Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:41

Azərbaycan iqtisadi azadlıq sahəsində irəliləyib, amma Qafqazda ən geridədir


Hacıqabul Kərpic Zavodu
Hacıqabul Kərpic Zavodu
Vaşinqtondakı tanınmış «The Heritage Foundation» və «The Wall Street Journal» dünya ölkələrində iqtisadi azadlıqların vəziyyətinə dair hesabat yayıb.

Yanvarın 20-i yayılan hesabatda dünyanın 179 ölkəsində vəziyyət qiymətləndirilib və ölkələrdəki vəziyyətə 0-dan 100-ə qədər qiymət verilib. Azərbaycana da 58.8 bal verilib və o, 179 ölkə arasında 96-cı sırada göstərilib.
Hesabatda iqtisadi azadlıqların vəziyyətinə görə, Azərbaycanın Qafqazda ən geridə olduğu göstərilir. Sənədə görə, Gürcüstan iqtisadi azadlıqların səviyyəsinə görə 179 ölkə arasında 26-cı, Ermənistan isə 38-ci yerdədir. Siyahının 96-cı yerində qərar tutmuş Azərbaycanın sağ-solunda Misir, Tunis, Tanzaniya, Nikaraqua kimi ölkələrin adları qeyd edilir.

Amma «The Heritage Foundation» yazır ki, Azərbaycan iqtisadi azadlıqların vəziyyətinə görə keçən ilə baxanda 8 pillə irəliləyib.

Azərbaycan Asiya-Sakit Okean bölgəsində 41 ölkə arasında 16-cı sırada qərarlaşıb. Bu sahədə ölkənin vəziyyəti regionda orta səviyyədən xeyli yüksək, amma dünya üzrə orta səviyyədən hələ də bir qədər aşağıdır.

Hesabatda göstərilir ki, Azərbaycanın iqtisadi inkişafı əsasən neft və qaz hesabına baş verir. Hökumət iqtisadi azadlıqların təmin edilməsi üçün geniş islahatlar həyata keçirir. Dünya ticarətinə açıqlıq, vergi tənzimləmələrinin dünya standartlarına yaxınlığı, biznes proseslərinin düzgün nizamlanması, ictimai sektorda idarəetmənin yaxşılaşdırılması bazar iqtisadiyyatı sisteminə keçidə kömək edib.

«The Heritage Foundation» və «The Wall Street Journal» Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə vəziyyəti bu cür qiymətləndirir. (Sahələr üzrə vəziyyət 100 mümkün bal əsasında qiymətləndirlib.)

BİZNES AZADLIĞI 74.6 BAL.

Azərbaycanda tənzimləmə mühiti ümumilikdə yaxşılaşıb. Biznesə başlamaq üçün lazım olan müddət 35 gündür. Bu da orta dünya səviyyəsindən iki dəfəyə qədər aşağıdır. İş görmək üçün lazım olan icazənin alınması üçün 18 prosedur keçilməlidir. Bu da orta dünya göstəricisi səviyyəsindədir. Amma işin bağlanması çox asandır.

TİCARƏT AZADLIĞI 77.1 BAL.


Azərbaycanda zəif qanuni tənzimləmə mexanizmləri, gömrük idarəçiliyində özbaşınalıq, davamlı maraq toqquşması, mülkiyyət hüququnun zəif qorunması və gömrük sistemində korrupsiya ticarət qiymətlərini yüksəldir.

VERGİ AZADLIĞI 79.5 bal.

Azərbaycanda yüksək gəlir vergisi və şirkətlər üçün mülayim sistemi var. 2010-cu il yanvarın 1-dən gəlirə görə vergilərin ümumi həcmi 35 faizdən 30 faizə enib. Şirkət vergisi də 22 faizdən 20 faizə enib. Ölkədə ümumi daxili məhsulda vergilərin ümumi payı 18.4 faizdir.

DÖVLƏT XƏRCLƏRİ 77.5 BAL.

Dövlət xərcləri, o cümlədən də istehlak xərcləri ümumilikdə aşağıdır. Son illər ümumi daxili məhsulda dövlət xərclərinin payı 27.4 faiz olub. Enerji və su təchizatı hələlik hökumətin nəzarətindədir.

MALİYYƏ AZADLIĞI 62.7 BAL.

2006-2008-ci illərdə inflyasiya kəskin artaraq, təxminən 18.6 faiz olub. Hökumət bəzi qiymətlərə və dövlət şirkətlərinə nəzarət edir. Xaricdən mal gətirilməsini əllərində saxlayan monopoliyalar ölkədə qiymətlərin aşağı enməsinə imkan vermirlər.

SƏRMAYƏ AZADLIĞI 55 BAL.

Əksər sahələrə birbaşa xarici sərmayənin yatırılmasına imkan verilir. Amma milli təhlükəsizlik və müdafiə xarakterli sahələrə xarici sərmayə yatırılması qadağandır.

Ölkədə ümumi tənzimləmə sistemində irəliləyiş var. Amma qeyri-şəffaflıq, korrupsiya, zəif qanuni institutlar, siyasi bağlılığı olan monopoliyalar, qeyri-rəsmi bürokratik əngəllər qanunların işləməsinə və normal rəqabət mühitinin yaranmasına ciddi maneələr yaradır.

Qanuna görə, xarici sərmayəçilərə yerli sərmayəçilərdən ciddi fərqlər nəzərdə tutumur. Vergiləri ödəməklə xarici sərmayəçilər əksər gəlirli sahələrdə işitaka buraxılırlar. Təbii fəlakətlər, epidemiyalar, yaxud da başqa fövqəladə hallarda milliləşdirmə mümkündür, bu halda da xarici sərmayəçilərin münasib kompensasiya almaq ixtiyarları var.

BANK SEKTORUNDA AZADLIQ 40 BAL.

Azərbaycanda bank sektoru sürətlə inkişaf edir. 2004-cü ildən bəri bank kreditlərinin həcmi ilə 50 faizdən çox artıb. Mərkəzi Bank kəskin böyümədən yarana biləcək problemlərin qarşısının alınması üçün tədbirlər görür. Özəl banklar dövlət banklarından daha sürətlə inkişaf edirlər. Amma uzunmüddətli maliyyə qaynaqlarına çıxmaq imkanları məhduddur. Həm hökumət, həm də özəl biznes üçün bazarın imkanları məhdud və qeyri-müəyyən olaraq qalır. Xarici maliyyənin bank sektorunda iştirakına limit yoxdur. Bir neçə xarici bank Azərbaycanda öz bölmələrini açıb. Dövlətin nəzarətində olan Beynəlxalq Bank bu sahədə üstünlüyünü saxlayır.

MÜLKİYƏT AZADLIĞI 20 BAL.

Azərbaycanın məhkəmə sistemi bürokratik qaydalarla dolub-daşır və ümumilikdə korrupsiyalaşmış, ciddi təsir gücü olmayan bir sistem kimi tanınır, müstəqil fəaliyyət göstərə bilmir. İdarəetmənin keyfiyyəti, etibarlılığı və şəffaflığı olduqca aşağı səviyyədədir. Qanun pozuntuları, zəif müqavilə sistemi bir çox şirkətin işləmək imkanlarını aşağı salır.

KORRUPSİYADAN AZADLIQ 19 BAL.

Korrupsiya kənardan belə hiss ediləcək səviyyədə yayğındır. «Transparency İnternational» təşkilatının 2008-ci ilə dair sıralamasına görə, Azərbaycan 179 ölkə arasında 158-ci yerdə göstərilir. Məhkəmə və polis sistemi daha çox korrupsiyalaşmış orqanlar kimi tanınır. Vergi və gömrük idarələrində rüşvət üçün imkanlar yaradılıb. Məmurlar monopolistlər kimi fəaliyyət göstərirlər. Bütün səviyyələrdə korrupsiya var. Siyasi bağlılığı olan biznes təşkilatları hökumət qərarlarında üstünlüklər əldə edirlər. Onlar iqtisadiyyatda ən qazanclı sahələri əllərində saxlayırlar.

ƏMƏK AZADLIĞI 82.5 BAL.

Azərbaycanda əmək bazarı demək olar ki, azaddır. Son dövrlərdə aparılan islahatlarla işlək bir işəgötürmə mexanizmi yaradılıb. İşçiyə maaşdan savayı çəkilməli olan xərclərin miqdarı müasir normalara uyğundur və lazım olanda işçinin işdən çıxarılmasına görə ciddi cavabdehliklər yoxdur.
XS
SM
MD
LG