır.

Nə qədər ziddiyyətli olsa da, Qəzza üçün humanitar yardım bu qanun layihələrinin heç birinə əlavə olunmaya bilər. Senatın fevralda qəbul etdiyi qanun layihəsində Qəzzaya 9 milyard dollarlıq yardım nəzərdə tutulmuşdu.

Düzdür, Qəzzaya yardım bu paketlərə əlavə edilə də bilər; demokratlar bunun danışıq mövzusu olmadığını deyirlər. ABŞ-Meksika sərhədinin güvənliyinə dair də hər hansı müddəa yoxdur. Conson aylarla bu müddəanın olmamasını Senatda qəbul edilən yardım paketini alt palatada müzakirəyə çıxarmamasının əsas səbəbi kimi göstərib.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə görüşür
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə görüşür

Qanun layihəsini fırıldaq sayanlar var

Qanun layihələrindən hər biri ayrı-ayrılıqda səsverməyə çıxarılacaq. "The Guardian"ın xəbərində bu prosesin çətin ola biləcəyi deyilir. Respublikaçılar Nümayəndələr Palatasında cəmi iki yer fərqi ilə çoxluqdadırlar. Corciyalı millət vəkili Marcori Teylor Qrin dərhal bu qanun layihəsini "fırıldaq" adlandırıb.

"İsrailin yardımı Ukraynaya yardımın girovu olmamalıdır. Amerika xalqının yardımın hər bir komponentinə dair senatorların mövqeyini bilmək haqqı var", - Arizona ştatından seçilmiş respublikaçı konqresmen Endi Biqqs X-də bildirib.

Nümayəndələr Palatasının qaydalarına görə, mətnin çıxması ilə qanun layihəsinin səsverməyə çıxarılması arasında, azı, üç gün vaxt olmalıdır. Alt palatanın aprelin 18-də daha bir fasiləyə çıxacağı nəzərə alınsa, hər hansı nəticə əldə olunanadək bir neçə həftə keçəcək.

Nümayəndələr Palatasından keçən hər bir qanun layihəsi daha sonra yenidən təsdiqlənmək üçün Senata geri göndəriləcək. Qanun layihələrinin həyatda qalmasına heç bir təminat yoxdur.

Ancaq göründüyünə görə, Consonun başqa seçimi yox idi. Aşırı sağçı respublikaçı üzvlərin bir çoxu Ukraynaya yardıma qarşıdır. Bəzi üzvlərsə o və Senat qanun layihəsini yenidən Nümayəndələr Palatasında səsverməyə çıxararsa, Consonu vəzifəsindən uzaqlaşdırılacaqları ilə hədələyirdi. Conson Co Baydenlə telefon söhbətində yardım paketinin hissələrə bölünməsinin tək çıxış yolu olduğunu deyib.

Ukraynalı hərbçi cəbhəyanı Çasov Yar şəhərində dağılmış binanın yaxınlığında gəzir
Ukraynalı hərbçi cəbhəyanı Çasov Yar şəhərində dağılmış binanın yaxınlığında gəzir

"Şərq cəbhəsində vəziyyət önəmli ölçüdə pisləşib"

Ukraynada cəbhədə duruma gəlincə, əsasən, Donetsk bölgəsinə fokuslanan Rusiya ordusu, yavaş da olsa, irəliləyir. İndi Rusiya qoşunları strateji önəmli Çasov Yar şəhərini ələ keçirməyə çalışır.

"Son günlərdə şərq cəbhəsində vəziyyət önəmli ölçüdə pisləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski şənbə günü Telegram-da yazıb. O bildirib ki, Rusiya Çasov Yarı faşist Almaniyası üzərində qələbənin qeyd olunacağı 9 mayadək ələ keçirməyə ümid edir.

NATO-nun avropalı üzvlərinin hərbi və maliyyə dəstəyindən başqa, Çexiyanın başçılığı ilə Ukraynaya yüz minlərlə artilleriya mərmisinin alınmasını nəzərdə tutan beynəlxalq təşəbbüs də gündəmdədir. Çexlər dünyanın müxtəlif ölkələrindən mərmiləri hökumət rəsmiləri və özəl şirkətlər vasitəsilə Ukraynaya çatdırmağı qarşılarına məqsəd qoyublar. Mərmilərin ilk dəstəsinin iyunda Kiyevə çatdırılacağı gözlənilir.

Çexiyanın daha 20 ölkədən dəstək görən bu planı Moskvanın Kiyevi bombaladığı bu ağır zamanda Ukraynanın üzləşdiyi ciddi mərmi qıtlığını, müvəqqəti də olsa, aradan qaldırmaq məqsədi daşıyır. Avropa ölkələri mərmiləri Afrika və Asiya ölkələrindən, o cümlədən Cənubi Koreyadan almağı nəzərdə tutur. Söhbət silahları birbaşa Ukraynaya vermək istəməyən, ancaq Çexiya kimi üçüncü tərəflərə satmağa hazır olan ölkələrdən gedir.

100 milyard avroluq yardım?

Bu ayın əvvəli NATO baş katibi Yens Stoltenberq Ukrayna üçün 100 milyard avro həcmində misli görünməmiş beşillik hərbi yardım paketi təklif edib. Təşəbbüsün məqsədi NATO-nun üzərinə Kiyevə silah dəstəyinin koordinasiyası ilə bağlı daha çox məsuliyyət qoymaqla ABŞ-nin hərbi yardımına dair gələcəkdə ortaya çıxa biləcək hər hansı qeyri-müəyyənliyin təsirini azaltmaqdır. Hazırda əksər NATO üzvləri Ukraynaya silah yardımını ikitərəfli qaydada gerçəkləşdirirlər.

Ekspert və diplomatlar Stoltenberqin planının hələ çox ilkin mərhələdə olduğu barədə xəbərdarlıq edirlər. Onlar bildirirlər ki, 100 milyard avro kimi böyük məbləğin qəbul edilib-edilməyəcəyi də hələ bilinmir.

Baş katibin bu planının qəbulu NATO-nun 32 üzvü arasında konsensus sayəsində mümkün ola bilər. Alyansın ən rusiyayönlü dövləti olan Macarıstan artıq bu plana qarşı çıxıb.

XS
SM
MD
LG