Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

'Ana, mən artıq yolkamı qurmaq istəyirəm...'


REAL Hərəkatının sədri İlqar Məmmədovun qızı Aysel. 22dec2016
REAL Hərəkatının sədri İlqar Məmmədovun qızı Aysel. 22dec2016

Məhbus ailələrinin yeni il gözləntiləri: “hər həftə həbsxanaya yük daşımaq”, “yeni il yolkası qurmaq”, “ümid qurmamaq”

“Bayramsız nə bayram?”

Qarşıdan Yeni il gəlir. İqtisadçıların “ən ağır il” kimi proqnozunu verdiyi 2017-ci ilə ümidlə baxanlarsa az deyil. Onlarin arasında siyasi məhbus ailələri də var. REAL Hərəkatının sədri İlqar Məmmədovun qızı Aysel bu il atası ilə bərabər Yeni il yolkası quracağına ümid edir.

Buna da bax:​ İlqar Məmmədov beynəlxalq filmdə

Bayram Məmmədovun anası isə hələ yenicə apelyasiya şikayəti verdikləri üçün oğlunun yaxın günlərdə azadlığa çıxacağı ilə bağlı ümid qurmaq istəmir. “Sonra xəyal qırıqlığına dözmək daha çətin olur...” söyləyir ana.

“Həbsxanaya yük daşımaqdır gözləntim”

“Xüsusi gözləntim yoxdur. Hər həftə həbsxanaya yük daşımaqdır gözləntim”. Hər sözü zarafata salan Nigar Həzi ürəkdən gülərək belə deyir. Başa çatmaqda olan il onların iliydi bəlkə də. Bir neçə ildi həbs həyatı yaşayan atası Tofiq Yaqublu azadlığa buraxıldı, özü, bir gün gecikməklə də olsa, həbsxana divarları arasında “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP sədrinin müavini Seymur Həzi ilə rəsmi nikaha girdi. İllərdir hamının Nigar Yaqublu kimi tanıdığı müsavatçı gənc qız Nigar Həzi oldu, yenə əlidolu hər həftə həbsxana qapılarına doğru tələsdi...

Buna da bax:​ İlqar Məmmədovla bağlı Azərbaycana xəbərdarlıq olundu

“Ənənəvi olaraq mən belə günlərdə, belə mövzularda ümidlənmirəm. Nə vaxt kefləri istəyəcək, onda buraxacaqlar. Bu mövzu bizə maraqlı deyil. Bizim üçün belə də normaldır, gedirik-gəlirik. Gələn il də hər həftə görüşə getməyi gözləyirəm, başqa bir şey yox. Ümumiyyətlə, Seymurla bu haqda danışmırıq da, özümüzü beş il sonraya kökləmişik”, – Nigar Həzi söyləyir.

“Ana, mən artıq yolka qurmaq istəyirəm”

İsmayıllı hadisələrinə görə həbs edilən, Avropa İnsan Haqları Məhkəməsinin Avropa Şurası Nazirlər Komitəsinin, Avropa Şurası baş katibinin tələblərinə rəğmən hələ də azadlığa buraxılmayan İlqar Məmmədov tutulandan evində yolka bəzəmirlər.

Buna da bax:​ Seymur Həzi 'Free Media' mükafatını aldı

Vəfa Məmmədova: 'İlqar tutulandan biz yolka bəzəmirik...'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

“Bizdə bir adət vardı, həmişə yeni il ərəfəsində Aysel atasıyla yolka qurardı. İlqar tutulandan biz yolka bəzəmirik. Aysel belə istəyir. Amma bu il çox istəyir ki, atası azadlığa çıxsın. Tez-tez mənə “Ana, mən artıq yolkamı qurmaq istəyirəm” deyir”, - İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova danışır.

Ana-balanın arzusu, əlbəttə, eynidir, amma ananın bu arzuya balaca əlavəsi var: “Layiq olduğu şəkildə azadlığa çıxmasını istəyirəm. Hamının bildiyi kimi, siyasi səbəblərdən tutulub, istəyirəm, haqq yerini tapsın, İlqar da evinə qayıtsın. Başqa nə arzum ola bilər ki?..”

Buna da bax:​ Nigar Həzi: 'Ədliyyə nazirliyinin açıqlaması tam yalandır'

Vəfa Məmmədovanın sözlərinə görə, içində bir hiss var ki, bu il onların ili olacaq. Amma bununla belə, dekabrın 24-də 13 yaşlı qızıyla həbsxanaya gedəcək, yeni il sovqatı aparacaq. “İlqar tutulanda 9 yaşı vardı qızımın. Artıq alışıb. Vaxtindan tez böyüdü. Hər şeyi anlayır, atasının haqsız həbs edildiyini də. Hər dəfə gedəndə məndən çox o, atasına ürək-dirək verir, həmişə deyir: “Ata, narahat olma, biz sənin yanındayıq, sənə inanırıq. Bilirik ki, doğru yoldasan...”

“Onun buraxılacağını gözləyirəm”

“Heykəl məhbusu” kimi tanınan, narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Qiyasəddin İbrahimovun anası Şura Əmiraslanlının arzusu isə tək övladına bağlı deyil:

“Məhbus anası kimi arzum budur yeni ildə bütün məhbuslar evlərində olsun. Günahı olanları demirəm, cəzalarını çəksinlər. Amma siyasi məhbus adıyla tutulanların, haqsızlıq edilən bütün məhbusların buraxılmasını gözləyirəm. Yeni ili anaları, balaları, yaxınları ilə bərabər keçirsinlər. Bir ana kimi arzum ancaq budur”.

Buna da bax:​ Bayram Məmmədova bəraət istənilir

Ana yeni il möcüzəsinə də inanır, deyir: “Onun buraxılacağını gözləyirəm, hamının ürəyinə insaf düşməsini gözləyirəm”.

Şura Əmiraslanlı: 'Mənim uşağım heykəlin üstünə iki kəlmə söz yazdığına görə 10 il cəza alıb'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

Amma bu arzu nə qədər güclü olsa da, balasının “əfv”ini də istəmir: “Mənim uşağım hansı günahın yiyəsidir? Heykəlin üstünə iki kəlmə söz yazdığına görə 10 il cəza alıb. Bu gün ərizə yazsam, haqlı olarammı? Bu səhvə yol verə bilmərəm”.

“Allah Bayramdan, Qiyasdan əvvəl tutulanlara kömək olsun”

Qiyasəddin İbrahimovla bərabər tutulan, 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədovun anası Sevinc Məmmədova oğlunun yaxın vaxtlarda buraxılacağına ümid etmir. Səbəbini də izah edir: “Ümidlənə bilmərik. Sonra xəyal qırıqlığına dözmək daha çətin olur. Həm də yenicə apelyasiya şikayəti vermişik. Özümüzü başqa şeyə kökləmişik”.

Buna da bax:​ Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'

Amma ana arzusunu dilə gətirir: “Allah Bayramdan, Qiyasdan əvvəl tutulanlara kömək olsun, onların qapısı açılsın. Hərəsi bir evin işığıdır. Tək övladıma azadlıq arzulamıram”.

Hələliksə, ana həbsxanada oğluna necə bayram keçirəcəyini planlayır: “Gücüm çatandan alacam, yeni ilə aid nə varsa edəcəm, onun bayram stolunda hər şey olmalıdır”. Amma ana özü evdə bayramı qeyd etməyəcək: “Bayram özü gələndə bayram edərik, Bayramsız nə bayram?..”

XS
SM
MD
LG