Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:22

Olimpiya stadionunun ətrafı devalvasiyadan sonra...


►Metronun “Koroğlu” stansiyasının ətrafında nələr vardı, indi necədir?

7-8 ay əvvəl bura Bakının ən səliqəli, sakit, təmiz ərazisiydi. Sürücülər, kiçik ticarətçilər qovulmuşdu, avtobus dayanacağları ləğv edilmişdi.

Bir tərəfində Bakı Olimpiya Stadionu, o biri tərəfində Milli Gimnastika Arenası, Atletlər kəndi salınmış ərazi idman şəhərciyini xatırladırdı. Əvvəllər buralara tanış olmayan park salınıb ağaclar əkilmişdi. Yaxınlıqda bir neçə xudmani kafe açılmışdı. Səliqə-sahmana xələl gəlməməsi üçün təmizlikçi qadınlar yerə düşən kiçik kağız parçasını da tez əyilib götürürdülər. Burda heç vaxt olmayan tualet də tikilmişdi.

Avropa Oyunları vaxtı metronun Koroğlu stansiyasının ətrafı belə idi. Bir neçə ay sonra buralar tamam fərqli görünür. İnfrastruktur qalsa da, boş və sakitçilikdir. Manatın dollar qarşılığında yarıbayarı ucuzlaşması isə burdakı ticarətçilərin, taksi sürücülərinin, kafe sahiblərinin, hətta tualet işçilərin gəlirlərini azaldıb.

Buna da bax: Spirtli içkilərin kartla satışı dayandırıldı

“Təkcə manatın yox, hamımızın belini qırdılar”

İndi bu ərazidə səhərdən-axşamacan Bakı kəndlərini adını çağırıb müştəri yığmaq üçün haray çəkən taksi sürücülərindən biri Rafael Əliyev belə deyir:

“Az qala müştəriyə yalvarırıq ki, “1-2 manat ver, otur, səni evinə aparaq”. Əvvəl taksiyə minən də manatın ucuzlaşmasından sonra daha minmir. Bu artıq nə gündə olduğumuzu göstərir”.

Başqa bir sürücü isə deyir ki, əvvəl günə 15-20 manat qazanırdı. İndi 10 manat qazananda sevinir:

“Kimdir taksiyə minən, tək-tük müştəri ola, olmaya. Varlıların maşını var, kasıb da avtobusa minir gedir. Bizə də arvad-uşağın yanında başıaşağı olmaq qalır”.

Buna da bax: "Bizi çək, İlham Əliyevə göstər!" Lənkəran aksiyası

Səssizliyə bürünmüş möhtəşəm stadion, 1 manata 5 limon...

Bakı Olimpiya Stadionu səssizliyə bürünüb. Stadiona aparan yolda, stadionun ətrafında bir nəfər də olsun, gözə dəymir. Elə stadionun dəmir məhəccərlərinin o tayında da ins-cins görünmür. Stadionun yaxınlığındakı yüksəkliyə aparan pilləkənlər çirkab içindədir. Avropa Oyunları vaxtı hər addımda gözə dəyən təmizlikçilər də yoxdur.

Milli Gimnastika Arenasının ətrafında da sakitlik hökm sürür. Atletlər Kəndinin boş binalarının həyətində bir neçə mühafizəçi gəzişir.

Avropa Oyunları ərəfəsində yaxınlıqda açılmış Alov Parkında da skamyalar boşdur. Koroğlu stansiyası ətrafında limon satan kişi isə müştəri çağırır:

“Limonun beşi bir manatdır, bir manat. Bir manata indi heç nə yoxdur, gəlin limon alın”.

Kafelər boşdur, adamlar isə tualetə yox, arxasına gedir

Avropa Oyunları vaxtı açılmış səliqəli kafelər də bom-boşdur. Baxmayaraq ki, burdakı qiymətlər şəhərdəki kafelərdən ucuzdur. Özünü təqdim etməyən işçilərdən biri deyir ki, bir-iki həftə olar ki, müştəri azalıb:

“Bir ay əvvəl çox olmasa da, gələn olurdu. Lap bir fincan kofe sifariş versələr də, stollar indiki kimi boş olmurdu. Ancaq indi belə deyil. Avropa Oyunları vaxtı isə gələn çox idi”.

Bu ərazi üçün tapıntı sayılan tualetdə isə qiymət qalxıb. 20 qəpikdən 30 qəpik olub. Ancaq burda işləyən İradə Behbudova deyir ki, çox vaxt tualetdən istifadə eləyənlər heç pul vermir. Müştərilər isə xeyli azalıb:

“Açılanda 20 qəpik idi, indi 30 qəpikdir. Ancaq adı 30 qəpikdir. Çoxu 20 qəpik verir. Elə adamlar var pulsuz keçir. Xəstələrdən, əsgərlərdən, polislərdən pul almırıq. Manat ucuzlaşandan sonra heç gələn yoxdur. Tualetə gəlmək istəyənlər də arxasına gedir, ora gölə dönüb. Polis təzyiq göstərsə də, xeyri yoxdur. Yəqin adamlar fikiləşir ki, tualetə verdiyi pulun üstünə qoyub çörək alar”.

Buna da bax: "Partlatmaq" sözü başına bəla oldu

Bu da bahalaşdı?

Ətrafdakı köşklərə yaxınlaşanlardan isə daha çox bu sözü eşitmək olur:

“Nə oldu, bu da bahalaşdı?”

Elə günəbaxan toxumu alan gənc kimi:

- Qardaş 20 qəpik deyildi bu?

- 20 qəpik idi, indi 30 qəpik olub.

Köşkün satıcısı deyir ki, onun müştəriləri ədədlə siqaret, günəbaxan toxumu alanlardır:

“İndi həm siqaret bahalaşıb, həm də tum. Məndən olsa, bahalaşdırmaram. Ancaq məndən asılı deyil ki, müdir deyir ki, bunları biz də əvvəlkindən baha alırıq”...

Satıcı zarafatla onu da deyir ki, indi də 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarını gözləyirlər:

“O vaxta qədər bilmirik nələr olacaq. Ancaq yenə ümid edək ki, qazancımız həmin vaxt yaxşı olar. İndi isə.. Qış olduğundan heç qovmağa milçək də yoxdur”.

XS
SM
MD
LG