Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:44

«Oğlum neyləyib ki, “Yaltaqlara dur deyək” deyib»


Əbdül Əbilovun anası Nurcahan Əbilova
Əbdül Əbilovun anası Nurcahan Əbilova

Həbsdə olan bloqqerin anası sual edir:

«Əvvəl əsəbiləşirdim, deyirdim ki, «səhv eləyib. İndi fikirləşirəm ki, yox, Əbdül səhv eləməyib, düz eləyib, balam düz yoldadır. Neyləyib ki, «Yaltaqlara dur deyək» deyib də. Düz deməyib ki? Düz deyib. Bu qədər haqsızlıqlar elə yaltaqlara «dur» deməməkdən baş verir. Əbdül nəyi səhv dedi ki, onu həbs elədilər?»

Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

Həbsdə olan bloqqer Əbdül Əbilovun anası Nurcahan Əbilova iki ildən çoxdur həbsxana yollarındadır. İki ildir, oğluna baş çəkməkdən ötrü yaşadığı Binə qəsəbəsindən Qaradağın Buta qəsəbəsindəki 13 saylı cəzaçəkmə yerinə gedir:

«Hər 15 gündən bir getməliyik. Elə olur ki, vəziyyətə, səhhətimə görə gedə bilmirəm. Ancaq getməliyəm. Bilirəm ki, dözməliyəm. Görüşəndə soruşur, «necəsən», deyirəm, «yaxşıyam». O da «yaxşıyam» deyir, şikayəti yoxdur. Deyir ki, «ana, hər şey yaxşıdır, düşmüşük, pis də olsa, yaxşı da olsa, dözməliyik. Nə bilim, nə gecəm var, nə gündüzüm, oğlumun azad olunmasını gözləyirəm».

Ana deyir, ailəni dolandıran Əbdül olub. İndi Əbdülün həyat yoldaşı ilə birlikdə yaşayır, ailənin işləyəni yoxdur. «Birtəhər yaşayırıq» deyir. Onlara ara-sıra baş çəkən Əbdülün dostlarından, həbsdən çıxan «siyasi məhbus»lardan razılıq edir.

Onu həbsə salan «Yaltaqlara «dur» deyək» olub

Əbdül Əbilov 2013-cü ilin noyabrında həbs olunub. Narkotika ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib. Həbsinə qədər sosial şəbəkədə «Yaltaqlara «dur» deyək» səhifəsini hazırlayırmış. Vəkilləri, əqidə yoldaşları onun elə bu səhifədəki fəaliyyətinə görə həbs olunduğunu deyir.

Onunla 13 saylı həbsxanada cəza çəkmiş, prezidentin son əfv fərmanı ilə azadlığa çıxmış hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Əbdül səhifəsini gənc nəsli maarifləndirmək məqsədilə hazırlayırmış:

Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

«Biz Əbdüllə Kürdəxanıdakı istintaq təcridxanasında tanış olduq. Söhbətlər edirdik. Yetərincə vicdanlı, mübariz bir insan olduğunu gördüm. Deyirdi, uzun müddət düşünüb ki, insan haqları, demokratiya ilə bağlı neyləyə bilər. Günün birində qərara gəlib ki, Azərbaycanda, özəlliklə, gənc nəslin köhnə dəyərlərdən uzaqlaşması üçün «Yaltaqlara «yox» deyək» adlı Facebook səhifəsi yaratsın. Kifayət qədər də izləyiciləri olub. İş elə gətirdi ki, təcridxanadan sonra 13 saylı cəzaçəkmə müəssisəsində də bir yerə düşdük. Əbdül çox dəyanətli insandır. Təəssüf ki, belə insanlar Azərbaycanda azdır. Varsa da, bu proseslərə müəyyən töhfə verməkdən çəkinirlər. Özü də Əbdül maddi baxımdan heç də imkanlı ailədə yaşamayıb. Ailəsinin maddi imkanlarını ödəməyi qarşısına birinci şərt qoymayıb. Ölkənin ictimai ehtiyaclarının ödənilməsi yönündə özünü bu prosesə həsr etməyə çalışıb. Tanıdığım, qazandığım insanlardan biri də Əbdüldür».

Bu cür insanların azadlığından ötrü hamı çalışmalıdır

Həbsxanada Əbdül Əbilovla bir yerdə olmuş, prezidentin sonuncu əfv fərmanı ilə azadlığa çıxmış Tofiq Yaqublu deyir ki, Əbdülün hələ də azad edilməməsi onu çox narahat edib. Tofiq Yaqublunun fikrincə, ola bilsin, həbsdən sonra NİDA Vətəndaş Hərəkatına qoşulduğuna görə Əbdülü belə cəzalandırıblar.

Gözlə
Embed

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

«Əbdül Əbilov əqidəli bir gəncdir. Heç bir təşkilatın, siyasi partiyanın üzvü olmadan «Yaltaqlara dur deyək» səhifəsini açmışdı. Orda indiki hakimiyyətin yalanlarını ifşa edirdi. Qısa bir vaxtda çoxlu izləyici qazanmışdı. Hakimiyyət də baxmışdı ki, bu adam populyarlaşır, getdikcə izləyicilərinin sayı artır, şərləyib tutmuşdular. Həbsxanada da NİDA-ya üzv oldu. Kifayət qədər güclü iradəyə malik bir şəxsdir».

Əbdül Əbilovun vəkili olmuş Xalid Bağırov deyir ki, Əbdül kimi gənclərin həbsdə qalması ölkənin imicinə böyük ziyandır. Onların azadlığı naminə hamı çalışmalıdır:

Gözlə
Embed

No media source currently available

0:00 0:00:13 0:00

«Sözün düzünü demək istəyən insanları həbsə atmağın bu ölkəyə faydası ola bilər? Ölkənin imicini bərpa etmək lazımdır. Bunun da məsuliyyətini hamı – həm hakimiyyət, həm müxalifət, həm də vətəndaş cəmiyyəti dərk etməlidir».

«SİYASİ DUSTAQ YOXDUR»

Parlamentin insan haqları komissiyasının üzvü Astan Şahverdiyev isə Azərbaycanda siyasi məhbus olmadığını vurğulayır:

Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

«Azərbaycanda heç bir siyasi dustaq yoxdur. Həbs olunanlar da siyasi baxışlarına görə yox, konkret cinayət əməllərinə görə həbsə düşüblər».

Deputat prezidentin imzaladığı sonuncu əfv fərmanını xatırladıb deyir ki, gələcəkdə də belə fərmanlar veriləcək.

Həbsxana yollarında qalan Nurcahan Əbilovanın qulağı isə hər an səsdədir: «Deyirəm, əfv fərmanı verirlər, Əbdülün adı olar, birdən eşitmərəm».

XS
SM
MD
LG