Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Bakıda taksi rəqabəti qızışır - qiymətlər və xidmətlər ətraflı jurnalist araşdırmasında


Baku taxi
Baku taxi

«TaxiTap», «Taxi24», «189», «DostTaksi», «Bakı London taksisi», «Citytaxi»… Son bir neçə ildə Bakının taksi mənzərəsi bu adlarla zənginləşib, üstəlik, keçən il taksi bazarına dünyada tanınan və ABŞ-da mənzillənən UBER də qoşulub.

«Hazırda Bakıda taksi fəaliyyəti və dispetçer xidməti kimi fəaliyyət göstərən sifarişli taksi xidmətlərinin sayı 10-dan çoxdur. Fərdi qaydada taksi xidməti ilə məşğul olan fiziki şəxslərin dəqiq statistikası isə hazırda müəyyən edilməkdədir», – Bakı Nəqliyyat Agentliyindən AzadlıqRadiosuna deyirlər. İlkin məlumata görə, Bakıda 16 min fərdi taksi xidmət göstərir.

2010-cu ildə Bakıya «London taksiləri» gətiriləndən sonra fərdi taksilərlə Nəqliyyat Nazirliyi arasında ciddi narazılıq yaranmışdı. Səbəb Nəqliyyat Nazirliyinin lisenziya alınması şərtlərini sərtləşdirməsi idi. Yüzlərlə taksi sürücüsü bu şərtlərə cavab vermədiyindən, işini itirmək təhlükəsi ilə üzləşmişdi.

İndi ASAN Xidmətə rüsum ödəyib onun qəbzini və digər zəruri sənədləri Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə taksi fəaliyyəti üçün fərqlənmə nişanını almaq olar, - qurumdan AzadlıqRadiosuna bildiriblər. «Fərqlənmə nişanı taksi sürücüsünün dərhal vergiödəyiciyə çevrilməsi deməkdir. İşlədi, işləmədi, hər ay büdcəyə 18 manat vergi ödəməlidir, bu qayda taksi şirkətlərindən ötrü də keçərlidir», - bunu isə Vergilər Nazirliyindən AzadlıqRadiosuna deyirlər.

«London taksiləri» və bir neçə şirkətin xüsusi dizaynlı maşını istisna olmaqla, taksi şirkətləri ilə çalışan sürücülərin avtomobillərini yoldakı digər minik maşınlarından fərqləndirmək çətindir: bunlar daha çox şəxsi avtomobillərdir.

«SAATLARLA MÜŞTƏRİ GÖZLƏMƏLİSƏN»

Bakıdakı taksi firmalarından biri ilə əməkdaşlıq edən Tural Əliyev deyir ki, fərdi taksiçilik ona əl vermir, çünki saatlarla müştəri gözləməlidir. Bu işdə isə müştərini ona firma tapır, o da qazancının 10 faizini şirkətə verir.

«Bu yolu gedirəm, sizi düşürəndən sonra birdən firma zəng edir ki, «yaxınlıqda müştəri var, get götür». Yəni getdiyin yolu boş qayıtmırsan. Haradasa oturub mürgü döymürsən ki, bir müştəri qapını açsın. İş saatını özün seçirsən», - Tural əlavə edir.

«YARIM SAAT TAKSİYƏ ÜNVAN ANLATDIM»

Amma belə taksi şirkətlərinin xidmətindən istifadə edən jurnalist İlhamiyyə Rzayeva heç də hər zaman məmnun qalmayıb:

Ilhamiyyə Rzayeva: Taksiçi yolu bilmirdi, vaxt itirdim
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

«Taksidən, adətən, gecikəndə istifadə edirlər, mən də zəng elədim, sifariş verdim. 5 dəqiqə sonra zəng vurdular ki, «aşağı düşün». Düşdüm, yarım saat taksiyə yol başa salıram ki, hara gəlsin. Konturum da getdi, vaxtım da getdi, axırda yolda dayanan bir taksiyə minib getdim».

İ.Rzayeva fərdi taksilərdən ona görə istifadə etmir ki, onlarla firma taksiləri arasında 1-2 manat fərq olur. «Həm də sifariş verirsən, düz qapına gəlir, fərdi taksi üçünsə yola çıxmalısan, qiymət danışmalısan. Firma taksiləri daha ucuz aparır», - o, əlavə edir.

Bunlara da baxın:

QİYMƏTLƏR

Taksi xidməti göstərən şirkətlərdə qiymətlər xidmətin səviyyəsindən asılı olaraq dəyişir. Amma aşağı-yuxarı 1 kilometr məsafə 50 qəpiklə 1 manat arasında dəyişir, məsafə artdıqca, məbləğ 20-30 qəpiyə də düşür. Məsələn, 50 km-lik yolu 15 manata getmək mümkündür, Bakıdan Gəncəyə isə 105 manat taksi xərci çıxa bilər.

Sifarişli taksidə xidmət qiymətini artıran başqa amillər də var: pik saatlar, gözləmə müddəti və ya əlavə xidmətlər.

TAKSİYƏ MİNƏNLƏR ARTIR

Dövlət Statistika Komitəsinin məlumatına görə, taksi xidmətindən istifadə edən sərnişinlərin sayı son 5 ildə 42 mindən 63 minə çatıb. Ümumiyyətlə, bu xidmət son 15 ildə yalnız artım tendensiyası göstərib və hesab olunur ki, manatın devalvasiyasına baxmayaraq, 2016-cı ildə də artım davam edəcək.

Taksi xidmətindən gəlir də artan xətt üzrə gedib: 2010-cu ildə taksi xidmətindən 84 min manat qazanılıbsa, 2015-ci ildə bu rəqəm 140 min manata yaxın olub.

Dövlət Statistika Komitəsi hesablayıb ki, taksi ilə sərnişindaşımanın xərci illər üzrə artıb, 2010-cu ildə 18 min manata yaxın xərci çıxan taksi sürücüləri ötən il 46 min manat xərcləyiblər. Statistika Komitəsi xərcin təyinatını göstərmir, amma ekspertlər hesab edir ki, xərcin artmasına yanacağın və təmirin bahalaşması səbəb olub. Xərclər hər il 5-7 min manat artıb.

(Araşdırmanın mətni video-dan sonra davam edir)

Bu necə taksi dayanacağıdı?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

YENİ TƏLƏBLƏR GƏLİR

Yaxın vaxtlarda taksi sürücüləri ilə hökumət arasında yeni narazılıqlar yarana bilər. Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi üçün yeni Bakı Nəqliyyat Konsepsiyası hazırlayır:

«Ümumiləşdirilmiş formada bildirmək istəyirik ki, Konsepsiyada mövcud qanunvericilikdə nəzərdə tutulan qaydalardan əlavə, müasir standartlara cavab verəcək taksi xidməti üçün xüsusi tələblər də hazırlanır. Taksi kimi istismar edilən nəqliyyat vasitəsi mütləq texniki baxımdan saz olmalı, ondan istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından avtomobil lazımı standartlara cavab verməlidir», - Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova AzadlıqRadiosuna bildirir.

NƏ QƏDƏR QAZANIRLAR?

Bəs, xarici markalı, komfortlu avtomobilini taksiyə çevirən sürücü nə qazanır? Dövlət Statistika Komitəsi hesablayıb ki, taksi sürücüsü ay ərzində orta hesabla 500-700 manat qazanır, hərçənd, statistikada 700 manatlıq maaş 2012-ci ildə qeydə alınıb, ötən il isə məbləğ 600 manata qədər hesablanıb. Taksi şirkətlərinin birində çalışan Tural Əliyev bir ayda 700-900 manat qazandığını söyləyir, təbii, qazancın çoxluğu müştəri sifarişindən, məsafənin uzunluğundan asılıdır. O, qazancının 10 faizini firmaya verir, yanacaq, maşının təmir xərclərini özü qarşılayır.

ƏLAVƏ QAZANC YERİ

Son illər dünyanın bir neçə ölkəsində sürətlə yayılmağa başlayan və avtomobili olan şəxslərin mobil telefon əlavəsi (application) vasitəsilə boş vaxtlarında taksi xidməti göstərməsinə imkan verən UBER taksi xidməti Bakıda da fəaliyyətə başlayıb. Amma elə əksər şəhərlərdə olduğu kimi Bakıda da UBER bazardakı rəqiblərinin etirazları ilə üzləşir. Məsələn, UBER avtomobil sahiblərinə həftədə 400-500 manat qazanmağın mümkün olduğunu bildirsə də AzadlıqRadiosuna məktub yazan «Martin» imzalı şəxs bunun mümkün olmadığını vurğulayır. O, hesablayır ki, UBER-in taksi qiymətləri ilə qazanmaq üçün həftədə 80 saat işləmək lazımdır: «Bir həftəyə 400 manat qazanmaq üçün ən azı 150 sərnişin aparmalısınız, təxminən 1000 km yol sürməlisiniz, üstəlik, 100 manat benzin xərci». Məktub müəllifi həftəyə bu qədər qazanmağı mümkün saymır. UBER-lə əməkdaşlıq edən sürücülərdən biri AzadlıqRadiosuna deyir ki, iş rejimləri sərbəstdir, kimsə onları saatlarla işləməyə məcbur etmir. Qazancından da narazı deyil, çünki, adətən, müştərini mənzil başına çatdırandan sonra elə həmin ərazidən başqa bir müştəri götürür və günə 15-40 manat arası qazana bilir. Qazancın 25 faizi UBER-ə, 75 faizi sürücülərə çatır.

Müsahibimiz diş texnikidir, sürücülüklə işdən sonra müəyyən saatlarda məşğul olur və bu işinə əlavə qazanc yeri kimi baxır. Onun sözlərinə görə, UBER-lə əməkdaşlıq edən sürücülər arasında 45-50 min manat dəyərində avtomobili olan şəxslər var: «Xeyir eləməsə, onlar işləyərlərmi?» –müsahibimiz əlavə edir.

Bunlara da baxın:

TAKSİ BAZARINDA AMERİKA ŞİRKƏTİ

UBER-in MDB, o cümlədən Azərbaycan üzrə bölməsinin ictimaiyyətlə əlaqələr üzrə departamentinin meneceri Genia Shipova AzadlıqRadiosuna təsdiqləyir ki, əməkdaşlıq etdikləri sürücülərin əksəriyyəti bu işə əlavə qazanc mənbəyi kimi baxır: «Biz tələb etmirik ki, «gün ərzində bu qədər müştəri daşı» və ya «bu qədər işlə». Biz müstəqil şəxslərlə – sürücülərlə əməkdaşlıq edirik, onlar isə iş saatlarını özləri müəyyənləşdirirlər».

Azərbaycanda, hələlik, yalnız Bakıda fəaliyyətini quran Amerika şirkəti bu ölkədə taksi biznesində rəqabətlilik və rentabelliyi necə qiymətləndirir? Genia Shipova deyir ki, bütün ölkələrdə, xüsusilə paytaxtlarda taksi biznesində ciddi rəqabət olur: «Bakı da istisna deyil. Rəqabət qorxuzmur, əksinə, hesab edirik ki, belə rəqabətin olması şəhərə müsbət təsir, xidmətdə keyfiyyətin yaxşılaşmasına kömək göstərir».

Genia Shipova əlavə edir ki, UBER markası altında sürücülük etmək istəyən şəxslərin avtomobillərinə sərt texniki tələbləri var və yalnız «Volkswagen», «Nissan» və bu kimi xarici maşınlardan istifadəyə icazə verirlər.

(Araşdırmanın mətni video-dan sonra davam edir)

Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

«MONOPOLİYA YARATMAQ İSTƏDİLƏR, ALINMADI»

«Turan» İnformasiya Agentliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Hafiz Babalı düşünür ki, ölkənin taksi sektorunda monopoliya yoxdur. Buna cəhdlər olsa da, baş tutmadı, çünki bir çox insanın yeganə dolanışıq mənbəyi taksiçilik idi. Babalının fikrincə, indi bu sahəni qanunun əliylə tənzimləməyə çalışırlar: «Bu sahədə qanun-qayda yaratmaq istəyirlər. Daha Nəqliyyat Nazirliyinin «qoçuları» yoxdur ki, «kod 51» altında onlardan pul yığsınlar, verməyəndə maşının nömrəsini söksünlər. Bu sahədə az-çox rəqabət var».

Hafiz Babalı: Mən bilən o sahədə elə bir monopoliya yoxdu
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

Hafiz Babalının fikrincə, bu sektorda yeni-yeni firmaların yaranması rentabellilikdən xəbər verir. Ancaq ekspertin sözlərinə görə, taksi bazarında Nəqliyyat Agentliyinin vahid qiymət tətbiqi ilə bağlı təklifi müzakirə olunmalıdır. Taksi biznesində oliqarx-məmurlara bağlı firmaların olduğunu istisna etməyən iqtisadçı taksi xidmətində vahid qiymət tarifinin məhz rəqabətliliyə zərər vura biləcəyini düşünür.

«Əslində, bu sektorda qiymətin tənzimlənməsindən istehlakçı udmalıdır. Amma əgər Nəqliyyat Agentliyi xidmətin minimum qiymətini müəyyənləşdirirsə, bu, istehlakçı hüququnun pozulması kimi qiymətləndiriləcək. Çünki bu, istehlakçının daha ucuz xidmət alma hüququnu əngəlləyir.

Nəqliyyat Agentliyi xidmətin maksimum qiymətini müəyyənləşdirə bilər. Məsələn, deyək ki, bir km-in qiymətində ən yuxarı hədd təyin edir, firma da öz qiymətini bunun əsasında formalaşdırır. Yəni deyək ki, «500 qr-lıq çörək 40 qəpikdən baha ola bilməz» deyə qayda qoyulur. Kimsə bu çörəyi bəlkə 20 qəpiyə satacaq... Yəni qayda qoymaq olmaz ki, bir çörəyin ən aşağı qiyməti 40 qəpikdir», - müsahibimiz deyir.

RƏQABƏTİ SARSIDA BİLƏCƏK «VAHİD QİYMƏT» TƏKLİFİ

Hafiz Babalı dövlətin özəl sahibkarlıq sferasında qiymət tənzimlənməsinə girişməsini azad bazar prinsiplərinə zidd sayır, deyir ki, dövlət taksi avtomobilinin xarici və texniki göstəriciləri ilə bağlı tələblər qoya bilər. Hətta sürücünün geyimini tənzimləyər, ancaq qiymət diktəsi rəqabət prinsipini pozar və nəticədə iri şəhərlərdə fərdi taksiləri, o cümlədən, heç bir yüksək vəzifəli məmura bağlı olmayan firmaları sıradan çıxara bilər.

Nəqliyyat Agentliyi taksi xidmətində vahid qiymət tətbiqi ilə bağlı Bakı Nəqliyyat Konsepsiyasında təkliflər nəzərdə tutur. Ancaq hələ ki, bu təkliflərin nədən ibarət olduğunu ictimaiyyətə açıqlamayıb.

XS
SM
MD
LG