Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Vaksinlər virusun yeni variantına da təsir göstərəcəkmi


Eurostar beynəlxalq qatar xidmətinin Londondakı stansiyası, 21 dekabr, 2020-ci il
Eurostar beynəlxalq qatar xidmətinin Londondakı stansiyası, 21 dekabr, 2020-ci il

Pfizer Inc və Moderna Inc özlərinin COVID-19 vaksinlərini virusun yeni, sürətlə yayılan formasına qarşı sınaqdan keçirirlər

Almaniyanın BioNTech şirkətinin rəhbəri koronavirus vaksininin virusun Britaniyada yayılan yeni formasına da təsir göstərəcəyindən əmindir, amma tamamilə əmin olmaq üçün əlavə araşdırmalar aparılmalıdır. Xəbəri “AP” yayıb.

Son həftələr əsasən Londonda və İngiltərənin cənub-şərqində aşkarlanan virus forması sürətlə yayıldığına görə dünyada narahatlığa səbəb olub. Onun daha ağır xəstəlik törətməsinə sübut olmasa da, Avropada və digər yerlərdə xeyli ölkələr Britaniyadan səyahətləri dayandırıb.

6 həftəyə dəyişiklik oluna bilər

“Hazırda vaksinimizin yeni varianta qarşı qoruma təmin etdiyini bilmirik. Amma elmi baxımdan, bu vaksinin yaratdığı immun reaksiyası virusun digər variantlarına qarşı da təsir göstərəcək”, – şirkətin türk əsilli rəhbəri Uğur Şahin deyib.

Onun sözlərinə görə, virusun Britaniya variantının proteinləri əvvəlki variantdakıyla 99 faiz eynidir və bu səbəbdən BioNTech vaksininin effektiv olacağına “elmi baxımdan əmindir”.

Vaksinin yeni varianta uyğunlaşdırılmasına ehtiyac yaranarsa, şirkət bunu 6 həftə ərzində edə bilər. Şahin əlavə edib ki, nizamlayıcı orqanları dəyişiklikləri də təsdiqləməli olacaqlar.

“AP” yazır ki, vaksinə dəyişiklik edilməsi peyvəndləmə kampaniyalarına zərbə vura bilər. Artıq pandemiya dünyada 1.7 milyondan çox insanın ölümünə səbəb olub.

ABŞ-ın Pfizer şirkətilə birlikdə hazırlanmış bu vaksin Britaniya, ABŞ və AB daxil olmaqla 45-dən çox ölkədə istifadəyə təsdiqlənib. Yüzminlərlə insana dozalar vurulub.

ABŞ şirkətləri vaksinlərini sınaqdan keçirirlər

CNN isə dekabrın 22-də məlumat yayıb ki, Pfizer Inc və Moderna Inc özlərinin COVID-19 vaksinlərini virusun yeni, sürətlə yayılan formasına qarşı sınaqdan keçirirlər.

Moderna öz vaksininin yaratdığı immunitetin virusun variantlarına qarşı qoruyacağını gözləyir və bunu təsdiqləmək üçün gələn həftələrdə daha çox sınaq həyata keçirəcək, şirkətdən CNN-ə bildirilib.

Pfizer isə bəyan edib ki, peyvənd vurulmuş şəxslərdən yığılan qan nümunələrinin virusun yeni formasını necə neytrallaşdıra biləcəyini öyrənir.

“Reuters” bu iki şirkətdən açıqlama ala bilməyib.

Yeni formanın aşkarlanması dünyada 77.15 milyondan çox şəxsin yoluxduğu pandemiya ilə bağlı yeni çaxnaşma dalğası yaradıb.

Alimlərin fikrincə, təsdiqlənmiş, yaxud hazırlanmaqda olan vaksinlərin B.1.1.7 adlı yeni varianta qarşı qorumayacağına dəlil yoxdur.

XS
SM
MD
LG