Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Zarağanlılar: Ruslar gedib, boş evləri məmurlar zəbt edib


Qəbələ
Qəbələ

-

«Bizdən rüşvət tələb edirlər. Deyirlər, «ya gətirin pul verin, ya da evlərdən çıxın»».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Qəbələnin Zarağan kəndindəki hərbi şəhərcikdə yaşayanlar deyir. Şəhərcikdəki mənzillərdən birinin sakini Elşad Vəliyevin sözlərinə görə, 3 il əvvəl Qəbələ RLS-in fəaliyyəti dayandırılıb. Orada çalışan rus hərbçiləri Zarağan kəndindəki hərbi şəhərciyi tərk edərək vətənlərinə qayıdıblar. İndi şəhərcikdəki mənzillər zarağanlılarla yerli məmurlar arasında mübahisəyə çevrilib:

«HƏRƏSİNƏ 7-8 MƏNZİL ÇATIB»

«Orada 700-dən çox ev var. Bir hissəsi ehtiyacı olan adamlara paylanıb. Qalanını isə Qəbələnin məmurları, icra hakimiyyətinin işçiləri, polis, imkanlı adamlar öz aralarında bölüşdürüb. Bu bölgüdən hərəsinə 7-8 mənzil qalıb. İndi həmin mənzilləri kirayə verib pul qazanırlar. Biz də evsiz adamlarıq. O evlər əslində bizim haqqımızdır. Çünki məmurlar kimi, hər küçədə bir villamız yoxdur».

Şəhərcikdəki mənzillər 2 ildir ki, Qəbələ rayon İcra Hakimiyyətinin balansına keçib. Qurumdan AzadlıqRadiosuna deyilənə görə, sakinlərin mənzillərin məmurlar tərəfindən zəbt olunması ilə bağlı söylədikləri əsassızdır. «Əksinə, həmin sakinlər özləri mənzillər boşalan kimi qapıların qıfıllarını sındırıb evləri zəbt ediblər», - icra hakimiyyətindən bildirilib.

Ancaq 3 ildir ki, şəhərcikdə yaşayan Namiq Ağalarov qurumun dedikləri ilə razılaşmır. O, iddia edir ki, mənzillərdə yaşayanların bəziləri illərdir mənzil şəraitinin yaxşılaşdırılması üçün icra hakimiyyətinin qapısına gedib- gələnlərdir:

«MƏNZİLLƏRƏ HÜQUQUMUZ TANINSIN»

«3 ildir bizi evlərdən çölə atmaq istəyirlər. Deyirlər, «ya gətirin 5 min verin, evlərdə yaşayın, ya da əşyalarını da yığışdırıb şəhərciyin ərazisini tərk edin». Biz tələb edirik ki, bu mənzillərdə yaşamaq hüququmuz tanınsın. Bu mənzillər onsuz da hər kənddə bir imarəti olan məmurlara yox, elə bizim kimi evsiz-eşiksiz təbəqəyə verilsin».

Onun sözlərinə görə, sahə müvəkkili, Mənzil İstismar Sahəsinin işçiləri həmin evlərin bir qismini ev növbəsində olan dövlət qurumları işçilərinə verib:

«Prokurorluq və icra hakimiyyətinin işçiləri bizim kimi sadə vətəndaşları mənzillərdən çıxarırlar. Rüşvət istəyirlər… Polislər tökülüşür, hərbi şəhərcikdəki kasıb təbəqənin nümayəndələrini qışın ortasında evlərindən çıxarmağa çalışırlar. Bizi çölə atmaqdansa, məmurların kirayə verdikləri mənzilləri boşaltsınlar. Məmurlar hərbi şəhərciyi özləri üçün qazanc yerinə çeviriblər».

SİYAHI DA GÖNDƏRİBLƏR

Sakinlər AzadlıqRadiosuna bir siyahı da yollayıblar. Həmin siyahıda mənzilləri kirayə verən məmurların və bələdiyyə işçilərinin adları, kirayə verilən mənzillərin ünvanları göstərilib.

Yerli icra hakimiyyətindən mənzillərin kirayə verilməsi ilə bağlı deyilənləri də təkzib ediblər.

Qurumdan AzadlıqRadiosuna bildirilib ki, sakinlər zəbt etdikləri mənzillərdən çıxmasalar, məhkəmə yolu ilə çıxarılacaqlar.

XS
SM
MD
LG