Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

COVID-19-un ağır formasının fəsadları ömürlük qala bilər


Ekspertlər bildirirlər ki, ciddi COVID-19 infeksiyası keçirmiş adamların ağ ciyərlərinə dəymiş ziyan həmişəlik ola bilər.

BBC ekspertlərə istinadən yazır ki, koronavirus yoluxmasını ağır keçirmiş adamların əhəmiyyətli hissəsinin ağ ciyərlərində çoxsaylı çapıqlar qalır. Həkimlər bu yaraları ağ ciyər fibrozu adlandırırlar.

Bu yaraların sağalması mümkün deyildir və onlar kəskin təngnəfəslik, daimi öskürək və yorğunluq kimi simptomlar yaradır.

İngiltərə Milli Səhiyyə Sistemi belə xəstələr üçün xüsusi reabilitasiya mərkəzlərinin yaradılmasını planlaşdırır.

“Ağ duman”

Ekspertlər deyirlər ki, koronaviruslu xəstələrdən klinikada götürülmüş kompüter tomoqrafiyası təsvirlərində ağ çiyərin hər iki payında ağ rəngli “dumana” və “buz parçalarına” bənzəyən hissələr görünür.

Bunlar koronavirus xəstələrinin ağ ciyərləri üçün xarakterik görüntüdür.

Ekspertlər bildirirlər ki, ciddi koronavirus yoluxmasına ifrat immun reaksiya bəlğəm, selik və başqa hüceyrələrin ifrazına səbəb olur və bunlar ağ ciyərlərin alveollarını və ya hava kisəciklərini doldurur. Pnevmoniya və təngnəfəslik də bunun nəticəsində başlanır.

Xəstəxananı tərk etdikdən 6 həftə sonra bəzi xəstələrin ağ ciyərlərinin rentgen təsvilərində nazik ağ zolaqlar müşahidə edilir. Bunlar ağ ciyər fibrozunun ilk əlamətidir.

Araşdırma erkən mərhələdədir

Tanınmış Britaniya radioloqu professor Sam Hare deyir ki, virusa yoluxma və ya infeksiyalarda adətən altı həftədən sonra ağ ciyərin rentgen görüntüsü orqanın normal hala qayıtdığını göstərir.

O bildirir ki, koronavirusa yoluxmada bu baş vermir və narahatlıq doğuran da elə budur.

Hazırda İngiltərədə belə xəstələr 12 həftədən sonra daha bir rentgen seansından keçirilir. Bu, xəstənin ağ ciyərindəki yaraların pisləşib-pisləşmədiyini müəyyən etmək üçün lazımdır.

Belə yaralanma prosesinin geriyə dönüşü olmur və bir sıra hallarda isə yaralar zaman keçdikcə pisləşə bilər.

Bununla belə alimlər deyirlər ki, COVID-19-un ağ ciyərə vurduğu ziyanın öyrənilməsi hələ çox erkən mərhələdədir.

Xəstəxanaya, xüsusən də reanimasiyaya düşənlər

Belə ehtimal edilir ki, xəstəliyi yüngül formada keçiriənlərdə bu fəsadlar daimi qalmır. Lakin xəstəxanaya, xüsusən də reanimasiya şöbəsinə düşən xəstələrin əksəriyyətində daha ciddi fəsadların olması mümkündür.

Çində aparılmış bir tədqiqat COVID-19-u ağır keçirmiş 70 pasientdən 66-da ağ ciyər zədələrinin qaldığını göstərib.

Britaniya alimləri isə bildirirlər ki, koronavirus yoluxması ilə xəstəxanaya gətirilənlərin ilk altı həftədə çəkilmiş rentgen təsvirləri onların 20-30 faizində ağ ciyər zədələrinin ilk əlamətlərinin olduğunu nümayiş etdirib.

Müalicəsi yoxdursa da…

Bundan əvvəl baş vermis SARS və MERS yoluxmalarından sonra pasientlərin təxminən 20-60 faizində ağ ciyər fibrozu ilə bağlı problemlər müşahidə olunmuşdu.

Lakin həmin infeksiyalar müqayisə olunmayacaq dərəcədə az insanı təsirləndirmişdi. COVID-19-a isə indiyədək 9 milyona yaxın insan yoluxub.

Təkcə İngiltərədə koronavirusa yoluxanların 100 min nəfəri xəstəxanaya düşüb.

Həkimlər ağ ciyər fibrozunun müalicəsiz olduğunu deyirlər. Onlar bildirirlər ki, ağ ciyər toxumasına dəyən zədələr ömürlük qalır.

Lakin sevindirici xəbər budur ki, yeni dərmanlar infeksiyanın erkən mərhələsində ağ ciyərin zədələnməsi sürətini azalda və hətta dayandıra bilir.

XS
SM
MD
LG