Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Əmanətlər 2008-ci il seçkisi ərəfəsində qaytarıla bilər?


Hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var
Hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var

2005-ci ilin parlament seçkiləri ərəfəsində prezident İlham Əliyev əhalinin sovet dövründən əmanət banklarında qalan vəsaitlərinin qaytarılmasının təşkili üçün dövlət komissiyası yaradılması haqqında fərman imzalamışdı. Həmin fərmanda deyilirdi ki, yaradılan komissiya sovet dövrünün Əmanət Bankına 1992-ci il yanvarın 1-ə qədər qoyulan pulların qaytarılması üçün qanun layihəsi və mexanizm hazırlayıb, prezidentə təqdim etməlidir. Prezident komissiyaya həm də banklardakı hesabların inventarizasiyasını-yəni vətəndaşlara olan borcu hesablamağı tapşırmışdı. Bütün bu işlərin görülməsinə də prezident 3 ay vaxt verirdi. Amma, həmin üç ay 2006-cı il fevralın əvvəlində başa çatıb, prezidentin verdiyi möhlətdən artıq 9 ay keçir. Bu ilin fevral mart aylarında sabiq maliyyə naziri Əvəz Ələkbərov qanun layihəsinin hazır olduğunu və iyulun 1-dən əmanətlərin qaytarılmasına başlamağın mümkün olduğunu deyirdi. Onun sözlərinə görə, bundan ötrü dövlət büdcəsində 40-50 milyon dollar vəsait də var idi.


Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsindən Mehdi Məmmədov iddia edir ki, əmanətlərin qaytarılmasının gecikdirilməsi artıq onlarda belə bir təəssürat yaradır ki, bəzi şəxslər məsələni 2008-ci ilin prezident seçkilərinə qədər uzadıb-ondan təbliğat vasitəsi olaraq istifadə etmək istəyir

Amma, sonrada nazir dəyişdi-yeni maliyyə naziri Samir Şərifov banklarda qalmış əmanətlərin hesablanmasında, xeyli problemlərin aşkarlandığını demişdi. O vaxt nazir deyirdi ki, əmanətçilərin arasında sənədi itənlər, hesab nömrəsi tapılmayanlar da var. İqtisadi Siyasət Məsələləri üzrə dövlət müşaviri Vahid Axundovsa qanun layihəsiylə bağlı problemin olmadığını, mexanizmlərin dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirmişdi. Vahid Axundov «Azadlıq» radiosuna bir müddət öncə verdiyi müsahibəsində bildirmişdi ki, hökumət ona görə belə çox müzakirə aparır ki, proses başlayandan sonra-bəzi keçmiş sovet respublikalarında olduğu kimi onu dayandırmağa məcbur olmasın.


«Əmanətlərin qaytarılması haqda» qanun layihəsinin ilkin versiyasını hazırlayanlardan olan keçmiş millət vəkili Əli Əlirzayev isə deyir ki, onda olan məlumata görə, əmanətlərin qaytarılması barədə o vaxtkı mexanizmlərlə indiki arasında elə də fərq yoxdur: «O vaxt əmanətçilərin 70 faizini təmin edəcək- indeksasiya variantı təklif olunmuşdu: 200 rubla qədər 1 rubl 1 dollar həcmində. Sonra isə - azalan kursla. Bildiyim qədər indi də bu məqam qalır».


İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ötən çağırış parlamentin İqtisadi Siyasət məsələləri komissiyasının sədri Səttar Səfərov təklif edirdi ki, əmanətlərin hazırkı dəyəri 1.5 milyard dollar vəsaitə bərabər götürülsün. O, əmanətlərin 10 ilə tam qaytarılmasını proqnozlaşdırırdı.


Əmanətçilərin Hüquqlarını Müdafiə Komitəsindən Mehdi Məmmədov deyir ki, 1 milyona yaxın əmanətin 70 faizə qədəri -1000 rubla qədər olan əmanətlərdir və bunların da 1 rubl -1 dollar kursuyla qaytarılması elə də böyük problem törətməz. Amma, Mehdi Məmmədov iddia edir ki, əmanətlərin qaytarılmasının gecikdirilməsi artıq onlarda belə bir təəssürat yaradır ki, bəzi şəxslər məsələni 2008-ci ilin prezident seçkilərinə qədər uzadıb-ondan təbliğat vasitəsi olaraq istifadə etmək istəyir.


Bu günlərdə Maliyyə naziri Samir Şərifov yenə də lazım olan qanun layihəsinin hazır olduğunu və müzakirə edildiyini, qaytarılma mexanizmi dəqiqləşdiriləndən sonra əmanətlərin qaytarılmasına başlanacağını deyib. Nazir əmanətləri qaytarmağa başlamaq üçün zamanı 2007-ci il yanvarın 1-i göstərib. Amma yenə də-mexanizmlər və inventarlaşdırma məsələlərinin necə olması haqda məlumat verməyib. Elə 2006-cı il iyulun 1-ni son tarix kimi göstərən özündən öncəki maliyyə naziri Əvəz Ələkbərov kimi. Yayda hazır olacağı və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı deyilən qanun layihəsi və mexanizmləri isə Milli Məclisin İqtisadi və Sosial siyasət komissiyalarında da axtardım, amma gördüm deyən olmadı.


XS
SM
MD
LG