Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:10

«Yatmırıq ki, gəlib vaqonu biz qarışıq apararlar»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«3 uşaqla gəzib-dolaşıb bu dəmir vaqonu tapdım. Bura sığındıq. İndi buradan da çıxarmaq istəyirlər. Gecə yatmırıq ki, yük kranı ilə vaqonu biz qarışıq qaldırıb aparıb başqa yerə qoyarlar...».

37 yaşlı Aynurə Talıbova 3 azyaşlı övladı ilə şəraitsiz, soyuq vaqonda yaşayır. Deyir, bəxti əvvəldən üzünə gülməyib. 18 il əvvəl qurduğu ailə üçüncü uşağı dünyaya gələndən sonra dağılıb. Ailənin başçısı onları təkbaşına buraxıb. Aynurə övladları ilə ata evinə qayıdıb. Bir müddət orada yaşayandan sonra ata evini satıb başqa yerə köçmək istəyib. Ancaq ev dəllalları dələduz çıxıb. Nəticədə qadın evsiz-eşiksiz, uşaqlarla küçələrdə qalıb.

VAQON TAPIB

9 il əvvəl gəzib dolaşıb Xətai rayonu, Neapol küçəsindəki 8 saylı binanın yaxınlığında təsadüfən bir vaqon tapıb. Vaqon sahibinə ayda 70 manat kirayə haqqı ödəməklə orada yaşamağa başlayıb. Deyir, şəraiti, istiliyi olmasa da, əsas odur ki, küçədə qalmayıblar. Ancaq indi ailə bu daldalanacağı da itirmək üzrədir:

«Bir tikinti şirkəti bu ərazini alıb, 16-mərtəbəli yaşayış binası tikmək istəyir. İndi hər gün gəlirlər ki, vaqonu qaldırıb aparıb başqa yerə qoyacağıq. Biz bunun içərisində yaşaya-yaşaya bunu necə edə bilərlər? Bəlkə elə aparıb bir qamışlığa, ya çöllüyə atsınlar... Belə də özbaşınalıq olar? Hər gün xəbərdarlıq edirlər ki, 2000 manat verək, öz xoşunla tərk elə. Hara gedim?».

Qadın deyir, övladları sığındıqları vaqonun yaxınlığındakı Ağdam məktəbinə gedirlər. Buradan da pərən-pərən düşsələr, övladlarının təhsilinin aqibəti necə olacaq, bilmir.

«DƏRNƏGÜLDƏ OTAQ TƏKLİF EDİRLƏR»

Vaqonun sahibi Hüseyn Kərimov bildirir ki, vaqonun yerləşdiyi ərazini alan işadamı ondan vaqonun götürülməsini tələb edir. Orada kirayədə qalan Aynurə Talıbova isə vaqondan çıxmaq istəmir. İndi ortada vaqon sahibi qalıb:

«Özünə 1500-2000 pul, Dərnəgüldə yataqxanada bir otaq təklif edirlər. Təklifi qəbul etsə, küçədə qalmayacaq».

Vaqon sahibi deyir ki, qadın razılaşmasa, şirkət vaqonu götürüb elə həmin ərazidə başqa nöqtəyə yerləşdirəcək. İndi qalır Aynurə Talıbovanın təkliflə razılaşıb- razılaşmaması...

XS
SM
MD
LG