Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:57

Təbii fəlakət nəticəsində 30 mindən çox adam ziyan çəkib


Sabirabad, 12 may 2010
Sabirabad, 12 may 2010
Sabirabadın su basmayan kəndlərindən çıxmış camaat geri qaytarılır. Dövlət rəsmiləri deyirlər ki, artıq yeddi kəndi su basma təhlükəsi sovuşub. Su basan bəzi kəndlərdə isə bəndlərin bərpası qurtarıb, su çəkilir. Mürsəlli kəndinin sakinlərinin üzü gülür, çünki necə gündür mütəxəssislər onların kəndində işləyirlər, bəndi bərpa etməyə çalışırlar:

- Yaxşıdır vəziyyət. Şükür, bəndləmə qurtardı, ona görə də su getdikcə azalır.

- Evimizə hələ yığışa bilmirik. Ev suyun altına qalmışdı. İki ay çəkər yığışmağımız.

Mürsəlli kəndinin sakini Asif Qəhrəmanov deyir ki, evləri salamat qalmağına qalıb, amma əkin yerləri, təsərrüfatı sıradan çıxıb:

QURU YURDDA QALMIŞIQ

- Nəyim qaldı ki? Neyləyəcəm, heç bilmirəm. Üç kənddə mindən çox təsərrüfata ziyan dəyib. Mal-qara tələf olub, su əkinlərimizi yuyub aparıb. Dağılan evlər də var.

Asif Qəhrəmanov deyir ki, bir həftədən çoxdur ki, hamının başı daşqınların yaratdığı problemlərə qarışdığından itirdiklərini nəylə qaytaracaqlarını heç düşünə də bilməyiblər. Amma anlayırlar ki, sel-su əkin-biçini yuyub apardığından quru yurdda qalıblar.

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyevin sözlərinə görə, Sabirabad və Salyan rayonlarında ümumilikdə 15 mindən artıq toyuq-cücə tələf olub. Mayın 12-nə olan məlumata görə, Sabirabad rayonunun su altında qalan yalnız üç kəndində 120 baş inək, 300 başa qədər də qoyun-keçi məhv olub. Ölkə üzrə 49 min hektara yaxın əkin sahəsi su altında qalıb.

Hələlik nə qədər adamın ziyan çəkdiyi barədə isə məlumat verilmir. Salyan rayonunda yerləşən Demokratiyaya Yardım İctimai Birliyin sədri Emin Məmmədov hesab edir ki, təbii fəlakət nəticəsində 30 mindən çox adam ziyan çəkib:

CAMAAT EVİNƏ PƏNCƏRƏDƏN GİRMƏYƏ MƏCBUR OLUR

- Salyan Kür daşqınlarına ən çox məruz qalan rayon mərkəzidir. 11 kənd təhlükəylə üzləşib. O cümlədən, rayon mərkəzinin özü. Buranın 36 min əhalisi var.
Camaat evinə pəncərədən girməyə məcbur olur, həyətləri su basıb.

Təbii fəlakət zonasında olan dövlət rəsmiləri hələlik nə qədər adamın ziyan çəkməsi, zərərin miqyası barədə danışmırlar. Bircə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib ki, evləri uçanlara yeni ev tikiləcək.

Sarısu gölü ətrafında yerləşən Hacıqasımlı kəndinin icra nümayəndəsi Əlbilal Əsədov isə deyir ki, Arazın daşması nəticəsində camaatın əkin-biçininə ziyan dəyib və bu barədə onlar dövlət rəsmilərinə məlumat verirlər:

YƏQİN Kİ, KOMPENSASİYA VERİLƏCƏK

- Yəqin ki, kompensasiya veriləcək. Dəymiş zərər ödəniləcək. Camaatın taxıl sahələri batdı.

«Təbii fəlakətlərin vurduğu ziyanı aradan qaldırmaq, əhaliyə kompensasiya vermək üçün dövlət büdcəsinin Ehtiyat Fondu var», - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu belə deyir. Ekspertin sözlərinə görə, təkcə əhaliyə dəyən ziyan yox, həm də biznesə dəyən zərər ödənilməlidir:

BAHAÇILIQ YARANACAQ

- Təbii fəlakətlər ziyanı daha çox aqrar sahəyə verir. Əgər şəxsi təsərrüfatlara dəyən ziyan ödənilməsə, onda ölkə başqa problemlərlə qarşılaşacaq. Çünki onların təkrar istehsal imkanları aşağı düşəcək, məhsuldarlıq azalacaq, bazarda həmin sektordan gələn məhsulların qıtlığı və nəticədə bahaçılıq yaranacaq. Bunlar isə sosial partlayışı şərtləndirən amillərdən biri ola bilər.

Qubad İbadoğlu deyir ki, həm yerli bələdiyyələrdə, həm də Kənd Təsərrüfatı Nazirliyində şəxsi təsərrüfatlarla bağlı statistik məlumatlar toplanır, ona görə də o, şəxsi təsərrüfatlara kompensasiya hesablanmasında çətinlik yaranmayacağına şübhə etmir.
XS
SM
MD
LG