Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:03

Xədicə İsmayıl hökumətdən 29 min manat tələb edir


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Həbsdə olan araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl qanunsuz həbsdə saxlanılmasına görə Azərbaycan hökumətindən kompensasiya tələb edir. Jurnalist bununla əlaqədar Maliyyə Nazirliyinə məktub göndərib.

HƏBS-QƏTİMKAN TƏDBİRİ UZADILIB

Xədicə İsmayıl müraciətində bildirir ki, 2014-cü il dekabrın 5-də CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham edilərək, həbs olunub. Səbail Rayon Məhkəməsinin onun barəsində ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Üstəlik, 2015-ci il yanvarın 27-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun bu maddə ilə həbsdə saxlanma müddəti martın 24-nə qədər uzadılıb.

Həbsdə olduğu müddətdə - 2015-ci il fevralın 13-də başqa bir cinayət işi üzrə də təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı mənimsəmə, qanunsuzluq sahibkarlıq, vergidən yayınma kimi yeni ittihamlar irəli sürülüb. Bu dəfə Nəsimi Rayon Məhkəməsinin 6 mart 2015-ci il tarixli qərarı ilə həbs-qətimkan tədbirinin müddəti mayın 24-nə qədər uzadılıb.

Sonda – 1 sentyabr 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum etsə də, həbsinə səbəb olmuş CM-nin 125-ci maddəsi ilə ona bəraət verib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də bu hökmün qüvvədə saxlanılmasına dair qərar verib.

Xədicə İsmayıl CM-nin 125-ci maddəsi ilə qanunsuz həbsdə saxlanılması nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə kompensasiya tələb edir.

91 GÜNLÜK QANUNSUZ HƏBS

Jurnalistin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Cinayət Prosessual Məcəllənin 56.0.1-ci maddəsinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir:

«Qanunda birbaşa yazılıb ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Xədicə İsmayıla sonradan elan olunmuş ittihamlarla barəsində yenidən həbs qərarı çıxarılana – 6 mart 2015-ci ilə qədər o, CM-nin 125-ci maddəsi ilə verilmiş ittiham üzrə həbsdə saxlanılıb. Artıq qanuni qüvvəyə minmiş hökm də var ki, Xədicə o maddə üzrə günahsızdır. Deməli, onun 2014-cü il dekabrın 5-dən 2015-ci il martın 6-a qədər – 91 gün qanunsuz olaraq həbsdə saxlanıldığı məhkəmənin hökmü ilə təsdiqlənir. Qanuna görə, Xədicə İsmayılın 91 gün qanunsuz həbsdə olmasına görə kompensasiya almaq hüququ var».

Xədicə İsmayıl qanunsuz həbsdə saxlanıldığı müddətdə jurnalist kimi məqalələrinə görə ala bilmədiyi əməkhaqqını, həbs edilərkən müdafiəçilərinə ödədiyi qonorarı, həmçinin yaxınlarının təcridxanaya ona sovqat gətirərkən çəkdiyi xərcləri nəzərə alaraq, 91 gün ərzində ona dəymiş maddi ziyanı 9 min 30 manat hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə jurnalist 20 min manat məbləğində dəyərləndirib. Beləliklə, hökumətdən 29 min 30 manat kompensasiya tələb edir.

XS
SM
MD
LG