Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:24

Lahıcın mis qabları, Basqalın kəlağayısı, 90 yaşlı Yəhya kişinin tövsiyələri…


Basqal kəlağayısı Londondakı sərgidə gümüş medal qazanıb
Basqal kəlağayısı Londondakı sərgidə gümüş medal qazanıb

Qəbələ və İsmayıllı rayonları təbiətinin gözəlliyinə görə bir-birinə çox oxşayır. Ancaq bu bənzərliyi yalnız təbiətdə görmək olar


Qəbələdə çox olmasa da son illər açılan iş yerlərini İsmayıllıda görmək olmur. Bunu mənə İsmayıllıya gəldiyim ilk gündə bazarda kartof-soğan satan Qərib dedi.


«Qəbələdə iş yerləri açdılar, camaat da işləyir. Ancaq İsmayıllıda heç nə yoxdu, dolanışıq çox zəifdir». Qərib özü də iki universitet bitirsə də, iş tapmayıb, çarəsiz qalıb bazarda alver edir.


Daha çox göy-göyərti satılan İsmayıllı bazarında satıcılar alıcı qıtlığından, alıcılar pul qıtlığından şikayətlənirdilər.


ÖZÜNƏMƏXSUS CƏHƏTLƏR


İsmayıllıda qonşu Qəbələyə oxşamayan bir şeyi də gördüm. Bu rayonda əhali müasir iş yerləri olmasa da ata-babaları kimi indi də sənətkarlıqla məşğul olurlar. İsmayıllının mərkəzində yaşayan dəmirçi Mirəhməd Abdullayevin alətlərinin səsi dan yeri söküləndən gəlir. Dəmirçi deyir ki, onun düzəltdiyi əşyalara əhalinin tələbatı var. «Hər şey düzəldirik, soba, manqal, maşa. Nəinki İsmayıllıda, qonşu rayonlardan da düzəltdiyim əşyaları gəlib alırlar, Bakıyla da əlaqələrimiz var, oradakı mağazalara da göndəririk, şagirdlərim də var. Biri bu Əkrəm».


Əkrəm isə deyir ki, bu qədim sənətə qayğı yoxdu. «Hamı asan sənətə qaçsaydı, nə olardı. Çox çətin sənətdir, işimizdən zövq alırıq. Gözəl sənətdir, ancaq qiymət verən yoxdur».


YOLUMUZ LAHICADIR


Lahıc kəndi, 14 may 2006
Sənətkarlıqdan danışıb İsmayıllının Lahıc kəndinə getməsən günah olar. Həm də bu kəndə ancaq yayda getmək mümkündür. Çünki Lahıcın yolları az-çox yayda açıq olur. Qışda heç mümkün deyil, bir az yağış yağanda da yol çox təhlükəli olur.


Ayağını Lahıca qoyan kimi musiqi səsi eşidirsən. Bu nə qaval, nə də tar-kaman səsidi. Lahıcın öz musiqisi var. Misgərlərin, dəmirçi körüylərinin musiqisi. Lahıc həm də qoruq kənddir. Qoruğun direktoru Nəzər Əliyev deyir ki, indi-indi adamlar kəndin qədim divarlarında yeniliklər də edirlər. «Bura qoruqdu, 80 hektar ərazimiz var. Ərazidə 92 abidə dövlət adından mühafizə edilir. Bir tikinti getməli olanda çalışırıq milli, qədim üslubda olsun. Əvvəl bura yol yox idi, indi yol var, daş gətirirlər, yeni tikililər də olur».


Lahıcdakı misgərlər işlərinin əvvəlki kimi çox olmadığını, misgərlərin azaldığını deyirlər. Onlar bildirir ki, Lahıcda elektrik enerjisi fasiləylə verildiyindən işlərini tez-tez dayandırmalı olurlar. « Elektrik olmayanda daha çox körüydən istifadə edirik. Bir də görürsən, işin yaxşı vaxtında elektrik kəsildi. Nə edəsən, yenə köməyə çatan körüy olur».


Lahıcda qaz olmadığından camaat meşədən gətirdikləri odundan istifadə edirlər, odunu da ulaqla daşıyırlar. Vüqar meşədən gətirdiyi odunu ulağa yükləmişdi. Deyir ki, ulağı ona çox kömək edir, onun əsl dostudur. «Adı Bənöşdir. Mənim dostumdur».


Atı-ulağı Lahıcda böyüklər də çox istəyir. Azad kişinin yaşı 80-ni haqlasa da indi də atlara yüyən düzəldir.


KƏND CAVANLARI KƏNDDƏ YOXDUR


Lahıcın yaşlı adamları sənətkarlıqla məşğul olur, küçələrdə, qapı ağzında gözə dəyən də onlardı. Burdakı gənclərin də çox hissəsi ya Bakıda, ya da Rusiyanın ayrı-ayrı şəhərlərindədir. Bura yaydan yaya gəlirlər. İlham kimi. «Kənd cavanlarının demək olar ki 80 faizi burda yoxdur. Baxın küçələrə, bomboşdur. Vaxtilə Lahıcın küçələri qələbəlik olardı. İndi çox sönükdür. Müəyyən problemləri indi həll edirlər, ancaq həll olunmayanlar da yetərincədir. Əsas da işsizlik, iş olmadığı üçün mən Rusiyada alver edirəm. Çoxları mənim günümdədir, indi şəhərə axın çoxdur».


BASQAL-QƏDİM TİCARƏT MƏRKƏZİ


Boyaqçı Abbasəli Talıbov, 14 may 2006
Lahıcdan sonra mən İsmayıllının başqa bir kəndinə, Basqala getdim. Bu kənddə kəlağayı o qədər məşhurdu ki, Basqalın özünü rəngli kəlağayı kimi gördüm. Burda kimi dindirsən, birinci sözü kəlağayı olacaq. 1870-ci ildə Basqal kəlağayısının Londonda keçirilən sənət sərgisində gümüş medal qazanmasından isə fəxrlə danışırlar. Orta əsrlərdən Basqalda hər evdə kəlağayı düzəltmək üçün dəzgahlar qurulurmuş. Basqal kəlağayısının tarixini araşdırmış Miryavər Hüseynov deyir ki, tacirlər ipəyi Şəkidən gətirib, kəlağayının özünü Basqalda hazırlayırmışlar.


«Basqal kiçik kənd olsa da qədim ticarət mərkəzi olub. Burda hamı uşaqdan böyüyə qədər kəlağayının hazırlanmasında iştirak edirdi. Biri toxuyurdu, biri boyayırdı, biri ipək sarıyırdı, bütün ailə kəlağayı işində iştirak edirdi. Odur ki, bizim kəlağayımız bütün dünyada məşhur idi».


Basqal sakini Pəhrizə nənə deyir ki, indinin özündə də bu kənddə nişan aparanda xonçaya birinci kəlağayı qoyurlar. Kənd ağsaqqalı Niyaz Məhərrəmov isə indiki gənclərin kəlağayı bağlamamağından narazıdır. «Burda qabaq hamı kəlağayı bağlayardı, indi cavanlar çox bağlamırlar».


KƏLAĞAYININ TƏBİİ RƏNGİNİ ALMAQ ÜÇÜN…


Basqalda kəlağayı 1990-cı illərə qədər geniş istehsal olub, sonradan tələbat olmadığndan istehsal dayanıb. Ancaq indi də Basqalda sifariş əsasında bir sex işləyir. Burda boyaqçı kimi çalışan Abbasəli Talıbov bu sənətlə yaşadığını deyir. «Mənim ulu babam da boyaqçı işləyib. Buna basma sənəti də deyirlər. Babam da işləyib, atam da, mən də». Abbasəli deyir ki, kəlağayının təbii rəngini almaq üçün Basqalda dağların ətəiyində bitən narınc ağacının budaqlarından istifadə edirlər. «Buna narınc ağacı da, vəlcə də deyirlər. Zindanın üstündə döyüb, rəng alırıq. Qara lazımdırsa başqa rənglə qarışdırırıq. Qırmızı üçün çəhrayı rənglə qarışıdırırıq. Kəlağayını əlimə götürüb, bax, belə çərçivə vururam, bu çərçivə 1902-ci ildən qalandı. İyirmi kəlağayını bir yerdə bişirirəm». Bir kəlağayının hazırlanması isə iki günə başa gəlir.


Kənd müəllimi Siyavuş müəllim isə kəlağayının istehsalının azalması kimi bu kəndin bir çox qədim adət-ənənələrinin itməsindən də şikayətlidi. «Qabaq bizdə belə adət olub ki, qadınlar bulağa suya getməzmişlər. Su lazım olanda qadın darvazanı açıb qabı qapının ağzına qoyarmış. Yoldan keçən kişi də qabı aparıb doldurub gətirərmiş. Fərqi yoxmuş o kişi qocaymış, yoxsa cavan, qohummuş, ya da yad. Hörmətin biri də bu idi. İnkişaf, tərəqqi deyirik, bəzən tərəqqi nadir ənənələrimizi də əlimizdən alır».


QAPISI BAĞLI BASQAL


İsmayıllı bazarı, 14 may 2006
Basqal kəndində çox qapını bağlı gördüm. Lahıcda olduğu kimi burda da dedilər ki, bu kənddə yaydan-yaya qələbəlik olur, ona görə təəccüblənmək lazım deyil. Basqalla Lahıcın başqa bir oxşarlığını da gördüm. Burda da küçələr Lahıcda olduğu kimi daşa döşənib, həmçinin yeraltı kanalizasiya xətlərinin tarixi bilinmir. Çirkab suları bilinmir ki hara gedir, küçələrə də daş döşənib, altında da kanalizasiya xətti...


Basqalın çıxışında Qoşobulaq deyilən bir yerdə də var. Camaat suyu burdan gətirir. Bulağın yanında dayanıb baxdığımı görəndə səhəngə su dolduran balaca oğlan izaha keçdi. «Qoşabulaqdı, dağların dibindən gəlir. Hamı burdan istifadə edir, ancaq çay üçün istifadə olunmur, siz də için ».


İsmayıllıdan çıxanda isə qarşıma bir ağsaqqal çıxdı. Adı Yəhyaydı, 90 yaşı vardı. Başında qaragül papağı, əlində təsbehi vardı. Çevikdir, ancaq tələsmirdi. Ordan-burdan danışdı, axırda cavanlara bir mesaj da göndərdi. «İçki içməmişəm, siqaret çəkməmişəm. Dünya malına həris olanlar tez qocalır. Mən indi də qəzet, kitab çox oxuyuram. Çox yaşamaqdan ötrü həyəcan keçirməmək lazımdır. İndi camaatda şəkər, ürək xəstəliyi çoxdur. Çünki çox həyəcanlanırlar, harasa tələsirlər».


Bu da 90 yaşlı Yəhya kişinin tövsiyəsi. Mənə dedi ki, sən də yolda tələsmə, uzaq yol gedəcəksən. Yolum çox uzaq olmadı, 4 saat, İsmayıllıdan gəlirdim axı.


XS
SM
MD
LG