Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:00

Müxalifət 4 qanunun dəyişməsini istəyir


Qarabağ və Respublika Uğrunda Hərəkat, 26 yanvar 2008
Qarabağ və Respublika Uğrunda Hərəkat, 26 yanvar 2008
Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan 6 müxalifət partiyası bəzi qanunlara dəyişiklik təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Söhbət Seçki Məcəlləsi, bələdiyyələrin statusu, sərbəst toplaşmaq və siyasi partiyalar haqqında qanunlardan gedir. Hərəkata daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bu, bələdiyyə seçkiləri ərəfəsində əhalini fəallaşdırmaq və rəqabətli mühit yaratmaq məqsədinə xidmət edir:

«SEÇKİLƏRİ SAXTALAŞDIRMIŞ KOMİSSİYALAR İŞ BAŞINDADIR»

- Bütün beynəlxalq təşkilatların tövsiyələrinə baxmayaraq seçkiləri saxtalaşdıran komissiyalar iş başındadır. Ona görə də biz bələdiyyə seçkilərinə qədər komissiyaların yenidən formalaşmasını və təşviqat kampaniyasında rəqabətə mane olan müddəaların çıxarılmasını təklif edəcəyik.

Əli Kərimli deyir ki, bələdiyyələrin statusu da artırılmalı və Bakı bələdiyyəsi formalaşmalıdır. İndilikdə bələdiyyələr yalnız torpaq satmaq üçün icra hakimiyyəti yanında köməkçi quruma çevriliblər. Bu da bütünlükdə bu orqanı hökumət qarşısında gözükölgəli quruma çevirib.

Əli Kərimli deyir ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun da heç bir real əhəmiyyəti yoxdur. Onun fikrincə, payızda «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik etmək istəyən hakimiyyət qeydiyyat prosesini çətinləşdirmək və fəaliyyət imkanlarını məhdudlaşdırmaq istəyir. Onlar bu istiqamətdə də alternativ mövqe ortalığa qoyacaqlar.

HAKİMİYYƏTİN ALTERNATİVİ VARMI?

Əli Kərimli deyir ki, bütün bu qanunvericilik təşəbbüslərinin arxasında 3 başlıca məqsəd durur. Birincisi, əhalinin fəallığını artırmaq, ikincisi isə həm xalqa, həm də beynəlxalq aləmə nümayiş etdirmək ki, demokratiyanın inkişafına mane olan hakimiyyətə alternativ mövcuddur. Əli Kərimlinin deməsinə görə, üçüncü məqsədləri isə vəziyyətin dəyişəcəyi təqdirdə mövcud imkanlardan bəhrələnməkdir.

Mübariz Əhmədoğlu
Ancaq Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə deyir ki, müxalifət gecikib. Onun fikrincə, bələdiyyə seçkilərinə cəmi 4 ay qaldığından müxalifət çətin ki, öz layihələrinin müzakirəsinə və qəbuluna nail ola bilsin. Mübariz Əhmədoğlu hesab edir ki, müxalifət bəhanə axtarışını bir kənara qoyaraq mübarizəyə başlamalıdır. Onun fikrincə, Azərbaycan müxalifətinin başlıca problemi qarşısına öz gücünə uyğun olmayan məqsədlər qoymasıdır:

- Azərbaycanda bələdiyyə seçkilərində uğur qazanmaq asandır. Bu prezident seçkisi deyil. Qoy əvvəl uğurun nə olduğunu bilsinlər. Sonra iştah diş altındadır. Bunlar isə istəyir ki, prezident əlini-ayağını bağlayıb hakimiyyəti bunlara versin. Belə şey olar?

MÜXALİFƏT ÜÇÜN UĞUR SEÇKİNİ UDMAQ YOX, ÖZÜNÜ QORUMAQDIR

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu isə müxalifətin gecikməsi haqda deyilənlərlə razılaşmır. Ancaq o da müxalifətin nə bələdiyyə nə də parlament seçkilərində uğur qazana biləcəyinə inanır:

- Müxalifət seçkilərdən istifadə edib yerlərdə əhali ilə təmaslarını gücləndirə bilər. Bu həm yerli strukturların tamamilə dağılmasının qarşısını alar, həm də cəmiyyətə alternativ fikirlərin mövcudluğunu aşılaya bilər.

Azər Rəşidoğlu deyir ki, əhalidə ciddi narazılıqlar olsa da təkcə qanunvericiliyin dəyişdirilməsi ilə azad və ədalətli seçkilərə nail olmaq mümkün deyil. Bundan ötrü real mənzərə dəyişməli, ortalığa həm resurs, həm də ideoloji baxımdan həqiqi alternativ qoyulmalıdır. Onun fikrincə, əslində, bu olmasa, heç qanunvericilik istiqamətində dəyişikliklərə də ümid etmək olmaz.
XS
SM
MD
LG