Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

Rayonlarda 2000-ə yaxın həkimə ehtiyac var


Bəzi rayon və qəsəbələrdə həkim ambulatoriyalarının tikintisini planlaşdırır
Bəzi rayon və qəsəbələrdə həkim ambulatoriyalarının tikintisini planlaşdırır
«Uşağı dəfələrlə Bakıya həkim yanına gətirmişəm. Rayondakı həkimlər qane edici deyil. Bakıya gəlmək isə əlavə xərcdir. Valideyn üçün çox çətinliklər yaradır». Nərgiz Abdullayeva Daşkəsən rayonunun Astaf kəndində yaşayır. Deyir ki, kənddə xəstəsi olan təkcə həkimə, dava-dərmana yox, həm də yola xərc çəkib Bakıya xəstəxanaya gəlir. İmkanı olmayanlar isə kənddə hamının «ara həkimi» kimi tanıdığı 1-2 nəfərin yanına gedib dərdinə əlac axtarır.

Tibb elmləri doktoru professor Adil Qeybulla deyir ki, hazırda bölgələrdə, xüsusilə də ucqar kəndlərdə həkim çatışmazlığı səbəbindən heç bir tibbi savadı olmayan «ara həkimləri»nə əhalinin müraciəti günü-gündən artır. Belə «həkimlərin» etdiyi müalicə isə çox keçmədən əksər hallarda öz mənfi nəticəsini göstərməyə başlayır:

Ötən bir il ərzində 500-ə yaxın həkim və 800-ə yaxın tibb işçisi bölgələrə işləmək üçün göndərilsə də, tələbat ödənilməyib
«Heç bir tibbi savadı olmayan adam bir də görürsən ki, hipertoniya və ya başqa xəstəyə elə bir dərman bitkisi verir ki, heç özünün həmin bitkilərin tərkibindən xəbəri yoxdur, ondakı maddələrin qarşılıqlı təsirini bilmir. Bunun yaratdığı problemlər çox ciddidir. Bu cür xəstələrlə tez-tez rastlaşırıq ki, bizim xəstəxanalara artıq ağır vəziyyətdə gəlib çıxırlar».


Adil Qeybullanın fikrincə, problemin yeganə həlli paytaxtda işləyən peşəkar həkimlərin bölgələrə cəlb olunması üçün xüsusi dövlət proqramının hazırlanmasıdır. Səhiyyə nazirinin müavini Sənan Kərimov da hazırda bölgələrdə həkim çatışmazlığı probleminin mövcudluğunu etiraf edir. Onun sözlərinə görə, ötən bir il ərzində 500-ə yaxın həkim və 800-ə yaxın tibb işçisi bölgələrə işləmək üçün göndərilsə də, hazırda rayonlarda 2000-ə yaxın həkim yeri boşdur. Problemi aradan qaldırmaq məqsədilə nazir Oqtay Şirəliyev həkimlərin ixtisas dəyişməsinə icazə verilməsinə dair əmr imzalayıb. Bu ildən etibarən həkimlər ixtisaslarını dəyişmək məqsədilə 6 aylıq kurs keçmək üçün müvafiq qurumlara müraciət edə bilərlər. Amma bəzi şərtlər də var:


«Həkim öz ixtisasına yaxın olan ixtisas seçməlidir, tələbat olan rayonda 3 il işləyəcəyinə dair müqavilə imzalamalıdır. İşləmək istədiyi rayonun səhiyyə rəhbərlərinin müraciəti olmalıdır, çünki hansı rayonda hansı həkimə ehtiyac olduğunu yalnız səhiyyə rəhbərləri bilirlər».


Sənan Kərimovun sözlərinə görə, nazirlik həm də, Dünya Bankının xətti ilə «Səhiyyədə islahatlar» proqramı çərçivəsində bəzi rayon və qəsəbələrdə həkim ambulatoriyalarının tikintisini planlaşdırır. Proqrama əsasən bölgələrə gedən həkimlərin yaşayış yerinə olan ehtiyacı bu ambulatoriyalar vasitəsilə ödəniləcək. İki mərtəbədən ibarət olan ambulatoriyaların birinci mərtəbəsi xəstələrin qəbulu və onlara tibbi yardım göstərilməsi üçün istifadə olunacaq. İkinci mərtəbədə isə həkimin qalması üçün mənzil istifadəyə veriləcək. Sözügedən layihənin icrasına bu ilin sonunda başlanacağı gözlənilir.


XS
SM
MD
LG