Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:13

Daşqın qaçqınları


- İndi hara gedirsiniz, qoyunları hara aparırsınız?

- Qaragüney kəndindən gəlib Şirvan şəhərinə gedirik.

Bir neçə gündür ki, Kür çayının daşqınlarından canını qurtaran insanlar əllərinə nə keçibsə, daşqın sularından nəyi çıxarmaq mümkün olubsa, onu Kür çayının o biri tayına, Şirvan şəhərinə daşımaqdadırlar. Kimi yalnız öz canını, kimisə bir qədər zirək tərpənib mal-qarasını, toyuq-cücəsini təhlükəsiz əraziyə aparır. Hələ ki, Kürün dağıtdığı qoruyucu bəndi bağlamaq mümkün olmadığından adamlar köçməkdə davam edir:

- Ayağımız hara, başımız da ora, bilmirik hara gedirik.

HEYVANLAR BAĞLI QALDI DAMDA, SUYUN ALTINDA


Qaragüney kənd sakini Gülbəniz Zeynalova deyir ki, su o qədər surətlə kəndi basıb ki, özünü və övladlarını güclə xilas edə bilib. Həyətdəki toyuq-cücə, tövlədəki mal-qaranı açıb buraxmağa macal tapmayıb:

- Gördük ki, su bağın başındadır, su pilləkənə çatmamış uşaqları çıxartdım, sonra heç nə yadımda deyil. Ancaq gücüm uşaqlarıma çatdı, qalan hər şey qaldı, qalmışam çöllərdə. Uşaqları Şirvan şəhərinin küçələrində qoyub gəlmişəm.

Gülbəniz xanım yenidən kəndə qayıdıb heyvanları, toyuq-cücəni, həyətdəki iti açıb buraxmaq istəsə də, artıq iş-işdən çoxdan keçibmiş.

Müharibə nəticəsində Ağdamdan qaçqın düşən Şahnisə xanım da Şirvana doğru yön alan daşqının qaçqın saldığı insanların içərisindədir:

- Allahın rəhmi gəlsin, özü bizə kömək eləsin...

BU DA QARABAĞ DEYİL Kİ, ÖHDƏSİNDƏN GƏLMƏSİNLƏR

Su içərisində köməksiz qaldıqlarını deyən Qaragüney, Dadaşbəyli kəndlərinin sakinləri hesab edirlər ki, yuxarılar onların müraciətlərinə biganə qalmasaydılar, belə bir vəziyyət yaranmazdı:

- Bu da Qarabağdır ki, öhdəsindən gəlmək olmasın, bunun əvvəl qarşısını alaydılar, bilmirdilər ki, belə təhlükə var. Gedin baxın evlər var ki, qocalar var ki, çıxaran yoxdur. Mən gecədən səkkiz qocanı çıxarmışam. Bu da Qarabağdır, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin boynuna yıxalar? Bu daşqını da onlar eləyib? İndi bu qədər texnika, maşın canlı qüvvəni cəlb ediblər, nəticə də yoxdur, olmazdı ki, bunu əvvəldən edəydilər.

Biz Qaragüney kəndində olanda kimsəsiz qaldığını deyən ahıl bir qadın hara gedəcəyini bilmirdi:

- Ay Allah, mən nə edim, necə gedəcəm? (ağlaya-ağlaya).

«BU QƏDƏR TEXNİKANI ƏVVƏL CƏLB ETSƏYDİLƏR, BELƏ FƏLAKƏT OLMAZDI»

İki minə yaxın yük və digər ağır texnika cəlb olunmasına baxmayaraq, güclü su axınının dağıtdığı bəndi hələ də bağlamaq mümkün olmayıb. Mayın 9-dan 10-na keçən gecə digər yaşayış məntəqələrini daşqınlardan xilas etmək istəyən hökumət nümayəndələri Sabirabad rayonunun Azadkənd istiqamətindən Bakı-Astara istiqamətində gedən dəmiryolu xəttini dağıdılıb.

Bu, müvəqqəti çətinlikdir
Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov:

«İndi Bakıdan-Astaraya nə yük, nə də sərnişin qatarı işləmir. Bu işlər yoluna qoyulandan sonra bərpa ediləcək. Amma eyni xəttlə Bakı-Horadiz yolu işləyir. Çünki bu yol eyni istiqamətdə olsa da Sabirabadın Azadkənd istiqamətindən ayrılır deyə bu yolda problem yoxdur. Hər gün Bakı-Astara istiqamətdə yeddi sərnişin vaqonu gedib gəlir. Bu, müvəqqəti çətinlikdir».

Kəndləri su altında qalan sakinlər ilk günlər onlara ümumiyyətlə heç bir yardım olunmadığını deyirlər.

Yalnız ötən şənbə daşqın nəticəsində qaçqın düşənlərin yerləşdirilməsi üçün Şirvan şəhərinin Yeni Şirvan qəsəbəsində və Sabirabad rayonundakı stadionda çadırlar qurulub və adamlar həmin istiqamətə daşınıb.

Çadır şəhərciyinə aparılan adamlar qeydiyyata alınandan sonra onlar hazır qurulmuş çadırlarda yerləşdirilir.

Şənbə günü - mayın 8-də görülən işlərlə bağlı jurnalistlərin suallarını cavablandıran baş nazirin birinci müavini Abid Şərifov vəziyyətin mürəkkəbliyini etiraf edib, dörd-beş günə suyun yuyub apardığı bəndin bərpa oluna biləcəyini deyib.

Hadisə yerindən aldığımız məlumata görə, hələ ki, şənbədən bu yana həmin ərazidə ciddi bir irəliləyiş əldə olunmayıb.

HƏMÇİNİN OXU:

SU BASMIŞ BÖLGƏDƏ 9 KƏND TAMAMİLƏ BOŞALDILIB
XS
SM
MD
LG