Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:14

Nazir Səlim Müslümov bədbəxt hadisələrin tikintidə daha çox olduğunu deyir


Arxiv fotosu
Arxiv fotosu

.

59 yaşlı Adil Babayev Nardaran-Kürdəxanı yolunun kənarındakı hasarları tikən fəhlələrdən biri idi. Bugünlərdə daş hasar gözlənilmədən onun üstünə aşıb və Adil Babayev hadisə yerindəcə keçinib.

Bu, 2015-ci ildə ölümlə nəticələn təxminən 10 bədbəxt hadisədən biridir.
Bu gün - 28 aprel dünyada iş yerlərində həlak olan və zərər çəkənlərin “Xatirə günü” kimi qeyd olunur. İlk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri bu günü qeyd etməyə başlayıblar. Məqsəd diqqəti iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasına çəkmək, əmək hüquqlarının müdafiəsini gücləndirməkdir. Beynəlxalq Əmək Təşkilatının təklifi ilə hər il 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi qeyd olunur.

3 AYDA 8 ÖLÜ, 25 XƏSARƏT ALMA…
“Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə bağlı Azərbaycan da tədbirlər keçirilir. Bu gün keçirilən tədbirdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək hüquqlarının vəziyyətindən, dövlətin gördüyü tədbirlərdən danışıb.

O bildirib ki, 2015-ci ilin birinci rübündə Azərbaycanda istehsalat prosesində bədbəxt hadisələr ötən ilin analoji dövrü ilə müqayisədə 40% azalıb.

2015-ci ilin ilk 3 ayında istehsalat prosesində 33 bədbəxt hadisə olub. 8 hadisə ölümlə nəticələnib, 25 nəfərsə xəsarət alıb.

NAZİR: “TİKİNTİ SAHƏLƏRİNDƏ PROBLEM QALIR”
Nazir əlavə edib ki, bədbəxt hadisələr daha çox tikinti sahəsində qeyd alınıb:

“Bu da onu göstərir ki, sözügedən sektorda hələ də əmək təhlükəsizliyi ilə bağlı problemlər var”.

Dövlət Əmək Müfəttişliyi müəssisələrdə Əmək Məcəlləsinin tələblərinə əməl edilməsinə nəzarət üçün yoxlamalar aparır. Müfəttişlikdən Məhərrəm Məhərov deyir ki, aşkarlanmış pozuntularlar bağlı Respublika Prokurorluğuna məlumat verilir:

“Biz əmək pozuntuları, onların səbəblərini araşdırırıq. Aşkarlanan pozuntuları Respublika Prokurorluğuna göndəririk. Prokurorluq lazımi tədbirləri görür. Əmək Müfəttişliyi belə yoxlamaları daim aparır. Məsələn, dünən daş karxanalarında yoxlamalardan sonra 2 karxananın müvəqqəti bağlanılması qərara alınıb. Karxana əmək şəraitini yaxşılaşdırandan sonra fəaliyyətini bərpa edə bilər”.

ƏMƏYİN MÜHAFİZƏSİ STATİSTİKADA VƏ REALLIQDA…
Hüquqşünas Azər Quliyev düşünür ki, Azərbaycanda istehsalat sahəsində ölən və xəsarət alanların sayı daha çoxdur. Amma onlar bir çox hallarda ya gizlədilir, ya da qeydə alınmır:

“Azərbaycanın indiki durumu Sovetlər dövründən heç də yaxşı deyil. Bunu bilmək üçün heç müəssisələrdə hər hansı yoxlamalara da ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Şəhərdə gedərkən “kaskasız”, kəmərsiz, xüsusi qoruyucu vasitələrdən istifadə olunmadan işləyənləri görmək mümkündür. Ən maraqlısı isə odur ki, belə hallar Dövlət Əmək Müfəttişliyinin yerləşdiyi binanın yaxınlığındadır. Amma hər hansı tədbirlər görülmür. Bakının mərkəzində binaların fasadların təmir və bərpası zamanı ən sadə təhlükəsizlik qaydalarına belə əməl olunmadığı görünürdü”.

Azər Quliyev əlavə edir ki, əməyin mühafizəsi deyərkən həm də işçilərin sağlam şəraitdə fəaliyyəti nəzərdə tutulur. Amma bu norma nəzərə alınmır deyə, bəzən işçilər sonradan hansısa xəstəliyə tutulurlar.

ƏMƏYİN MÜHAFİZƏSİNDƏ HÖKUMƏTİN STRATEGİYASI…
Ötən ilin sonlarında Azərbaycanda “əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Strategiyada aşağıdakı hallar nəzərdə tutulur:

  • Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi;
  • Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin;
  • Dövlət Əməyin Mühafizəsi Fondunun,
  • Əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması,
  • İş yerlərində təhlükəsizlik və sağlamlıq üzrə Avropa standartlarının qəbul edilməsi;

BMT-nin məlumatına görə dünyada istehsalat prosesində hər 15 saniyədən 153 bədbəxt hadisə baş verir və istehsalatda 1 işçi həlak olur.

XS
SM
MD
LG