Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:39

'Turan'ın 7 illik fəaliyyəti yoxlanılır, araşdırmaçı jurnalisti dindirilib...


"Turan" İA. 16avq2017
"Turan" İA. 16avq2017

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinin 2014-cü ildən 2016-cı ilə qədər olan fəaliyyətinin yoxlanılması haqqında bu il avqustun 7-də verdiyi qərarını ləğv edib.

Adıçəkilən departament bununla yanaşı başqa qərar qəbul edib - 2010-cu ilin oktyabrından 2017-ci ilin avqustuna kimi agentliyin fəaliyyəti barədə cinayət təhqiqatı aparılacaq.

Buna da bax:​ 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

Bu haqda qərar bu gün, avqustun 17-də “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə təqdim edilib. Ona deməsinə görə, araşdırma dövrünün genişləndirilməsinin səbəbi barədə heç bir izahat verilməyib.

Yalnız qeyd edilib ki, bu qərar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 16 avqust tarixli xidməti məruzəsi əsasında qəbul edilib.

Vergi əməkdaşları agentlikdən sentyabrın 5-nə qədər 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təqdim edilməsini tələb ediblər.

Buna da bax:​ 'Turan'dakı axtarış nə demək idi? [video]

Vəkil: “Qanunsuzdur”

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Bu gün - avqustun 17-də, həmçinin, agentliyin iqtisadiyyat şöbəsinin müdiri, tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı sözügedən departamentdə şahid qismində dindirilib.

“Turan” Agentliyinin vəkili Fuad Ağayev Vergi Cinayətləri Departamentinin yeni qərarını şərh edərkən bunu “əvvəlki qərar kimi əsassız və qanunsuzdur” adlandırıb.

“Bu qərarlar bir-birinə ziddir və hər ikisində vergi təqibi əsaslandırılmır. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən, yalnız son üç ilə aid vergilər hesablana, maliyyə cəzaları tətbiq edilə bilər”, - vəkil vurğulayıb.

Buna da bax:​ Sərhədsiz Reportyorlar 'Turan'a cinayət işi açılmasını pisləyir

F.Ağayev deyib ki, ya “Turan” Agentliyinin vergi departamentinə qarşı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dəyişiklik ediləcək, ya da daha bir iddia ərizəsi veriləcək.

Xatırlatma

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq, ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

Buna da bax:​ Vergilər Nazirliyi 'Turan' agentliyinə cinayət işi açıb

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib.

Artıq «Turan» Agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” Agentliyinin ofisinə gəliblər.

Buna da bax:​ Mehman Əliyev: Sənədlərdə problem yoxdur

Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

Mehman Əliyev baş verənləri axtarış adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının belə yoxlanıldığı bildirilir.

Mehman Əliyev, həmçinin, vurğulayıb ki, onlar sənədlərin sürətlərin çıxarıb, vergilər nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları, sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər.

Buna da bax:​

"Bu, "Turan"a qarşı siyası basqıdır"
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

XS
SM
MD
LG