Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Britaniya millət vəkilləri: NATO Rusiya təhlükəsinə hazırlıqsızdır


NATO hərbçilərinin təlimi, 2014
NATO hərbçilərinin təlimi, 2014

-

Britaniya millət vəkillərinin nüfuzlu qrupu bildirib ki, NATO özünə üzv hər hansı ölkəni Rusiyanın hücumundan qorumağa hazırlıqlı deyil.

Britaniya parlamentinin Müdafiə Komitəsinin verdiyi rəyə görə, Ukraynadakı son münaqişə NATO-nun təhlükələri dəf etmək sahəsindəki hazırlığında «ciddi çatışmazlıqları» üzə çıxarıb və təşkilatda «radikal islahatlar»a ehtiyac var.

Millət vəkilləri bildiriblər ki, adi silahlarla münaqişə təhlükəsi ehtimalı cüzi olaraq qalır, lakin kiberhücumların dəf olunması və qeyri-nizami silahlılara qarşı hərbi əməliyyatlar sahəsində ciddi islahatlar aparılmalıdır.

NATO rəhbərliyi Britaniya parlamenti komitəsinin qeydlərini araşdıracağını vəd edib.

NATO BALTİKYANI ÖLKƏLƏRDƏ DAİMİ QOŞUN SAXLAMALIDIR

Komitə konkret olaraq təklif edir ki, NATO «kövrək» Baltikyanı ölkələrdə - Litva, Estoniya və Latviyada davamlı qoşun və hərbi avadanlıq saxlamalıdır.

Qeyri-nizami yaraqlılara və kiberhücumlara qarşı hazırlıq amili NATO-nun öhdəliklərinə aid 5-ci maddəsinə əlavə olunmalıdır.

Bu maddə bir NATO ölkəsi hücuma məruz qalarsa, başqa üzvlərin köməyə gəlməsini nəzərdə tutur.

Komitənin tövsiyələrində deyilir ki, mövcud çevik hərəkət qüvvələrində «ciddi» gücləndirmə işləri aparılmalı, NATO ölkələrinin genişmiqyaslı manevrləri keçirilməlidir.

Britaniya millət vəkilləri xəbərdarlıq ediblər ki, NATO-nun üzv ölkələri arasında hər hansı hücumun həmrəyliklə alınması işində fikir ixtilafları ortaya çıxa və ya ictimai rəy 5-ci maddənin Rusiya ilə qarşıdurmada tətbiqinin əleyhinə ola bilər.

«NATO hazırda Rusiyanın hər hansı NATO üzvünə qarşı təhdidinə yaxşı hazırlıqlı deyil» –Britaniya parlamenti komitəsinin hesabatında deyilir.

NATO ÖZÜNƏ HƏDDƏN ARTIQ GÜVƏNİR

Hakim Mühafizəkarlar Partiyasından komitənin sədri Rory Stewart deyib ki, «Rusiyanın hər hansı üzv ölkə üzərinə hücum ehtimali çox az olsa da, əhəmiyyətlidir və biz NATO-nun bu təhlükəyə hazırlıqlı olduğundan əmin deyilik».

Rusiya ordusu hərbi təlimlərdə - 2014
Rusiya ordusu hərbi təlimlərdə - 2014

«NATO bu vaxtadək Rusiyadan qaynaqlanan təhlükələr barədə çox arxayın olub və hazırda bu təhlükələri dəf etməyə kifayət qədər hazırlıqlı deyil» –komitə sədri deyib.

Balkanlarda, Əfqanıstan və İraqda xidmət etmiş keçmiş hərbçi və diplomat Rory Stewart bildirib ki, vəziyyəti qəlizləşdirən Rusiyanın taktikasını çevik dəyişdirməsi, informasiya müharibəsinə hazırlığını artırması və qeyri-nizami «separatçı» qrupları özünün xüsusi qüvvələri ilə razılaşdırmış şəkildə yönləndirə bilməsidir.

O deyib ki, Rusiya bütün bu taktikalardan NATO-nun tərəfdaşı olan Ukraynada onun bir parçasının ilhaq edilməsində istifadə edib.

HƏYƏCAN TƏBİLİ

Hesabatda deyilir ki, NATO son iyirmi ildə Rusiyaya təhlükə kimi baxmasa da, indi bunu etməyə məcburdur: «Ukraynadakı hadisələr, bundan əvvəl, 2007-ci ildə Estoniya üzərinə kiberhücum və Gürcüstana hərbi müdaxilə NATO üçün həyəcan təbili olmalıdır».

Hesabat Britaniya hökumətinə Uelsdə keçiriləcək NATO sammitində bu məsələləri qaldırmağı tövsiyə edir.

Britaniyanın müdafiə naziri Michael Fallon BBC-yə müsahibəsində bildirib ki, London NATO-nun Avropada keçiriləcək irimiqyaslı təlimlərində iştiraka hazırdır.

NATO-nun sözçüsü, keçmiş BBC əməkdaşı Oana Lungescu deyib ki, bu ilin martında alyansın rəhbəri Anders Fogh Rasmussen də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını «həyəcanlı meyl» adlandırıb.

Cənab Rasmussen, həmçinin, bildirib ki, NATO dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmalıdır və bu istiqamətdə sentyabrda Uelsdə keçiriləcək sammitdə konkret təkliflər səslənəcək.

O bildirib ki, NATO xüsusilə də alyansın Şərqdəki üzvlərinin müdafiəsinin möhkəmləndirilməsi üçün kollektiv hərbi qüdrətini artırmağı planlaşdırır.

Anders Fogh Rasmussen bildirib ki, təşkilatın 28 üzvü Baltikyanı regionun hava patrulu mühafizəsini birlikdə həyata keçirir və Polşada NATO üzvlərinin genişmiqyaslı manevrləri planlaşdırılıb.

Britaniya Polşada keçiriləcək manevrlərdə iştirak üçün 1350 nəfərlik əsgəri qüvvə göndərəcək.

Bu, 2008-ci ildən bəri Britaniyanın təlimlərə göndərdiyi ən böyük kontingentdir.

XS
SM
MD
LG