Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

Saray sakinləri: 'Kanala kanalizasiya axıdılır, balıqlar ölür...'


Suyun üzərində balıq leşləri (arxiv fotosu)
Suyun üzərində balıq leşləri (arxiv fotosu)

"Evlərimizdə üfunətdən otura bilmirik. Kanala kanalizasiya suları axıdılır, balıqlar ölür, isti vurur iylədir, aləmi üfunət basır".

Bunu AzadlıqRadiosu-na Samur-Abşeron su kanalının Saray qəsəbəsinə düşən ərazisində yaşayan sakinlər deyir.

Buna da bax:​ Gəncə sakini: 'Cənab prezident, 2 ildir evə qazanc gətirə bilmirəm'

“KANALA GƏLƏN SU QƏSDƏN KƏSİLİR”

Hər il yay başlayanda kanalın suyu azalır və boş kanala çirkab suların axını güclənir. Bu, həm kanaldakı balıqların məhv olmasına, həm də ətrafa üfunətin saçmasına səbəb olur. Sakinlərin deməsinə görə, suyun qurumasına səbəb mənbədən bu kanala gələn suyun bağlanmasıdır. Kanal ətrafında yaşayan Vasif İsgəndərov:

"Bilmirik səbəb nədir ki, hər il kanala gələn su qəsdən kəsilir, nəticədə belə biabırçılıq ortaya çıxır. Kanalın suyu Bakı və Sumqayıt şəhərlərini su ilə təmin etməkdə mühüm rol oynayır. Məsələ ondadır ki, yay fəslində kanal quruyanda kanalizasiyalar bura axıdılır. Üzü qışa kanala yenə su axını başlayır".

Sakin təklif edir, yay fəsli gələndə kanalın üstü bağlansın ki, üfunət ətrafa yayılmasın.

Buna da bax: Şikayətçi: "Adam sınığa görə də həkimə getməyə qorxur"

“OKTYABRADƏK AİLƏMİ ORDA SAXLAYACAM”

Hazırda kanaldakı kanalizasiya suları üzərinə minlərlə balıq leşi çıxıb. Çirkab sular balıqların kütləvi məhvinə səbəb olub. İş orasındadır ki, bu vəziyyət ekologiyaya və ətrafdakı yaşayış yerlərinə də ciddi təsirini göstərir. Sakinlərin deməsinə görə, kanaldan ətrafa yayılan üfunətə dözməyən insanlar hər il yay fəsli gələndə kütləvi şəkildə başqa yerə köç edirlər. Sakin Mərdan Fəttahov da bir qədər kənarda ev kirayələyərək köçdüyünü deyir:

"Elə Sarayda ev kirayələmişik, oktyabradək ailəmi orda saxlayacam. Körpə uşaqlar var, kanalda balıq leşinə yığılan qurd-quş ətrafa da yayılır, insan həyatı üçün təhlükəlidir. Söhbət 5-10 balıqdan yox, minlərlə xırda ölçülü balıqdan gedir. Kanalın keçdiyi Sumqayıt ərazisində də vəziyyət belədir. Kanala yaxın evlərdə yayda insanlar zülmlə yaşayırlar. Hökumət bu kanala bir çarə etsin ki, xəstəlik yayılmasın".

Buna da bax:​ Köçkün: 'Hamamsız evlər paylayıblar, tikməyə də icazə vermirlər'

“SƏBƏBLƏR ARAŞDIRILIR”

Abşeron rayon baytarlıq idarəsindən "Qaynar xətt"ə bildirilib ki, həm kanaldakı sudan, həm də balıq leşlərindən nümunələr götürülərək laboratoriyaya təqdim olunub: "Müayinələr davam edir. Balıqların kütləvi qırılmasının səbəbi araşdırılır".

Samur-Abşeron su kanalı Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri hesab olunur. Abşeronda yerləşir. Mənbəyini Samur çayından götürür. Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.

XS
SM
MD
LG