Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:18

Alver ölüb, basdıran lazımdı...


Bakıda mebel salonu
Bakıda mebel salonu

-

“Qabaq banklar istehlak krediti verirdi, bunun da alverə müsbət təsiri vardı. Devalvasiyadan sonra kreditlər dayanıb."

Bakıdakı mebel salonlarında müştəriyə rast gəlməzsən. “Aydınoğlu” mebel salonunun direktoru Natiq Salayev deyir ki, fevralda manatın devalvasiyasından sonra müştərilər 40-50 faiz azalıb. Səbəb qiymət artımı deyil. Hər halda salondakılar belə deyirlər.

“Vallah, biz qiymətləri qaldıra bilmirik. Çünki millət öyrənib köhnə, əski qiymətlərə. Mallar da Türkiyədən gəlir. Məcburi köhnə qiymətə satırıq. Hələ qiymət qalxmayıb açığı, az-maz, heç 5 faiz qiymət qaldırmamışıq. Bəzən köhnə qiymətdən də aşağı satırıq. İcarə var, o var-bu var”.

Natiq Salayev deyir ki, alıcı çox azdır:

“Deyərdim ki, heç nə almırlar. Məcburi yataq, ya yemək dəsti alınır. Bizdə qiymət, açığı, yerli malla müqayisədə bahadı. Hamısı Türkiyədən gəlir deyə yolpulu baha çıxır. Ona görə satış çox dayanıb”.

“BANKLAR İSTEHLAK KREDİTİNİ DOLLARLA VERİRLƏR DEYƏ...”

“Konfor” mebel salonunda türk menecer də təxminən eyni şeyi deyir: “Satış çox pisdir, görürsüz, alıcı yoxdur”.

Səbəb kimi də manatın devalvasiyasını göstərir. Amma mikrofona danışmaq istəmir. Yan salonda da türk menecer qısaca cavab verir: “Bu suala müdir cavab verərdi, onun da qonağı var”.

Tələsik salona girən yeganə müştərini qarşılamağa yönəlir. Satıcı qızlar ona salondakı çeşidləri göstərir, hətta böyük monitorda sifariş verə biləcəkləri yeni modellərin nümayişi üçün hazırlığa başlayır.

“Çinar” salonunda da müştəri yoxdur. Satıcılar bir yerə yığışıb nəyisə müzakirə edirlər. Emin Quliyev “Çinar” salonunda menecerdir. “Dollar bahalanandan sonra problemlər yaşayırıq, alver zəifləyib” deyir. Emin Quliyev.

Bankların istehlak krediti verməməsinin də alverə ciddi təsirindən danışır:

“Qabaq banklar istehlak krediti verirdi, bunun da alverə müsbət təsiri vardı. Devalvasiyadan sonra kreditlər dayanıb. Çox adam malı kreditlə götürmək istəyir. Banklar da indi krediti dollarla vermək istəyirlər. Onu da hər müştəri götürmək istəmir. Bankların alverə təsiri çox idi. Belə götürəndə 20-30 faiz alver azalıb. Qiyməti də artırmamışıq. Bank sistemi düzəlsə, inşallah yaxşı olar”.

Əlbəttə, alıcıları da danışdırmaq istərdik. Amma baş çəkdiyimiz salonlarda müştəri olmadı. Bu dəfə adətən müştəri qıtlığı yaşamayan çoxmərtəbəli “Yağmur” mebel salonuna gedirik. Burda da müştəri yoxdur, satıcılar bir yerə toplaşıb sərinləyirlər. Bizi müştəri sanan satıcı həvəslə üstümüzə gəlir: “Buyurun. Nə təklif edə bilərik” söyləyir. Jurnalist olduğumuzu biləndə təəssüfünü gizlədə bilmir.

“BANK OF BAKU”: “KREDİTİ DOLLARLA VERİRİK”

Banklardan bir neçəsinə zəng vururuq. Sualımızı eşidəndə “Unibank” sualları yazılı göndərməyimizi istəyir.

“Əmrahbank”dan deyirlər ki, onlar məişət avadanlıqları və mebel üçün həm manatla, həm də dollarla kredit verirlər. Ancaq onu da deyirlər ki, hər bir filialın özünün əməkdaşlıq etdiyi ayrıca mebel salonları və məişət mağazaları var.

“Bank of Baku”ya zəng vururuq. Operatora bağlanmamış səs yazısı işə düşür: “Pul kreditlərimizi artıq manatla da veririk”. Ancaq operatorla danışanda məlum olur ki, istehlak krediti, özü də mebel kimi əşyalara görə kredit ancaq dollarla verilir. “İndiki halda vəziyyət belədir” deyirlər.

Bu ilin fevralında Mərkəzi Bank manatı 33 faiz devalvasiya edib. Maliyyə naziri Samir Şərifov bu günlərdə verdiyi açıqlamada devalvasiyanın bank sisteminə və Azərbaycanın maliyyə sektoruna mənfi təsir etdyini deyirdi.

XS
SM
MD
LG