Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

Türkanda ləpədöyənlər daşla doldurulur


Foto arxiv. Türkan
Foto arxiv. Türkan

-

«Tikinti gəlib dəniz sahilinə dirənib. Sahilboyu ləpədöyənə gətirib daş parçaları töküb gedirlər. Doldururlar ki, sonra da tiksinlər».

«KEÇƏN L BU DAŞLAR YOX İDİ»

Bu il Türkan bağlarında dincələnlərin işləri daha müşkül olacaq. Hasarlar çoxalıb, ötən ilədək «yaddan çıxmış» ləpədöyənlər daşla doldurulub. Bağ mövsümünü açmağa gələn sakinlər dəniz sahilində gördüklərindən donub qalıblar. Ötən il boş qoyub getdikləri sahildəki ləpədöyənləri kimsə daşla doldurur.

Səməd Səmədovun 73 yaşı var. Hər yay Türkan bağ massivində dədə-babadan qalma bağ evində istirahət edir. Deyir, digər ərazilərdən fərqli olaraq, tikinti bumu Türkanın dəniz sahilinin bu hissəsinə gec gəlib çatıb. Ancaq indi şıdırğı iş gedir: «Burda hamısı köhnə bağ evləridir. Ancaq bu il tikintilər başlayıb. Kimsə ləpədöyənə gətirib daş tökür. Görünür, tikintiyə hazırlaşır. Ləpədöyənləri daş tökməklə qurudurlar. Keçən il bu daşlar yox idi. Bu qış gətirib töküblər».

ƏVVƏL HASARLAYIB, SONRA TİKİRLƏR

Səməd dayı deyir, işbazların köhnə «xasiyyətidir», əvvəl gətirib ləpədöyəni daş parçaları ilə doldururlar, sonra da hasara alırlar. Daha sonra hündür hasarın o tayında hansı işlər getdiyini görə bilmirsən.

Bağ massivinin pirə yaxın hissəsində yaşayan Ələsgər Məcidov isə deyir, bu hissədə çoxdandır tikinti aparılır. Hətta sahilə gedən yol da bağlanıb: «Vallah, yatıb yuxumuzda da görməzdik ki, dənizə qapı qoysunlar. Sahil məmurlar tərəfindən hasara alınıb. Dənizin on metrliyinədək tikinti işləri aparılıb. Addımbaşı da tikintilər davam edir. Burda sahilboyu hər nazirin 3-5 hektar sahəsi var. Şəxsən biz tərəfdən sahilə tərəf getməyə yol saxlamayıblar».

RƏSMİ ORQAN SUSUR

Ərazidə işləyən fəhlələrə gəlincə, sakinlər deyir, onlardan kəlbətinlə də söz çəkə bilməzsən. Necə təlimat alıblarsa, başlarını qaldırıb yerli sakinlərin salam-kəlamlarını da cavablamırlar.

Ləpədöyənləri daşla dolduran kimdir? Səbəb nədir?. Sabunçu rayon İcra Hakimiyyəti AzadlıqRadiosunun bu suallarını cavablandırmayıb.

Dənizkənarı ərazilərin istifadəsi ilə bağlı kağız üzərində xüsusi qaydalar mövcuddur, burada tikinti yasaqlanır. Prezident İlham Əliyev də bununla bağlı qəti tapşırıqlar verib. Ancaq gerçəklik tam əksini deyir. Xəzərin sahilində hektarlarla torpaq sahələrini alan, yaxud zəbt edən imkanlılar dənizə darvaza qoymaqda, hasar çəkməkdə sanki bəhsə giriblər.

XS
SM
MD
LG