Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:39

Əli Əkbər. Sovetski xatirələri (1-ci yazı)


Əli Əkbər
Əli Əkbər

-

Utanırdım ki, belə xırdaçı atam var...

O bütün satıcılarla dava çıxarmalıdır, ağız-ağıza verməlidir, qiymət öldürməlidir, tərəzini yoxlamalıdır, mən də xəcalət tərləri tökməliyəm. Böyüdükcə, tərin həcmi də artırdı...

Onun rayonlu dostu yox idi, ola da bilməzdi. Mən, evimizə qeyri-bakılının qonaq gəldiyini, onun bir qeyri-bakılı ilə söhbət etdiyini görmədim...

Əli Əkbər

SOVETSKİ XATİRƏLƏRİ

(1-ci yazı)

Atam

“Sovetskinin sənin üçün romantikası heçmi yoxdur? Heç olmasa tünd tonlarda da olsa bir xatirəsi?” Bu sualı bir bakılı tanışım vermişdi.

Sökülən köhnə Bakıya qarşı hissiz, laqeyd olduğumu düşünüb soruşmuşdu.

Elçin Əfəndiyevin yaratdığı “Bakı”nı sevən tanışımın xahişi də var: “Sən də “Gümüşü furqon” kimi öz Bakını yarat, biz də onu sevək”.

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

Bilmirəm, qarışıq hisslər keçirirəm. Bunu mənə Seymur da tez-tez deyir: “Bakını yaz, Bakını yaz, İstanbulu da yaz, hər şeyi yaz, yaz, yaz...” Demək asandır, ürəyim rahat deyil, fikirlərimi cəmləyə bilmirəm, hər şey çox dağınıq, bulanıqdır. İstanbula heç toxunmayaq - mən bu nəhəngə toxuna bilmirəm, bilməmişəm hələ.

Cəsarətim çatmır. Bakıya, Sovetskiyə gəlincə xatirələrim çoxdur, aralarında işıqlı olanları da var, tünd olanları da, amma qaçırlar əlimdən, barmaqlarımın arasından süzülüb gedirlər. Xatirələrimə xəyanət etmişəm, onları bəsləməmişəm, əzizləməmişəm deyə, uzaqlaşıblar məndən. Mən onlardan bir addım uzaqlaşanda, onlar iki addım uzaqlaşıblar.

Nə vaxtsa bu uzaqlaşmaya, yadlaşmaya “dur” deyib torbaya dolduracam onların hamısını, yazacam, yazmalıyam. Deyəsən, “ömür vəfa edər” inancı ilə, ildən-ildə ötürürəm, sona saxlayıram, bəlkə də tələsməliyəm. Getdikcə də hiss edirəm ki, xatirələrimin Bakısı artıq heç kəsə maraqlı deyil, mövzunun həyacanı qalmayıb, hər şey amansız bitib. Bu haqda da yalnız susmaq, ya da ağlamaq olar.

Sovetski... Foto: Cahangir Yusif
Sovetski... Foto: Cahangir Yusif

80-lərin Sovetskisinin kələ-kötür məhəllələri, evləri, həyətləri; yun çırpan qadınların çubuqlarından çıxan kəskin fit səsləri; göyərçinlər ki, səhvən sənin eyvanına qonub qan davasına səbəb olurlar; günbatımında marixuana rayihəsinin qızarmış kartofun doğma ətrinə qarışması; həyasız arvadların saçyoldusu, qışqırışması – yazıla bilər, yəqin ki, yazılmalıdır.

Mən, bu siçovullu məhəllələrdə doğulub bağçaya, məktəbə getmişəm. İlk dəfə sevmişəm, ilk dəfə dalaşmışam, bütün əclaflıqların ilkini etmişəm. Çox səhərlər də bu mənzərəyə oyanmışam - günəş taxta jalüzilərin arasından şüşəbəndə süzülür, atam ayaq üstə dayanıb, iti ülgüclə üzünü qırxır, radio açıqdır, Şövkət oxuyur. Atam zümzümə edə-edə əvvəl sağ, sonra sol yanağını qırxır, çənəsini və bığlarını sona saxlayır.

Axırda da “Şipr”lə odekolonlanır. Güzgüdəki əksindən razı qalırsa, fit çala-çala mətbəxə tələsir, çaydanın altını yandırır, sosiskanı, yumurtanı qaynamağa qoyur və yüksək səslə “Oğlum, sən lap acından öldün ki! Dur əl-üzünü yu!” süni panikası ilə, onsuz da oyanmış olan məni oyadır.

Bağçaya gedəndə elə bilirdim Nəriman Nərimanovun heykəli də bağçaya gedəcək, ona görə soruşurdum tez-tez: “Bəs Nəriman baba gəlmir?”

Yağış yağır, Ostrovski küçəsini sel aparır, amma mən bağçaya getməliyəm. Atam, mən qucağında, gölməçələrin üstündən məharətlə atlayıb tənginəfəs bağçaya çatır, burada onun üzü gülür, əhvalı birdən-birə yüksəlir, çünki rus tərbiyəçi ilə mazaxlaşacaq, axşamı danışacaqlar. Elə bilir xəbərim yoxdur, amma mən hər şeyi görürəm, bilirəm.

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

Mandarin ətirli Yeni il axşamları, məktəbimizin mastika iyli dəhlizləri, bütün kitabların şahı, gözəl qoxulu əlifba kitabım “Букварь”. Əslində ən fundamental sevinclərin ünvanıdır Sovetski. Amma mən Sovetskini atamsız, atamı da Sovetskisiz təsəvvür edə bilmirəm. Atamdan sonra, 94-də, Sovetski həmişəlik bitdi. Ona görə Sovetski haqqında danışıramsa, hekayətimin yarısını atam doldurmalıdır.

Səksənlərin ortalarıdır. Atamla Passaj bazarına düşürük. O bütün satıcılarla dava çıxarmalıdır, ağız-ağıza verməlidir, qiymət öldürməlidir, tərəzini yoxlamalıdır, mən də xəcalət tərləri tökməliyəm. Böyüdükcə, tərin həcmi də artırdı. Utanırdım ki, belə xırdaçı atam var. Xırdaçı və xəsis. Yox, mənə qarşı xəsis deyildi, ən çox da kitab almaq üçün həvəslə pul verirdi. Amma ömründə saqqız almazdı mənə, hətta “Cırtdan”ı da çox görərdi.

Saqqıza nifrət edirdi. Mən də saqqızı küçədə çeynəyib, atıb, sonra evə gəlməli olduğuma görə, ciddi travma ilə böyüdüm. Allah qorusun - onun qabağında töyşümək nəydi, saqqızı partlatmaq nəydi, onu ağzından çıxarıb harasa qoymaq, yapışdırmaq nəydi. Yox, əl qaldırmazdı, amma pis-pis baxıb, bir-iki ağır söz deyərdi. Onda da ona nifrət edərdim.

Tərtəmiz, dümağ köynək, şıq kostyum, başında mütləq şlyapa. Gözümü açandan, atamı bu obrazda görmüşəm. İlk dəfə “Xaç atası”na baxanda, atamı Marlon Brandoya da oxşatmışdım. Mimikalarını, bəzi jestlərini, danışanda ağzını əyməsini. Atam protezlərini çıxarıb suya qoyandan sonra, onu danışdırmağı sevirdim – əyri, dişsiz ağzı ilə tamam dəyişirdi, məsum görünürdü.

Ağzında dişi olmayanda ona acıyırdım, qanadlarımın altına almaq, qorumaq istəyirdim. O, protezsiz ağzı ilə danışırdı, mən isə qarşıdakı mənzərəyə – körfəzə və mənə hər üç saniyədə bir göz vuran, bulvardakı saat qülləsinə baxırdım. İlıq külək, soyumaqda olan qırın iyini şüşəbəndə doldurur, tut ağacının yarpaqları xışıldayır, əvvəl atam xoruldayır, sonra mən yatıram.

Şlyapalı, kostyumlu kişinin cins şalvarlara, üstü yazılı, rəngli maykalara allergiyası vardı. Mən isə onun kostyumlarını, şlyapasını, odekolonunu görmək istəmirdim. Geyim üstündə tez-tez mübahisəmiz düşürdü, atam məni çox ciddi geyindirmək istəyirdi, mənsə “Adidas” arzusundaydım. Aramızdakı ziddiyyətlərin sayı-hesabı yox idi.

Mən “Modern Talking”in plastinkasını alanda da ondan gizlətməliydim ki, görüb qiymətinə və məzmununa deyinməsin, abrımı aparmasın. Bu “axmaq” plastinka onun Zeynəb Xanlarova, Robertino Loretti, Müslüm Maqomayev plastinkaları ilə qonşu ola bilməzdi. Amma evdən ki, bayıra çıxdı, mənim bayramım başlayırdı. Səs bürüyürdü məhləni - “Brother Louie“, “Cheri cheri lady”...

Atam Sovetskini çox sevirdi. Ana vətəni Coratdan da çox. Bakılı olmağı ilə fəxr edirdi. Daha doğrusu, bakılı olmamağın mümkünlyünü ehtimal etmirdi. Onun rayonlu dostu yox idi, ola da bilməzdi. Mən, evimizə qeyri-bakılının qonaq gəldiyini, onun bir qeyri-bakılı ilə söhbət etdiyini görmədim. Atama, Bakı snobizminin qranit heykəli də demək olar.

Sərxan Sərxan
Sərxan Sərxan

Əslində düşünərək etmirdi bunu, sadəcə həyatı başqa cür təsəvvür edə bilmirdi. Nərd oynamırdı, amma bakılı qədeşləri çay süfrəsinə toplayıb, muğama qulaq asdığı çox olurdu. İçki içmirdi, siqaret çəkmirdi, sağlam qidalanmağı xoşlayırdı. İçkiyə, siqaretə tez qurşanmağım da, atama etirazımdan olmuşdu.

Mən Sovetskinin küçə və dalanlarını həm də ona görə sevirdim ki, bunlar mənə evin içindən daha maraqlı gəlirdi. Kitab oxuyanda qapandığım otağımdan çıxandan sonra, evdə çox qala bilmirdim. Atamın dinlədiyi musiqilər, baxdığı verilişlər, danışdığı mövzular mənə maraqlı gəlmirdi deyə, küçəyə can atırdım. Yaşıdlarımla aramda ciddi mütaliə fərqi olsa da, bu fakt oynamağımıza mane deyildi.

Daha doğrusu, kitab oxumağı xoşladığımı uzun zaman gizlətdim onlardan, əks halda komandanın tam hüquqlu üzvü ola bilməzdim, çətin olardı. Atamın snobizminə nifrətim, insanlarla münasibətlərimi liberallaşdırmışdı. Hər kəsə qucaq açmağa, bütün məhlə uşaqlarını evimizə doldurmağa hazır idim. Evdə o qədər sıxılırdım ki, küçədə avara, xuliqan obrazına girmək mənə hədsiz zövq verirdi.

Bəli, mən heç bir zaman atamı özümə ideal seçmədim. Uşaq dünyasından, uşaq ehtiyacından anlayışsız atam mənə müxalif idi. Özümü dərk etdiyim andan, onun gündəlik proqramı bu idi: “Dərslərini oxu, yemək ye, kitab oxu, pis-pis uşaqlara qoşulma, dişlərini səhər-axşam təmizlə, əllərini gündə doxsan dəfə sabunla”.

Azerbaijan - İndian film poster
Azerbaijan - İndian film poster

Sonra bir gün, atam həyətimizdəki iki göz otağı zəngilanlı tələbələrə - bacı-qardaşa kirayə verdi. Onlar da gələn kimi, əvvəlki kirayənişinlərin divarlara yapışdırdığı Sərxan Sərxan posterlərini cırıb atdılar, yerinə “indeyski” aktyor və aktrisaları yapışdırdılar. “İndeyski” qəhramanları o vaxt mən də artıq tanıyırdım, amma “azsektor” qədər “indeyski” heyranı deyildim.

Bədən tərbiyəsi texnikumunda oxuyan bacı-qardaş mənə rayonları haqda çox əhvalatlar danışırdılar, mən də ağzımı açıb qulaq asırdım. Amma günləri qara idi onların. Həm uşaqlar məhlədə arxalarınca “çuşkalar, çuşkalar, basın bayıra rayona” qışqırırdılar, həm də atam onlara gün vermirdi, rəsmən bezdirmişdi. Bir gün də “pintisiniz, iy verirsiniz” deyə, atam onları qovdu. Qeyri-bakılılarla ilk və qısa təmasım belə olmuşdu Sovetskidə.

Atamın bütün hərəkətlərinin lal şahidi idim. O, bütün qərarları, sözləri, gülüşü, əl qabiliyyəti ilə fərqli idi. Onu sevib-sevmədiyimi də bilmirəm. Dəqiq bildiyim odur ki, mənim nəzərimdə qan qohumluğunun heç bir dəyəri yoxdur. Deyəsən mən onun yaxşı tərəflərini də, pis tərəflərini də eyni şiddətdə sevir ya da nifrət edirdim.

Növbəti yazımda Fikrət Qocanın “qluşitel”inə soxduğumuz kartofdan bəhs edəcəm.

Ardı

XS
SM
MD
LG