Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

Keçmiş deputatın işçiləri onun əleyhinə ifadə verdi


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Həbsdə olan keçmiş deputat, Bakıdakı "Globus Plaza"nın sahibi Dünyamin Xəlilov özünü təqsirli bilmir. O, fevralın 2-də məhkəməsində belə deyib. Bununla belə, sabiq deputat –işadamı məhkəmədə ifadə verməkdən imtina edib.

Dünyamin Xəlilov əksəriyyəti keçmiş işçisi olmuş altı nəfərlə birlikdə hakimlər önünə çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Keçmiş deputatın məhkəməsi başlanıb

Beynəlxalq Bankın 50 milyonu "yeyilib"

Fevralın 2-də məhkəmədə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

İttihama görə, Dünyamin Xəlilov "Beynəlxalq Bank"ın keçmiş rəhbəri Cahangir Hacıyev vasitəsilə "Aqora" MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb. Həmin vəsait şirkətin Norveç filialındakı hesabına köçürülüb. Bundan başqa, şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına "mal mübadiləsi aparılması" adı ilə 3,3 milyon dollar kredit verilib, o məbləğ də İsveçrədəki hesaba köçürülüb.

Keçmiş deputat və işçiləri bu cür yollarla bankın təxminən 50 milyon vəsaitini mənimsəməkdə suçlanır.

Keçmiş deputat danışmaq istəmir

İttihama münasibət bildirərkən onların heç biri özünü təqsirli bilməyib. Ardınca təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Dünyamin Xəlilov indiki mərhələdə ifadə verməkdən imtina edib. Qalan altı nəfər isə ifadə verib, hamısı da məsuliyyəti keçmiş deputatın üstünə atıb.

Buna da bax: 'Beynəlxalq Bank işi' nə görə tutulmuş biznesmen azad edilib

Təqsirləndirilən şəxslərdən "Kondor Group" MMC-nin təsisçisi Mansur Zeynalov deyib ki, 2007-ci ildə D. Xəlilovun tapşırığı ilə yeni şirkət yaradılıb: "Bizə dedilər ki, bu, normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işləyirdim, ona görə tez-tez xaricə gedirdim. Adıma açılan "Kondor Group" şirkəti ilə bağlı sənədlərə də bu səbəbdən vaxtında imza ata bilmirdim. Mənə təklif olundu ki, etibarnamə verim, hər şeyi özləri həll eləsinlər. Belə də etdim".

"Dünyamin Xəlilov tapşırıb, biz də eləmişik"

Mansur Zeynalov deyir ki, bir müddət sonra onu Vergilər Nazirliyinə çağırıb şirkətlə bağlı cinayət işi başlandığı haqda məlumatlandırıblar: "Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, formal direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər".

Buna da bax:​ Dünyamin Xəlilov həbs edilib

Digər təqsirləndirilən Şakir Musayev bildirib ki, "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olub. D. Xəlilovu 2006-cı ildən tanıdığını deyən Şakir Musayevin sözlərinə görə, işçilərini sabiq deputatın tapşırığı ilə Beynəlxalq Banka göndərib, onların adına tərtib olunmuş kredit müqavilələrinə qol çəkdiriblər.

"Mən Dünyamin müəllimi o, deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də "İnter Tekstil" şirkətinə rəhbərlik edirdi. Mənə zəng eləyib dedi ki, işçiləri bankın Mərkəz filialına göndərin. Söz vermişdilər ki, adlarına götürülən kredit ödəniləcək. Mən də baş mühasibə tapşırmışdım, işçilər göndərilmişdi", – Şakir Musayev belə deyib.

Əlavə edib ki, həm özü, həm də işçiləri nə qədər kreditə qol çəkdiklərini bilməyiblər. Yalnız istintaqda öyrənib ki, götürülən pullar "Səbail Mebel" şirkətinə köçürülüb: "Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik".

Buna da bax: Cahangir Hacıyev: 'Məndən 20 milyon istədilər'

Bu məqamda D. Xəlilov onun dediklərinə etiraz edib. Bildirib ki, Musayevə heç bir tapşırıq verməyib. Keçmiş işçisi ilə aralarında belə dialoq da olub:

– Siz hardan bilirdiniz ki, o müəssisələr mənimdi?

– Mən bütün göstərişləri sizdən almışam. Bütün şirkətlərə qeyri-rəsmi rəhbərlik edirdiniz. Ümumiyyətlə, bizim "General Construction"un ofisində yerləşən bütün şirkətlər Dünyamin Xəlilovun idi.

“Adıma bir neçə dəfəyə 10 milyon kredit götürülüb”

Başqa bir təqsirləndirilən Fərhad Əmiraslanov məhkəmədə deyib ki, 2005-ci ildən "General Construction" şirkətində departament rəhbəri olub. 2007-ci ildə D. Xəlilovun göstərişi ilə adına şirkət açıldığını deyən Əmiraslanovun sözlərinə görə, bu səbəblə maaşına 100 manat da əlavə olunub: "Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağrılanda bunlardan xəbərdar oldum".

Təqsirləndirilən şəxslərdən "Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev də Dünyamin Xəlilovun əleyhinə danışıb. Bildirib ki, keçmiş deputat həmin şirkətin səhmlərini alıb: "Sonra mənə zəng eləyib dedi ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alğı-satqısını ləğv etdik".

Buna da bax:​ Hakimiyyətin «oliqarx ovu» davam edir

Dünyamin Xəlilovun "Mən şəxsən sizə tapşırıq vermişəmmi ki, gedin kredit götürün?" sualına Əmiraslanovun cavabı belə olub: "Şəxsən sizinlə danışmamışam. Sizin adınızdan başqa adamlar tapşırıq verib".

Daha bir təqsirləndirilən Ruslan Əsgərov da D. Xəlilovun işçisi olduğunu, onun göstərişi ilə adına şirkət açıldığını və deyilən sənədlərə qol çəkdiyini söyləyib. Əlavə edib ki, bunun əvəzində maaşı 100 manat artırılıb: "Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər, ‘sənin adına olan kreditlər bağlanıb’".

"Atəşgah" Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev də bu iş üzrə təqsirləndiriləndi. O, ifadəsində bildirib ki, dostunun xahişi ilə bu işə qoşulub. Dostu isə "General Construction"un İdarə Heyətinin üzvü Camaldı: "Mənə dedi ki, gəl sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə, adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim. Adıma "Sportline" şirkəti açıldı. Boş vərəqlərə qol çəkirdim. Sonra da dedilər ki, banka gedib qol çəkmək lazımdı, mən də çəkdim. Heç kreditin məbləğini də bilmədim. Qalan məsələləri də istintaqda öyrəndim. Dünyamin Xəlilovu tanımırdım, heç adını da bilmirdim".

Buna da bax:​ Saxlanan işadamları «dollar/manat maxinasiyası»nda ittiham oluna bilər

Xatırlatma

Dünyamin Xəlilov və digər təqsirləndirilənlərə CM-nin 179 (mənimsəmə), 213 (vergidən yayınma) 308 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətini aşma) maddələri ilə ittihamlar verilib. Amma təqsirləndirilən şəxslərdən yalnız D. Xəlilov həbsdədi.

D. Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilovun həm də bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevlə qohum olduğu bildirilir.

Buna da bax: 'Əynimi dəyişmək istəyirdim ki, dedilər, səni aparırlar'

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə əlaqədar bir çox iş adamlarının saxlandığı bildirilirdi.

Dünyamin Xəlilovu Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həbs edib. Onun adı Beynəlxalq Bankın keçmiş rəhbəri, oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanırdı. C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

XS
SM
MD
LG